Anası rus, atası yuristin azərbaycanlı dostları niyə susur?
Bizi izləyin

Nida.az

Anası rus, atası yuristin azərbaycanlı dostları niyə susur?

Anası rus, atası yuristin azərbaycanlı dostları niyə susur?

Vladimir Jirinovski: O, Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının üzvüdür. Rəsmi olaraq onu belə çağırırlar. Lakin təqdimetmədə nə qədər böyük görünsə də, siyasətdə- Jirinovski sanki saraylarda kralların bəzən öz əyanlarını ələ salmaq üçün istifadə etdikləri təlxək obrazındadır. Dünya, xüsusən MDB siyasətində onun kimi adamlar çox olur . İndi Jirinovski kimin təlxəyidir, onu deyə bilmərik. O məlumdur ki, siyasi populist çıxışları ilə gündəmə gələn bu şəxs ciddi qəbul edilmir.

Krım böhranının ən qızğın vaxtında Jirinovski “Qarabağ da Rusiyaya birləşməlidir” açıqlamasını irəli sürdü. Gülməli idi, elə gülməli olduğuna görə də Azərbaycandan bir sıra siyasətçi, millət vəkili bunu gülərək təlxəklik adlandırdı.Amma Jirinoviskinin Azərbaycana, eləcə də Türkiyəyə qarşı belə çıxışları saysız hesabsızdır.

Misal üçün, o, 1993-cü ildə partiyasının qurultayında dünya türkləri ilə bağlı deyir: “Başlarına belə bir şey gəlməyini istəmərəm, amma türklərin hamısı dünyadan yox olsa dünya heç nə itirməz”.

10 il sonra, 2003-cü il dünya ermənilərinin birinci qurultayında çıxış edən Jirinoviski erməni və yəhudi lobbisini bir xeyli öydükdən sonra bildirir: “Türkiyə torpaqlarının böyük bir hissəsi tarixi erməni torpaqlarıdır. Türkiyə Ağrı Dağının ermənilərə qaytarmalıdır və bunun üçün təzminat ödəməlidir. Türkiyənin ermənilərə yüz milyardlarla borcu var, Türkiyəni tamamilə soyacağıq. 15 il sonra Ağrı dağında erməni bayrağı asılacaq”.

Eyni səpkili çıxışlarını Azərbaycana qarşı da qızğınlıqla deyən Jirinovski Macarıstanda onu təhqir edən erməni zabitini öldürdüyü üçün həbsdə olan Ramil Səfərovun rəsmi Bakının səyi nəticəsində azadlığa çıxmasına qarşı çıxış edərək bildirir ki, erməni xüsusi xidmət orqanları hücuma keçməlidir: “Elə etməlidir ki, bundan sonra Azərbaycan belə addımlar ata bilməsin. Nümayişlərlə heç nə etmək olmaz. Burda erməni və rus xüsusi xidmət orqanlarının üzərinə vəzifə düşür. Bir erməni qarşılığında ən zəngin beş azərbaycanlı məhv edilməlidir. Görək nə edə edəcəklər?”.

Onun məhz bu çıxışına görə rəsmi Bakı Kremlə nota vermişdi.Jirinoviskinin çıxışlarından da onun dünya türklərinin bir düşməni olduğu görünür, heç özünün də bunu gizlətmək niyyəti yoxdur. Siyasi kulislərdə daha çox “Kremlin təlxəyi” adı verilən Jirinoviski bütün bu çıxışlarını millətçiliyi ilə əlaqələndirir. Amma maraqlıdır ki, o, adında "liberal" sözü olan partiyaya rəhbərlik edir. Bu paradoks elə Jirinoviskinin özü qədər gülməlidir.
Bununla yanaşı, onu nə qədər rus millətçisi hesab etmək məsələni də sual altındadır. Çünki o, milliyyətcə rus deyil. Özü deyir: “Anam rus, atam hüquqşünasdır”.

Yəni dolayısı ilə atasının kim olduğu məlum deyil. Bəzi mənbələrdə atasının yəhudi olduğu deyilir, hətta itmiş qohumlarının ardınca İsrailə qədər getmişdi. Halbuki soyadını dəyişdirərək Jirinoviski etməsinə səbəb yəhudilikdən qaçması idi. Belə ki, əsl adının Vladimir Volfoviç Eidelşteyn olduğu, özünün polyak yəhudisi olduğu deyilir, bu hər nə qədər şübhə doğursa da. Bu addan razı olmayan Vladimir soyadını ruslara bənzəmək üçün Jirinoviski olaraq dəyişdirir. Çünki sovet Rusiyasında yəhudilərə münasibət birmənalı deyildi. İllərlə yəhudi olduğunu rədd edir, amma dediyimiz kimi itmiş yaxınları üçün İsrailə qədər də gedir. Jirik belə Jirikdir.

Onun türklərə qarşı düşmənçilik mövqeyi isə bəzi qaranlıq məlumatlara görə, heç də millətçiliyi ilə əlaqəli deyil. Söhbət şəxsi nifrətdən gedir. Jirinoviskinin adı siyasi aləmdə 1970-ci illərdə eşidilməyə başlayır. Həmin dövrdə onu Türkiyədə həbs edirlər. Səbəb tələbələr arasında qeyri-qanuni olaraq marksizmi təbliğ etməsidir. Yeri gəlmişkən, Jirinoviski universiteti türk dili və ədəbiyyatı ixtisası üzrə bitirib, türk dilini yaxşı bilir.

Onun həbsi haqqında gəzən söz-söhbətlər birmənalı deyil. Xüsusən də həbsxanada başına heç də yaxşı olmayan şeylərin gəldiyi deyilir. Məhz o vaxtdan Jirinoviskinin türklərə qarşı nifrəti yaranır. Görünür bu qədər nifrətin yaranmasına səbəb olan şey Jirinoviski üçün ömrü boyu unutmayacağı bir şeydir.

Daha bir maraqlı detal isə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin ona olan münasibətidir.
Jirinoviski 1990-cı illərdə Azərbaycana gəlib Heydər Əliyevlə görüşmək istəyir. Heydər Əliyev isə ciddi şəxs olmadığına görə onu qəbul etmir. Jirinoviskinin nifrətinin əsasında dayanan səbəblərdən biri də budur.

Məsələnin digər tərəfi,- bizə ən çox bu toxunur- özlərini Rusiyadakı azərbaycanlıların baş bilənləri kimi təqdim edən Abbas Abbasov, Söyün Sadıqov, Araz Ağalarov kimilərin Jirinoviskini nə üçün susdurmamasıdır. Bu ,bir yana, heç olmasa bir dəfə də olsun bu şəxsə Azərbaycana və azərbaycanlılara qarşı davranışlarına görə bircə kəlmə söz belə deməyiblər. Axı, 2005-ci ilə seçkilərində Putinə qarşı olan bir sıra siyasətçilərin, siyasi blokların ləğv edilməsinə səbəb məhz bu azərbaycanlıların etirazı olmuşdu. O zaman Söyün Sadıqov da daxil olmaqla bir çoxu bu siyasi blokların Rusiyada yaşayan azərbaycanlılara qarşı nalayiq mövqe tutduqlarına görə etiraz etmişdilər. İndi nə üçün eyni mövqe tutulmur?

Təbii ki, hər kəsə Söyün Sadıqovun Jirinoviski ilə dostluq münasibətləri bəllidir. Bu münasibətlər, eləcə də Kremlin öz “sevimlisinin” xətrinə dəymək istəməməsi lazım olanda ağsaqqal olaraq ortaya çıxan soydaşlarımızın ağzını bağlayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm