Erməni səfirinin yalanı ifşa edildi
Bizi izləyin

Nida.az

Erməni səfirinin yalanı ifşa edildi

Serbiyada çıxan “Svedok” jurnalında Ermənistan səfiri Qagik Qalaçyanın yalanı ifşa edilib.

Serbiyada çıxan “Svedok” jurnalında Ermənistan səfiri Qagik Qalaçyanın yalanı ifşa edilib.

Serbiyada çıxan populyar “Svedok” jurnalının 5 may tarixli nömrəsində Azərbaycanın Serbiya Respublikasındakı səfirliyinin inzibatçısı Rəşad Ağazadənin məqaləsi dərc edilib.

Müəllif yazır ki, Ermənistanın Serbiyadakı səfiri Qagik Qalaçyanın yaxın vaxtlarda dərc edilmiş müsahibəsini oxuyub. Qalaçyan həmin müsahibədə Serbiya-Ermənistan münasibətləri, Ermənistan-Azərbaycan münaqişəsi və Cənubi Qafqaz regionunda Türkiyənin rolu barədə söhbət açır.

Ağazadə öz məqaləsinə bu sözlərlə başlayır: “Mən siyasətçi deyiləm, diplomatik vəzifəm də yoxdur. Buna görə də Ermənistan ilə Serbiya arasında münasibətləri bir kənara qoyuram. Lakin Azərbaycanın və Ermənistanın yerləşdiyi regionun tarixini pis bilmirəm. Üstəlik, mən əminəm ki, diplomatik nümayəndə tarixə istinad etməzdən əvvəl onu yaxşıca öyrənməlidir. Faktları təhrif etməklə məşğul olmaq diplomatik nümayəndəyə yaraşmaz”.

R.Ağazadə daha sonra yazır ki, Ermənistan səfiri öz müsahibəsində Dağlıq Qarabağ regionunun guya “tarixən” Ermənistanın tərkib hissəsi olduğunu və 1918-ci ildə Azərbaycan dövləti yaradılandan xeyli əvvəl ermənilərin məskunlaşdığı bu regionun 1923-cü ildə İ.Stalin tərəfindən Azərbaycana verildiyini bildirir.

Müəllif Ermənistan səfirinin savadındakı boşluqları aradan qaldırmağa çalışaraq yazır: “Yəqin Ermənistan səfiri xatırlamır, bəlkə də sadəcə bunu bilmir, lakin onun Serbiyada təmsil etdiyi ölkə də respublika kimi 1918-ci ildə yaranıb. Həmin tarixə qədər “Ermənistan Respublikası” adlı dövlət olmamışdır. Buna görə də Ermənistan Respublikası ilə Azərbaycan Respublikası yaşıd hesab edilə bilər. Lakin bunu da əlavə etməliyəm ki, azərbaycanlıların dövlətçiliyi bundan əvvəl də mövcud olub. Məsələn, eramızdan əvvəl IV əsrdən ta eramızın VIII əsrinə qədər mövcud olmuş və həmin əsrdə ərəblər tərəfindən istila edilmiş Qafqaz Albaniyasını göstərə bilərəm. Paytaxtı əvvəlcə Qəbələ, sonra Bərdə (müasir Azərbaycanın eyni adlı şəhərləri) olan həmin dövlət müasir Azərbaycan Respublikasının ərazisini və müasir Ermənistan Respublikasının xeyli hissəsini əhatə edirdi. Onu da əlavə edim ki, Qafqaz albanları (Balkanlardakı albanlarla qarışdırmayın) Azərbaycan xalqının əcdadlarından biri olub. Başqa bir misal: 1145-1225-ci illərdə mövcud olmuş “Atabekan-i-Azərbaycan” adlı dövlətin paytaxtları bir-birinin ardınca Naxçıvan, Təbriz, Həmədan və Ərdəbil şəhərləri, hakim sülalənin banisi isə əslən Gəncə şəhərindən olan türk Eldəgiz idi. Bu dövlət Cənubi Azərbaycandan əlavə bugünkü Azərbaycan Respublikasının və bugünkü Ermənistan Respublikasının bütün ərazisini də əhatə edirdi. Beləliklə, “Azərbaycan” adlı dövlətin guya yalnız 1918-ci ildə yaranması iddiaları boş sözlərdir”. R.Ağazadənin bu istəyinə nə dərəcədə nail olmasını Qalaçyanın və ya onun əvəzinə öz-özünü ifşa edən opuslar uyduranların gələcək çıxışları göstərər.

Məqalə müəllifi Qalaçyana tarixin əlifbasını xatırladaraq yazır: “Sonradan Qaraqoyunlu, Ağqoyunlu, Oğuz, habelə Səfəvilər, Avşarlar, Qacarlar sülalələrinin hakimiyyətə gəldiyi bu ərazidə bir sıra başqa dövlətlər yaradılmışdır. Yalnız 1920-ci illərin əvvəlində İranda oğuz (oxu: Azərbaycan) sülalələrini farsdilli pəhləvilər sülaləsi əvəz etmiş, Araz çayından Şimalda isə Azərbaycan Respublikası yaradılıb”.

Bəs, elə həmin dövrdə Cənubi Qafqazdakı ermənilərin başına nələr gəlib?

Ağazadə haqlı olaraq yazır: “Heç nə!”. Tarixi tədqiqatlar göstərir ki, Cənubi Qafqaz ərazisində ilk erməni dövləti 1918-ci il mayın axırlarında yaradılıb. Əgər Rusiya imperiyası XIX əsrdən XX əsrin əvvəlinə qədər ermənilərin Cənubi Qafqaza köçürülməsinə şərait yaratmasaydı, Ermənistan Respublikasının yaranması da çox böyük sual altında olardı. Əminəm ki, Ermənistan arxivlərində ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə əlaqədar kifayət qədər sənəd vardır.
Cənubi Qafqazda “Ermənistan vilayəti” deyilən inzibati vahid ilk dəfə 1826-1828-ci illərin İran-Rusiya müharibəsindən sonra yaranıb. O vaxt Azərbaycanın tarixi xanlıqları, o cümlədən bu gün müasir Ermənistanın yerləşdiyi ərazilər Rusiya imperiyasının mülkiyyətinə keçib. Bunun ardınca imperator I Nikolay özünün 21 mart 1828-ci il tarixli fərmanı ilə Azərbaycanın Naxçıvan və İrəvan xanlıqlarını ləğv etmiş və onların yerində “Ermənistan vilayəti” adlanan yeni inzibati vahid yaradıb. O vaxta qədər bu ərazidə heç zaman belə bir inzibati vahid olmamışdı və o vaxtdan həmin ərazi Rusiya imperiyasının məmurları tərəfindən idarə edilirdi. 1840-cı ildə bu vilayət ləğv edilmişdir. 1849-cu ildə həmin vilayətin ərazisində İrəvan quberniyası yaradılıb”.

Ağazadə daha sonra ermənilərin Qafqaza köçürülməsi barədə yazır: “1828-ci ildə Türkmənçay müqaviləsinin və 1829-cu ildə Rusiya və Osmanlı imperiyaları arasında müharibəyə son qoymuş Ədirnə müqaviləsinin şərtlərinə əsasən, ermənilərin Cənubi Qafqaza və əsasən azərbaycanlıların məskunlaşdığı rayonlara kütləvi şəkildə köçürülməsi başlandı. Rus alimi Nikolay Şavrovun etiraf etdiyi kimi, təkcə 1828-ci ildən 1830-cu ilə qədər İrandan 40.000 və Osmanlıdan 84.000 erməni Cənubi Qafqaza köçürülmüş və onlar Yelizavetpol (o cümlədən Qarabağ) və İrəvan quberniyalarındakı ən yaxşı dövlət torpaqlarında məskunlaşdırılmışlar. Onlar həmçinin Tiflis quberniyasının Borçalı, Axalsixa və Axalkalaki qəzalarında yerləşdirilmişlər [...] Yelizavetpol quberniyasının dağlıq hissəsi və Göyçə gölünün sahilləri bu ermənilər üçün məskən olmuşdur [...] Krım kampaniyasından sonra bu ərazilərə yenidən müəyyən qədər erməni yerləşdirilir. 1877-1879-cu illərin Rusiya-Türkiyə müharibəsi bizə kiçik asiyalı köçkünlərin bütöv bir axınını bəxş etmişdir [...] Bundan sonra kiçik Asiyadan ermənilərin fasiləsiz axını başlayır. Onlar həm tək-tək, həm də ailəvi şəkildə köçüb gəlirdilər [...]”.
Ağazadə Ermənistan səfirinə xatırladır ki, Dağlıq Qarabağın statusu haqqında qərar Qalaçyanın dediyi kimi 1923-cü ildə deyil, 1921-ci ildə qəbul edilmişdir. Məhz 1921-ci il iyulun 5-də Rusiya Kommunist Partiyasının Qafqaz bürosunun (bu Bürö Qafqazda ali hakimiyyət orqanı idi) Dağlıq Qarabağın statusu haqqında qərar qəbul edilmişdir. Qərarda göstərilirdi ki, “[...]Dağlıq Qarabağ inzibati mərkəzi Şuşa şəhərində olmaqla, ona geniş muxtariyyət verilməklə Azərbaycan SSR hüdudlarında saxlanılsın [...]”.
Burada qeyd etməliyəm ki, Qafqaz Bürosunun qərarının mətnində Ermənistanın Serbiyadakı səfirinin dediyi kimi, “verilsin” yox, məhz “saxlanılsın” yazılıb. Aydın məsələdir ki, əvvəllər birisinə mənsub olmayan şeyi onda saxlamaq olmaz. Başqa sözlə desək, bu qərar rus dili və məntiq sahəsində elementar biliyi olan adam üçün o deməkdir ki, Qarabağ əvvəllər də Azərbaycana mənsub olub.
SSRİ dağılandan və keçmiş sovet respublikaları, o cümlədən Azərbaycan və Ermənistan özlərinin müstəqilliyini elan edəndən sonra xaricdəki erməni lobbisinin müəyyən hissəsi tərəfindən maliyyələşdirilən Ermənistanın rəhbərliyi Qarabağ regionu barəsində ərazi iddiaları siyasətini davam etdirmiş və Azərbaycana qarşı tammiqyaslı müharibəyə başlamışdır. Müharibə nəticəsində Ermənistan silahlı qüvvələri onun ərazisində dislokasiya edilmiş hərbi qruplaşmaların köməyi ilə Qarabağı və Azərbaycanın ona bitişik yeddi rayonunu işğal etmiş, azərbaycanlı əhaliyə qarşı soyqırımı törətmişlər. Bu ərazilər talanmış və viran edilmişdir. İşğal olunmuş ərazilərdə etnik təmizləmələr aparılmışdır. Nəticədə Ermənistanın özündə olduğu kimi, bu ərazilərdə də bircə azərbaycanlı belə qalmamışdır. Bir milyona yaxın azərbaycanlı köçkün və qaçqın vəziyyətinə düşmüşdür. Bu gün Ermənistan özünün rəsmi ideologiyası ucbatından dünyada yeganə monoetnik ölkədir.
Müəllif sözünə davam edərək yazır: “Burada mən bir maraqlı faktı qəzetin oxucuları ilə bölüşmək istərdim. Dünyada münaqişələrin özünəməxsus fərqləndirici xüsusiyyətləri olmasına baxmayaraq, qeyd etmək lazımdır ki, Qarabağ münaqişəsi başlayandan sonra separatizm hərəkatı Gürcüstana və Moldovaya, sonra isə Serbiyanın Kosovo diyarına yol tapmışdı. Başqa sözlə desək, erməni millətçilərin və separatçı qrupların məqsədyönlü fəaliyyəti domino effekti yaradıb”.

Beynəlxalq birliyin Qarabağ münaqişəsi barədə mövqeyi heç də erməni diplomatın təqdim etməyə çalışdığı kimi deyildir. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsinə cavab olaraq BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 nömrəli dörd qətnamə qəbul etmiş, həmin sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş və işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edib. Bundan əlavə, GUAM, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa Parlamenti, Qoşulmama Hərəkatı, NATO kimi beynəlxalq təşkilatlar da münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında tənzimlənməsi mövqeyini tuturlar. Bütün bunlardan sonra Azərbaycanın hərəkətlərinin BMT qətnamələrinə uyğun olmadığını demək sadəcə gülüncdür. Bu qətnamələr yalnız bir ölkəyə – Ermənistana qarşı yönəlib”.

Ağazadə daha sonra Ermənistan səfirinin yalanını ifşa edir. O yazır: “Ermənistan səfiri nahaq yerə, yalandan deyir ki, onun ölkəsinin mövqeyi beynəlxalq birliyin mövqeyi ilə üst-üstə düşür. Əsla! “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” bəndi hələ də BMT Baş Məclisinin (yeri gəlmişkən, 2013-cü ildə bu qurumda Serbiya nümayəndəsi sədrlik edirdi) gündəlikdədir. Ermənistan məhz beynəlxalq birlik tərəfindən göstəriləcək reaksiyadan ehtiyat edərək, elə özünün yaratdığı “dağlıq qarabağ respublikası” adlı separatçı qurumu tanımağa hələ də risk etməmişdir. Münaqişənin tənzimlənməsi məhz işğal olunmuş əraziləri azad etmək və azərbaycanlıların öz ərazilərinə qayıtmasına imkan vermək istəməyən Ermənistanın tutduğu mövqeyə görə düyünə düşmüşdür. ATƏT-in Minsk qrupu isə Ermənistanın münaqişənin dinc, ədalətli yolla tənzimlənməsinə razılaşması üçün, təəssüf ki, ona lazımınca təsir göstərə bilmir”.
Müəllif Ermənistan dövlətinin faşist ideologiyasının bütün qəbahətlərini ifşa edərək yazır: “Moldova ombudsmanı xanım Aureliya Qriqoriu ilə bağlı hadisə yadıma düşdü. Keçən il Qriqoriu Yerevanda insan hüquqlarına dair konfransdakı şıxışında Azərbaycan ərazilərinin işğal edilməsi, bu ərazilərdə azərbaycanlı əhaliyə qarşı törədilmiş vəhşiliklər və bununla əlaqədar beynəlxalq sənədlərin müddəalarının Ermənistan tərəfindən pozulması barədə danışmışdır. Bundan sonra onun başına nələr gəldiyini, Yerevanda olarkən hansı təzyiqlərə məruz qaldığını, o, dünya KİV-lərinə müsahibələrində ətraflı danışıb”.

Ağazadə Ermənistan səfirinin yalanlarını metodik şəkildə, dalbadal ifşa edir. Məsələn, yazır: “Aqressiv erməni millətçiliyinə və şovinizmə meydan oxumağa hər kəs cəsarət etmir. Yeri gəlmişkən, bu şovinizmdən serblər də əziyyət çəkmişlər. Bununla əlaqədar bircə faktı xatırlamağa dəyər: 1983-cü ildə ermənilərin ASALA terror təşkilatının nümayəndələri tərəfindən Türkiyənin Belqraddakı səfiri Qalib Balkara qarşı terror aktı törədilərkən onunla bərabər Serbiya vətəndaşları da həlak olmuşdu. Bundan sonra təəccüblü görünməməlidir ki, Ermənistanın yüksək vəzifəli bir məmuru vaxtilə Serbiyada yaşamış Soqomon Texliriyanı Ermənistanın xalq qəhrəmanı adlandırmışdır. Q.Qalaçyan fəxr edir ki, Texliriyan 1921-ci ildə Türkiyənin baş nazirini qətlə yetirmiş, sonra isə Almaniya məhkəməsi tərəfindən azad edilmişdir. Qalaçyan sanki eyham vurur ki, Texliriyan bəraət qazanmışdır. Əslində isə Almaniya məhkəməsi həmin qatili ona görə azad etmişdi ki, o, qətli affekt vəziyyətində və ya daha anlaşıqlı terminlə desək, anlaqsız vəziyyətdə törətmişdir. Başqalarını bilmirəm, lakin mən başqa ölkənin ali vəzifəli rəsmi şəxsinin qətlə yetirilməsinə görə anlaqsız bir adamı milli qəhrəman dərəcəsinə ucaltmazdım. Q.Qalaçyan bundan sonra da utanmadan azərbaycanlı zabit Ramil Səfərov tərəfindən törədilmiş qətli ermənifobiya kimi təqdim etmək istəyir. Əvvələn, R.Səfərov Azərbaycanda qəhrəman kimi qələmə verilməmişdir, ikincisi, o, törətdiyi cinayət əməlinə görə Macarıstan həbsxanasında on ilə yaxın cəza çəkmişdir. Nəhayət, R.Səfərov bu qətli onunla eyni kursda oxuyan erməni tərəfindən Azərbaycan xalqının və Azərbaycan bayrağının təhqir edilməsinin, habelə lap gənc yaşlarında doğma şəhərinin işğal edilməsinin, müharibədə yaxınlarını itirməsinin təsiri altında törətmişdir. Onun Azərbaycana ekstradisiya edilməsi isə Ermənistan səfirinin bixəbər olduğu Avropa və Azərbaycan qanunvericiliyinə tam müvafiq şəkildə həyata keçirilib”.

Azərbaycanlı opponent Qalaçyanı “mat” vəziyyətinə salaraq yazır: “Bakıda Ramil Səfərovun adını daşıyan metro stansiyası yoxdur, onun adına medal da təsis edilməmişdir. Amma Yerevanda nasist general Qaregin Njdenin adı metro stansiyasında əbədiləşdirilmiş, bu ölkədə “Qaregin Njde medalı” təsis edilmişdir. Digər hitlerçi general Dro da Ermənistanın milli qəhrəmanı dərəcəsinə ucaldılmışdır. Mən hələ məhkum edilmiş beynəlxalq terrorçular Varujan Qarabedyanı və Monte Melkonyanı demirəm. Maraqlıdır, görəsən, hitlerçilərə, o cümlədən sonralar Ermənistanda qəhrəman kimi qələmə verilənlərə qarşı müharibədə qanları axıdılmış serblər buna necə münasibət bildirəcəklər”.

Böyük qətiyyət nümayiş etdirən Ağazadə Ermənistan səfirinin növbəti yalanını ifşa edərək ona daha bir “qırmızı vərəq” göstərir: “Mən fikir vermişəm ki, Ermənistan səfiri coğrafiyanı da bilmir. Ermənistanın Türkiyə və Azərbaycan tərəfindən blokadaya alınmasından necə söhbət gedə bilər ki, Ermənistanın İran və Gürcüstanla coğrafi sərhədləri var və o, həmin sərhədlər vasitəsilə xarici aləmlə əlaqə saxlayır. Razıyam ki, Türkiyə Ermənistanla sərhədləri rəsmən bağlamışdır. Lakin Ermənistan buna tam layiqdir. Bu sərhədlər 1993-cü ildə, Qarabağ münaqişəsinin gedişində Ermənistan Azərbaycanın Kəlbəcər rayonunu işğal edəndən sonra bağlanmışdır. Yeri gəlmişkən, Kəlbəcərin işğal edilməsi ilə əlaqədar, 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurası 822 nömrəli qətnamə qəbul etmiş, həmin sənəddə “bütün işğalçı qüvvələrin Azərbaycanın bu rayonundan dərhal çıxarılmasını” tələb etmişdir. Ermənistan indiyə qədər öz qoşunlarını oradan çıxarmadığına görə həmin sənədin yerinə yetirilməsinə kömək etməyə çalışan Türkiyədən inciməyə dəyməz. Lakin eyni zamanda cənab səfirə məlumat kimi qeyd etmək istəyirəm ki, həmin “bacarıqlı erməni sahibkarlar” Türkiyədə işləyərək çörək pulu qazanır və öz ailələrini dolandırırlar. Səfirə təklif edərdim ki, uydurma erməni soyqırımı barədə danışmaq əvəzinə beynəlxalq münasibətlər nəzəriyyəsini oxusun, orada tam aydın şəkildə deyilir ki, dənizə çıxışı olmayan Ermənistan kimi dövlətlər öz qonşuları ilə münasibətlərini ərazi iddiaları siyasəti əsasında yox,beynəlxalq hüququn prinsip və normalarına, ilk növbədə suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət əsasında qurmağa sadəcə borcludurlar. Ermənistan isə bunu etmir və Türkiyənin, Azərbaycanın və Gürcüstanın ərazilərinə iddialarını davam etdirir”.

Ağazadə onu da xatırladır ki, 2014-cü il martın 27-də BMT Baş Məclisində Ukraynanın ərazi bütövlüyü barəsində qətnaməyə dair səsvermənin gedişində Ermənistan həmin qətnamənin qəbul edilməsinin əleyhinə səs vermişdir. Ermənistan nümayəndəsi səsvermə zamanı öz mövqeyini bununla əsaslandırmışdır ki, o, xalqların təyini-müqəddərat hüququnu daim əsas götürür və inanır ki, münaqişəni BMT Baş Məclisində qətnamələr qəbul edilməsi yolu ilə deyil, tərəflər arasında danışıqlar vasitəsilə tənzimləmək mümkündür.

Göründüyü kimi, Ermənistan beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini artıq neçənci dəfə bilərəkdən yanlış interpretasiya etmiş və beləliklə, beynəlxalq birliyin mövqeyinə qarşı çıxmışdır. Bununla da Ermənistan dünya ölkələrinin əksəriyyətindən fərqli fikir nümayiş etdirmişdir ki, bu da onun işğalçı siyasətini bir daha sübut edir.
Müəllif serbiyalı oxuculara müraciətlə Ermənistan təbliğat-təşviqat maşınının iş metodları barədə yazır: “Mən çox şübhə edirəm, görəsən Hitler qondarma “erməni soyqırımı” barədə danışırdımı? Lakin səfirin müsahibəsini oxuyandan sonra dəqiq bilirəm ki, erməni diplomatiyası Hitlerin təbliğat naziri Yozef Göbbelsin metodundan istifadə edir. Bu metodun formulu belə idi: Yalan nə qədər dəhşətli olsa, ona bir o qədər tez inanarlar”.

Sonda Ağazadə Ermənistan səfirini aşağıdakı suallarla “duelə” çağırır:

“Ermənistan səfirinə təklif edərdim ki, Serbiyada erməni saxtakarlıqlarını yaymaq əvəzinə aşağıdakı elementar addımları atsın:
Əgər Ermənistan səfiri həqiqətən hesab edirsə ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsinə dair qətnamələrini pozur, ona təklif edirəm belə bir bəyanatla çıxış etsin ki, Ermənistan beynəlxalq birliyin məsuliyyətli üzvü kimi münaqişənin BMT Təhlükəsizlik Şurasının bu qətnamələri əsasında tənzimlənməsinə çalışır.
Həmin qətnamələrin mətnlərini səfirliyin internet səhifəsində, əgər ümumiyyətlə belə səhifə varsa, dərc etsin.
Ermənistan səfiri izah etsin, nə üçün o, öz müsahibəsində bircə dəfə də deməyib ki, Ermənistan Kosovonun Serbiyanın tərkibinə qaytarılmasına tərəfdardır. Bəlkə Ermənistan bunun əleyhinədir?
Ermənistan səfiri “Dağlıq Qarabağ xalqı” deyəndə nəyi nəzərdə tutduğunu izah edə bilərmi və bununla əlaqədar BMT və ya ATƏT çərçivəsində qəbul edilmiş hər hansı rəsmi sənəd göstərə bilərmi ki, orada “Dağlıq Qarabağ xalqı”na istinad olsun? Əgər belə bir “xalq” varsa, onun əhalisinin 1/3 hissəsindən çoxu, yəni Azərbaycan icması haradadır?

Əgər Ermənistan qarşılıqlı etimadın möhkəmlənməsi tədbirlərinə həqiqətən hazırdırsa, onda o, Dağlıq Qarabağın erməni icmasının nümayəndələri ilə hazırda köçkün vəziyyətində olan, lakin hökmən Dağlıq Qarabağdakı evlərinə qayıdacaq və Azərbaycanın tərkibində yaşayacaq Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri arasında görüş təşkil olunmasında şəxsən mənə kömək etməyə razıdırmı?
Cavab gözləyirəm”!

Belə-belə işlər, Qagik Qalaçyan! Sizə şah və mat! /Azərtac/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm