Nida.az
"Azərbaycan dinamik inkişaf templərini saxlaya bilib"
"Bu gün biz Nazirlər Kabinetinin iclasında 2014-cü ilin birinci rübünün iqtisadi və sosial yekunlarını müzakirə edəcəyik. Xatırlayıram, 2013-cü ilin yekunlarını müzakirə edərkən mən bildirmişdim ki, əminəm 2014-cü il də iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olacaqdır və ilin üç ayının yekunları bunu təsdiqləyir. Azərbaycan dinamik inkişaf templərini saxlaya bilmişdir".
Bunu aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər
Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında giriş nitqində deyib.
İlham Əliyev bildirib ki, ölkəmiz bütün sahələrdə uğurla irəliyə
gedir. İqtisadiyyat 2,5 faiz artmışdır: "Hesab edirəm ki, bu, yaxşı
göstəricidir. Ümumi daxili məhsulumuzun strukturu da yaxşılaşır.
Əlbəttə ki, son illərdə bizim üçün iqtisadi inkişafı göstərən əsas
göstərici qeyri-neft sektorunun parametrləridir. Keçən ildə olduğu
kimi, bu il də biz bu sahədə sürətli inkişafa nail ola
bilmişik.
Keçən il qeyri-neft sektorumuz 10 faiz, bu ilin birinci rübündə isə
8,8 faiz artmışdır. Əlbəttə ki, bu artım son illərdə Azərbaycanda
aparılan islahatların nəticəsidir. İqtisadiyyatla bağlı aparılan
siyasət bizi bax bugünkü reallığa gətirib çıxarmışdır.
İqtisadiyyatın şaxələndirilməsi bizim əsas prioritetimizdir. Hesab
edirəm ki, biz buna nail ola bilmişik. Çünki artıq uzun müddət
ərzində qeyri-neft sektorumuz sürətlə artır.
Hesab edirəm ki, biz sosial məsələlərin həllində də siyasətimizi
düzgün istiqamətdə aparırıq. Bu siyasət artıq illər ərzində
aparılır və sınaqdan çıxmışdır. Əhalinin pul gəlirləri 4,5 faiz
artmışdır. İnflyasiya isə cəmi 2 faiz təşkil edir. Beləliklə,
həmişə olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox
üstələyir. Bu da insanların sosial məsələlərinin həlli üçün əsas
şərtdir. Eyni zamanda, bu, Azərbaycanda iqtisadi və sosial
islahatların düzgün istiqamətdə aparılmasını göstərir. Çünki köklü
iqtisadi islahatlar, eyni zamanda, çox ciddi sosial proqramlarla da
təmin edilməlidir".
Prezident qeyd edib ki, kənd təsərrüfatında artım 3 faizdən bir
qədər çoxdur. Bu da müsbət hal kimi qiymətləndirilə bilər: "Əminəm
ki, gələcək illərdə görüləcək əlavə tədbirlər nəticəsində biz bu
sahədə daha da böyük rəqəmlər görəcəyik.
Bizim valyuta ehtiyatlarımız artır və birinci rübdə xeyli
artmışdır. Hazırda valyuta ehtiyatlarımız 53 milyard dollar təşkil
edir. Bu, çox böyük rəqəmdir. Xüsusilə ölkəmizin əhalisini nəzərə
alsaq görərik ki, bu göstərici üzrə adambaşına düşən valyuta
ehtiyatlarına görə Azərbaycan dünyada qabaqcıl ölkələr arasındadır.
Ən önəmli məsələ ondan ibarətdir ki, baxmayaraq, bizim böyük
investisiya proqramlarımız icra edilir, valyuta ehtiyatlarımız
azalmır, ildən-ilə artır. Bu da bizim siyasətimizdir. Mən bunu
dəfələrlə bəyan etmişəm ki, biz əlbəttə, iqtisadiyyatımızın,
sahibkarlığın inkişafı, infrastruktur layihələrinin icrası üçün öz
maliyyə imkanlarımızdan istifadə etməliyik, eyni zamanda, valyuta
ehtiyatlarımız da ildən-ilə artmalıdır.
Bu gün bizim təcrübəmiz, vəsaiti iqtisadiyyatın real sektoruna
yönəltmək, investisiyaları cəlb etmək və infrastruktur layihələrini
icra etmək siyasətimiz hesab edirəm ki, dünya miqyasında artıq bir
nümunə kimi qəbul edilir.
Çünki vaxtilə bu siyasətdə müxtəlif fikirlər var idi. Bəzi
beynəlxalq maliyyə qurumları bizə başqa məsləhətlər verirdi, başqa
tövsiyələr irəli sürülürdü. Ancaq biz öz siyasətimizi düzgün
aparmışıq. Ölkəmizi inkişaf etdirmək, güclü potensial yaratmaq və
qeyri-neft sektorunun inkişafı üçün biz valyuta ehtiyatlarımızdan
çox səmərəli şəkildə istifadə etdik.
Eyni zamanda, bizim çox güclü maliyyə vəziyyətimiz müstəqil
siyasətimizi şərtləndirir. Çünki iqtisadi cəhətdən azad olan, heç
kimdən asılı olmayan ölkə beynəlxalq aləmdə öz sözünü daha da
qətiyyətlə deyə bilir".
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın əsas iqtisadi
parametrləri çox müsbətdir: "Bu mənzərə gələcəyə də nikbinliklə
baxmaq üçün imkan verir. Mən əminəm ki, ilin sonuna qədər bu
inkişaf templəri davam edəcək və biz 2014-cü ili də böyük uğurlarla
başa vuracağıq.
Əhalinin banklarda əmanətləri 20 faizdən çox artmışdır. Bu da çox
müsbət göstəricidir. Bu, ilk növbədə onu göstərir ki, insanların
maddi vəziyyəti yaxşılaşır. Digər tərəfdən, bu hal banklara inamın
təzahürüdür. Eyni zamanda, bu, imkan verir ki, banklarımız
ölkəmizin iqtisadi inkişafında daha da fəal iştirak etsinlər və
əvvəlki toplantılarda dediyim kimi, iqtisadiyyatın real sektoruna
daha çox kredit resurslarını yönəltsinlər. Çünki belə olan halda
işlərimiz daha da sürətlə gedəcəkdir.
Biz bu ilin birinci rübünün cəmi iki ayı ərzində Azərbaycanda böyük
bir sosial təşəbbüsün icrasını müşahidə edirik. Əhalinin
dispanserizasiya proqramı icra edilir. Bu, sırf sosial məna daşıyan
bir layihədir. Bu layihənin icra edilməsi üçün əlbəttə ki, ilkin
şərtlər olmalı idi. O da ondan ibarətdir ki, müasir avadanlıq,
müasir tibb mərkəzləri olmalıdır ki, bunları da biz son illər
ərzində bütün ölkə üzrə yaratmışıq. Belə olan halda ən müasir
avadanlıqdan istifadə edərək müayinədən keçmək üçün ölkəmizin hər
bir yerində imkan vardır. Qısa müddət ərzində - cəmi iki ayda dörd
milyon insan bu müayinədən keçib. Hesab edirəm ki, bu təşəbbüs hər
il göstərilməlidir və bu, daimi proses olmalıdır.
Mən son illərdə, müxtəlif bölgələrdə yeni xəstəxanaların
açılışlarında, görüşlər əsnasında bir fikri dəfələrlə vurğulamışam
ki, hər bir insan ildə bir dəfə müayinədən keçməlidir. Şadam ki,
artıq vətəndaşlar da buna müsbət reaksiya verirlər. Çünki bu, ilk
növbədə onlar üçün lazımdır, hər bir insan üçün lazımdır. Bu gün
Azərbaycanda müasir tibbi avadanlıqlar var ki, istənilən müayinəni
aparmaq mümkündür. Yəni, hesab edirəm ki, bu, sosial siyasətimizin
tərkib hissəsi olan çox önəmli bir təşəbbüsdür. Şadam ki, bunu biz
icra edə bilirik".
İlham Əliyevin sözlərinə görə, birinci rübdə orta əməkhaqqı
təxminən 7 faiz artmışdır: "Bu gün Azərbaycanda orta əməkhaqqı 430
manat, yəni 550 dollar səviyyəsindədir. Əməkhaqqı ildən-ilə artır
və artacaqdır. Gələcəkdə görüləcək işlər, iqtisadi inkişaf,
neft-qaz sektorunun inkişafı sayəsində, eyni zamanda, maaşların və
pensiyaların qaldırılması nəticəsində orta əməkhaqqı və orta
pensiya daha da artmalıdır, artacaqdır.
İlin birinci rübündə regionların sosial-iqtisadi inkişafına dair
üçüncü Dövlət Proqramı qəbul edildi. Biz ikinci Proqramın
yekunlarını fevral ayında müzakirə etmişik. Üçüncü Proqramın qəbul
edilməsi əminəm ki, qalan sosial və iqtisadi məsələlərin növbəti
beş il ərzində həlli üçün bizə böyük dəstək olacaqdır. Bu da
əvvəlki proqramlar kimi çox müfəssəl bir sənəddir. Proqramda bütün
məsələlər öz əksini tapıbdır. Hər bir rayon üzrə konkret vəzifələr,
tapşırıqlar vardır. Təbii ki, icra mexanizmləri, maliyyə resursları
da bu Proqramı dəstəkləyir. Əminəm ki, 2018-ci ilə qədər bu
Proqramın icrası nəticəsində bölgələrdə əsas sosial infrastruktur,
iqtisadi məsələlər öz həllini tapacaqdır.
Eyni zamanda, Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı
Proqramı qəbul edilib. Bu Proqram 2016-cı ildə başa çatacaqdır. O
vaxta qədər Bakının qəsəbələrində bütün infrastruktur layihələri
icra ediləcəkdir. Qazlaşdırma tam axıra çatdırılacaqdır, elektrik
enerjisi ilə təminat daha da yaxşı olacaqdır, içməli su,
kanalizasiya, kənd yollarının tikintisi layihələri icra
ediləcəkdir. İş yerləri açılacaq, məktəblər, xəstəxanalar, tibb
məntəqələri tikiləcəkdir. Yəni, hər bir qəsəbədə bu proqram öz
nəticəsini göstərəcəkdir".
Prezidentin fikrincə, bütövlükdə birinci rübdə sosial
infrastrukturun yaradılması istiqamətində də önəmli addımlar
atılıb: "Bu, artıq daimi bir prosesdir. Hələ ki, bu sahədə görüləsi
işlər çoxdur. Baxmayaraq ki, 2 mindən artıq məktəb, 500-dən çox
xəstəxana tikilib, yenə də buna ehtiyac vardır. Çalışmalıyıq ki,
2018-ci ilin sonuna qədər bu sahədə də bütün təmir-bərpa və tikinti
işlərini yekunlaşdıraq ki, sosial infrastruktur tamamilə
yenilənsin".
Dövlət başçısı bildirib ki, birinci rübdə sahibkarlığın inkişafı
istiqamətində əlavə tədbirlər görülmüşdür: "Biznes mühitinin
yaxşılaşdırılması üçün çox önəmli Sərəncam imzalanmışdır. Bu
Sərəncamın icrası bizə imkan verəcək ki, həm Dünya Bankının "Doing
Business" reytinqində yerimizi daha da yüksəklərə qaldıraq. Eyni
zamanda, ən önəmlisi ondan ibarətdir ki, Azərbaycanda biznes
mühitinin yaxşılaşdırılması üçün biz əlavə addımları ataq. Bu, deyə
bilərəm ki, bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Bu
gün ölkə iqtisadiyyatının mütləq əksəriyyəti özəl sektorda
formalaşır. Özəl sektor gələcəkdə Azərbaycan iqtisadiyyatının
inkişafını təmin edəcəkdir. Biznes mühitinin yaxşılaşdırılması,
yerli və xarici investorlar üçün daha da əlverişli vəziyyətin
yaradılması daim diqqət mərkəzindədir. Əminəm ki, mənim
Sərəncamımda nəzərdə tutulan müddəaların icra edilməsi nəticəsində
biz bu sahədə daha da yaxşı nəticələr əldə edəcəyik.
Bütövlükdə sahibkarlıqla bağlı məsələlər Azərbaycanda uğurla həll
edilir. Ölkəmizdə investisiya iqlimi çox müsbətdir. Birbaşa xarici
sərmayələrin qoyuluşuna görə Azərbaycan MDB məkanında liderlik
rolunu saxlayır. Şadam ki, daxili investisiyalar artıq bir neçə
ildir ki, xarici investisiyaları üstələyir. Çalışmalıyıq ki, ölkə
iqtisadiyyatına qoyulan vəsait artsın və bu vəsait bizim iqtisadi
siyasətimizlə tam uzlaşsın.
Çünki xarici investorların təbii ki, öz maraqları ola bilər və
vardır. Ölkəmizin də öz maraqları vardır. Biz bunları bir-biri ilə
bağlamalıyıq, bağlayırıq. Bugünkü Azərbaycan artıq dünya miqyasında
biznes aparmaq üçün çox gözəl ölkə kimi tanınır".
İlham Əliyevin sözlərinə görə, təsadüfi deyil ki, aparıcı maliyyə
qurumlarının reytinqlərində Azərbaycanda iqtisadi islahatlarla
bağlı çox müsbət rəy vardır: "İqtisadiyyatımızın
rəqabətqabiliyyətliliyi artır. Aparıcı reytinq agentlikləri bizim
kredit reytinqlərimizi yüksək səviyyədə saxlayır. Biz bu gün xarici
maliyyə bazarlarından istənilən məbləğdə vəsait cəlb edə bilərik və
bunu artıq bu yaxınlarda etmişik. Çox məhdud sayda etmişik. Ancaq
tələbat və ya sifariş təklif etdiyimiz imkanlardan təqribən 4-5
dəfə artıq olmuşdur. Biz ən məqbul şərtlərlə əlavə maliyyə
resursları cəlb etmişik.
Bizim maliyyə vəziyyətimiz, ümumiyyətlə, belədir ki, beynəlxalq
bazarlardan istənilən məbləğdə limitsiz, məhdudiyyətsiz, kredit
resursları ala bilərik. Sadəcə olaraq, bunu böyük dərəcədə etmirik.
Çünki buna ehtiyac yoxdur. Ancaq bu gün Azərbaycan xarici borcun
səviyyəsinə görə, deyə bilərəm ki, dünyada aparıcı yerlərdədir.
Xarici borc ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Bu,
dünya miqyasında bəlkə də ən aşağı göstəricidir, bəlkə onlardan
biridir.
Bir sözlə, bu gün bizim öz maliyyə imkanlarımız vardır. Onları biz
yaratmışıq, gərgin iş, düşünülmüş siyasət nəticəsində, enerji
sektorunun inkişafı sayəsində. Eyni zamanda, biz bu gün istənilən
məbləği ölkə iqtisadiyyatına cəlb edə bilərik. Ancaq bir daha demək
istəyirəm və hesab edirəm ki, xarici borcumuzun ümumi daxili
məhsulumuzda səviyyəsi bir rəqəmlə ölçülməlidir. Bu gün bu, 8
faizdir. Yəni, bu səviyyədə qalsa, hesab edirəm ki, gələcək üçün də
və imkanlarımızın genişlənməsi üçün də bu, məqbul bir
səviyyədir".
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO