• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bu sözlər Sərdar Cəlaloğlu və Arif Hacılını çox əsəbləşdirəcək

  • Nida.az
  • 8 May 2014 17:50
  • 956 Baxış
Bu sözlər Sərdar Cəlaloğlu və Arif Hacılını çox əsəbləşdirəcək

“Sərdar Cəlaloğlu növbəti dəfə özünün mənəvi və əxlaqi keyfiyyətlərini, diskussiya aparmaq mədəniyyətinin səviyyəsini nümayiş etdirib”.

Bu barədə BAXCP sədrinin müavini Elçin Mirzəbəyli Publika.Az-a açıqlamasında deyib.

E. Mirzəbəyli qeyd edib ki, BAXCP sədri Qüdrət Həsənquliyevin müsahibəsində Qarabağ probleminin həlli və Rusiya ilə bağlı yer alan fikirlərin kifayət qədər aydın olduğuna, bu aydın fikirləri anlaya bilməyənlər üçün isə dəfələrlə daha sadə şəkildə izahatların verilməsinə baxmayaraq, Sərdar Cəlaloğlu və onunla eyni düşüncəni, əxlaqı paylaşanlar ittihamlarından əl çəkimirlər: “Bu isə sübuta yetirir ki, BAXCP sədrinin müsahibəsində yer alan və çağdaş geosiyasi reallıqları əks etdirən fikirlər bu adamlar üçün sadəcə bir bəhanədir. Mən qana bilənlər və qanmaq istəyənlər üçün bu məsələyə bir daha aydınlıq gətirmək istəyirəm. Nə BAXCP sədrinin müsahibəsində, nə də partiya funksionerlərinin açıqlamalarınra rus qoşunlarının Azərbaycana dəvət olunmasından söhbət getmir və getməsi də mümkün deyil. Biz açıq şəkildə bəyan etmişik ki, Rusiya Dağlıq Qarabağ problemində tərəfdir, işğalın arxasında dayanan, işğala son qoyulmasına mane olan qüvvədir və danışıqları da idarə olunan Ermənistanla deyil, idarə edən Rusiya ilə aparmaq lazımdır. Əgər Rusiya Azərbaycan torpaqlarının azad edilməsi istiqamətində öz üzərinə öhdəlik götürərsə və bu istiqamətdə konkret addımlar atarsa, Azərbaycan torpaqları son qarışınadək işğaldan azad olunarsa, yalnız bundan sonra Rusiyanın Azərbaycan ərazisində təxminən Qəbələ RLS kimi bir bazasının yerləşdirilməsinə razılıq verilməsi barədə düşünmək olar. İndi kimsə bunu rus qoşunlarının Azərbaycana çağırılması kimi təqdim etmək istəyirsə, deməli bu məqsədyönlü xarakter daşıyır və bizim qərəzli adamlar qarşısında onların sərsəm fikirlərinə münasibət bildirmək kimi bir öhdəliyimiz yoxdur. Bəziləri deyirlər ki, Rusiya indiyədək öz üzərinə götürdüyü heç bir öhdəliyə əməl etməyib və bundan sonra da etməyəcək. Çox əcəb, etməyəcəksə, deməli vəziyyət indiki kimi qalacaq. BAXCP sədrinin müsahibəsində tamamilə aydın şəkildə qeyd olunur ki, öncə Azərbaycan torpaqları işğaldan azad olunmalıdır. Bir başqaları da bildirirlər ki, Rusiyanın bu şərtlərlə razı olması mümkün deyil. Bu da çox məntiqsiz bir narahatlığın ifadəsidir. Aydındır ki, Rusiya razı olmayacaqsa, o zaman bu ehtimalların heç biri baş tutmayacaq. Deməli bəzilərinin vay-şivən qoparmaları, üz-gözlərinə əl atmaları əsassızdır”.

BAXCP sədrinin müavini Sərdar Cəlaloğlunun partiyanın ünvanına səsləndirdiyi təhqiramiz fikirlərə də münasibət bildirib: “ADP sədrinin leksikonunu bəzəyən “qələt” sözü ərəbcədən tərcümədə səhv anlamına gəlir. Lakin Azərbaycan cəmiyyətində bu söz təhqiramiz bir ifadə kimi qəbul olunur. Biz hər hansı bir səhvə yol vermədiyimiz və millətimizin maraqlarından çıxış etdiyimiz üçün belə qəzəbli ifadələrdən narahat olmuruq. Amma düşünürük ki, Sərdar Cəlaloğlunun davranışlarına tərtəmiz Azərbaycan dilində olan məlum bir söz daha çox yaraşır. Bu sözü adətən başından böyük qələt eləyənlərə deyirlər...”.

E. Mirzəbəyli bildirib ki, Sərdar Cəlaloğlunun BAXCP-nin guya Konstitusiya əleyhinə çağırış etdiyi barədə mülahizələri də cəfəngiyatdan başqa bir şey deyil: “ADP sədri görünür Azərbaycan Konstitusiyasını yaxşı oxumayıb, yaxud hüquqi məntiq onun formalin qoxuyan nəzəriyyələri ilə ziddiyyət təşkil edir. Azərbaycan ərazisində bu yaxınlara kimi Rusiyanın hərbi bazası mövcud idi və bu Rusiya ilə imzalanmış ikitərəfli müqavilə ilə tənzimlənirdi. Həmin hərbi baza da Konstitusiyaya zidd olduğuna görə yox, icarə haqqına görə ləğv olundu. Azərbaycan Konstitusiyasında dövlətin ərazi bütövlüyünün qorunması və vətəndaşların təhlükəsizliyi ən ali hüquqi şərtlər kimi yer alır və biz də məhz bu hüquqi məntiqə söykənərək ehtimallarla çıxış edirik”.


Elçin Mirzəbəyli qənaətinə görə, Sərdar Cəlaloğunun PKK terror təşkilatının liderlərindən biri olan Dilanla görüşünə haqq qazandırması və bu məqsədlə uydurduğu süjet xətti ikrah doğurur: “Sərdar Cəlaloğlu iddia edir ki, PKK-nın ideoloji liderlərindən biri olan Dilanı inandırıb ki, onlar Azərbaycanda təxribat xarakterli hərəkətlər həyata keçirməsinlər. Görünür, Türkiyə hakimiyyətinin Sərdar Cəlaloğlunun bu fövqəladə istedadından xəbərləri yoxdur. Yoxsa onu dərhal İmralı adasına aparıb terrorçubaşı Öcalanla görüşdürərdilər. O da Türkiyədə çoxsaylı hökumətlərin həll edə bilmədiyi bir problemi çayxana söhbətləri ilə yoluna qoyardı. Bəlkə bu bu istedadından istifadə edib Sərdar Cəlaloğlu ermənilərlə də danışıqlara başlasın və onlar da başlarını aşağı salıb utana-utana çıxıb getsinlər torpaqlarımızdan. Yaxud elə Cəlaloğlunu BMT-nin baş katibi seçsinlər və dünyada həll edilməmiş bir münaqişə də qalmasın”.


BAXCP sədrinin müavini hesab edir ki, Sərdar Cəlaloğlunun bu günə qədər keçdiyi siyasi yol ona başqalarını, həm də tamamilə əsassız yerə ittiham etməyə imkan vermir: “Azərbaycan Avropa Şurasına üzvlüyə qəbul olunanda bu qurum qarşısında Dağlıq Qarabağ probleminin yalnız sülh yolu ilə həll ediləcəyinə dair götürülən öhdəliyə imza atanlardan biri də ADP idi və Sərdar Cəlaloğlu o zaman bu partiyanı idarə edən şəxslərdən biri kimi səsini də çıxarmamışdı. Sərdar Cəlaloğlu görünür çox şeyləri unudub. İran səfirliyinin binasından gecəyarısı çıxanda onu yaxalayan kameralardan üzünü gizlətməyi də, özünün, yaxın adamlarının və təmsilçilərinin BAXCP sədrinin otağı qarşısında boyunlarını büküb növbə gözləmələrini də yaddan çıxarıb. Amma biz nəinki bunları, dilə gətirmək istəmədiyimiz çox şeyləri yaddan çıxarmamışıq. Sərdar Cəlaloğlu unutmamalıdır ki, təəssübkeşlik, fədakarlıq kompleks bir anlayışdır. Öz doğma qardaşının təəssübünü çəkə bilməyən, hüquqlarını qorumağa cəsarət etməyən bir adam Vətənin, Millətin təəssübünü çəkə bilməz”.

Elçin Mirzəbəyli eyni məsələ ilə bağlı üstüörtülü atmacalarla çıxış edən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının ittihamlarına da cavab verib: “Azərbaycan parlamentində “bizim hakimiyyətə gəlməyimiz 9 dövlətlə razılaşdırılıb” kimi utanverici bir bəyanatla çıxış edən, rəngdən rəngə, dondan dona girən bir adamın ümumiyyətlə danışmağa mənəvi haqqı çatmır. Arif Hacılı görünür nəinki 22 il bundan əvvəli ən yaxın keçmişdə baş verənləri belə yaddan çıxarıb. Həbsxanadan yazdığı məktubları da həmçinin Milli Şuranın Rusiyanın layihəsi olduğunu deyən, ona qarşı ən ciddi ittihamlarla çıxış edən Arif Hacılının qısa bir müddətdən sonra elə həmin o Milli Şuranın çətiri altına keçməsi onun gerçək kimliyini nümayiş etdirir. Əlavə şərhə ehtiyac yoxdur...”.

BAXCP sədrinin müavini hesab edir ki, Qüdrət Həsənquliyevin müsahibəsində yer alan fikirlərin təhrif olunması məqsədyönlü xarakter daşıyır: “Bu adamların Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Azərbaycana qarşı apardığı iyrənc oyuna qarşı səslərini çıxarmağa cəsarətləri çatmır. Uorlik separatçıları danışıqlar prosesinə cəlb etmək üçün dəridən-qabıqdan çıxır, irəli sürdüyü təkliflərlə ölkəmizin suverenliyini şübhə altına alır, separatçılara hüquqi status və toxunulmazlıq vəd edir. Amma başqalarının fikirlərini təhrif edən bu qondarma vətənpərvərlərin səsi eşidilmir. Çünki kəndirlərini möhkəm çəkiblər. Biz ideya adamlarıyıq, onlar isə maraq adamları. Bu baxımdan belələrinin bizi başa düşməsi mümkün deyil”.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR