Nida.az
Azərbaycanla Türkmənistan münasibətlərində yeni mərhələ
Bakıda təşkil olunmuş üçtərəfli görüş iki dövlət arasındakı fikir ayrılıqlarının, Xəzərin hüquqi statusunun həll olunmasına yol aça bilər.
Mayın 26-da Bakıda ilk dəfə Azərbaycan, Türkiyə, Türkmənistan xarici işlər nazirləri arasında görüş baş tutdu. “Qardaşyana” keçən görüşdə təbii olaraq, enerji, iqtisadiyyat məsələləri və əməkdaşlığın genişləndirilməsi təklifləri müzakirə olundu. Qeyd edək ki, bu görüşün keçiriləcəyi ilə bağlı fikirlər xeyli müddət idi, dolaşırdı. Azərbaycan–Gürcüstan–Türkiyə formatı baş tutduqdan sonra isə bu formatda da görüçün keçiriləcəyi barədə xəbərlər yayıldı. Yeni yaranan bu üçtərəfli ittifaqın adı çəkilən dövlətlər arasındakı münasibətlərdə yeni mərhələ başladacağı gözlənilir.
Məlumdur ki, Azərbaycanın Türkiyə ilə münasibətlərində demək olar, hər şey qaydasındadır. Tərəflər hər zaman münasibətlərin yüksək səviyyədə olduğundan danışır, istənilən sahədə əməkdaşlığın hər iki dövlət üçün uğurla və faydalı şəkildə inkişaf etdiyindən bəhs edirlər. Təəssüf ki, Türkmənistanla əlaqələr haqda bu sözləri demək mümkün deyil. Hər nə qədər də türklük, qardaşlıq, tarixi köklər, dil, din bağlılığı vurğulansa da, ortada anlaşılmaz, razılaşdırılmamış məsələlərin qaldığı faktı var. Belə durumun mövcud olduğu vaxtda baş tutan bu görüş xüsusilə, Azərbaycan-Türkmənistan münasibətlərinin yeni yazılan səhifəsi kimi qiymətləndirilir. Belə ki, artıq türkdilli dövlətlərin təmasları intensivləşir, vahid məqsədlərin müəyyənləşdirilməsi istiqamətində addımlar atılır və bu hədəflər hər üç dövlət üçün xüsusi önəm daşıyır. Aydın məsələdir ki, birgə layihələr reallaşdırmaqdan əlavə, təmsil olunduqları beynəlxalq təşkilatlarda, iştirak etdikləri konfranslarda eyni mövqedən çıxış etmək hər üç dövlət üçün əhəmiyyətlidir. Türkmənistanın siyasi cəhətdən müəyyən çətinliklərlə üz-üzə olması belə deməyə əsas verir ki, bu alyansın yaranması üç dövlətdən ən çox ona lazımdır.
Sirr deyil ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsində Azərbaycanla Türkmənistan arasında müşahidə olunan fikir ayrılığı uzun illərdir ki dəyişmir və Aşqabadla Bakının razılığa gələ bilmədiyi əsas məsələ olaraq qalmaqdadır. Ehtimal olunur ki, Türkiyənin dəstəyilə Bakıda belə görüş keçirilməsi iki Xəzəryanı türkdilli dövlətin arasında bununla əlaqəli yaranan fikir ayrılığının aradan götürülməsinə təkan verəcək. Ona görə də Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsində yaxın gələcək üçün müəyyən addımların planlaşdırıldığı ehtimal olunur. Bu kontekstdə, Xəzərin Türkmənistanla Azərbaycan sərhədində yerləşən mübahisəli neft yataqlarının birgə işlənə biləcəyinə də ümidlər artır.
Azərbaycan-Türkiyə-Türkmənistan üçlüyünün ortaq fəaliyyəti Xəzərin
enerji resurslarının cənub nəqliyyat dəhlizi ilə Avropaya daşınması
danışıqlarına da təkan verilə bilər. Uzun illərdir ki, bununla
bağlı aparılan danışıqlarda konkret nəticəyə gəlinməyib. Məlumdur
ki, müzakirələrin nəticəsinə təsir edən kənar faktorlar var. Bəzi
qüvvələr Azərbaycan-Türkmənistan arasındakı fikir ayrılığından
yaranmış fürsət kimi bəhrələnərək bu narazılığın daha da
alovlanması üçün əllərindən gələni etməkdədirlər. Ona görə də bu
görüş belə neqativ məqamlardan uzaqlaşmaq üçün atılan ilk uğurlu
addım hesab olunur. Qeyd edək ki, Xəzərin problemləri üzrə ekspert
Rüstəm Məmmədov “Kaspi”yə açıqlamasında deyib ki, uzun illərdir
Türkmənistan qeyri-konstruktiv yol tutub, əsassız iddialarla
danışıqları bir qayda ilə pozub. Bunun da nəticəsində bu günə kimi
Xəzərin statusunun müəyyənləşməsi məsələsi öz həllini tapmayıb:
“Regionda və dünyada baş verən proseslər göstərdi ki, bu məsələdə
Azərbaycanın mövqeyi daha düzgündür və sabaha hesablanmış
siyasətdir. Son hadisələr, o cümlədən xarici işlər nazirlərinin
Bakıda keçirilən görüşü həm də onu sübut edir ki, artıq
Türkmənistan reallığı dərk edib. Rəsmi Aşqabad başa düşür ki,
hazırda Ukraynada cərəyan edən hadisələrin bir ucu Rusiyaya gedib
çıxır. Sabah eyni hadisələr Türkmənistanda da baş verə bilər. Nə
vaxtsa hər hansı məsələ ilə bağlı türkmənlər də öz mövqelərini
bildirmək istəsələr və bu, Kremlin xoşuna gəlməsə, Ukrayna
ssenarisi Türkmənistanda təkrarlana bilər. Ona görə də Türkmənistan
Azərbaycanla danışıqları üstün tutsa, bundan daha çox qazanar,
nəinki uduzar. Bu, eyni zamanda Türkmənistan qazının Azərbaycandan
tranzit yolla keçərək Avropaya çatdırılmasını sürətləndirəcək,
türkmənlərin dövlət büdcəsinə əlavə gəlirlər gətirəcək”.
Digər bir məsələ var ki, Türkiyə Cümhuriyyəti türkdilli dövlətlərin
böyük qardaşı, bir növ himayəçisi hesab olunur. Amma nəzərə almaq
lazımdır ki, tək əl ağır yükü götürə bilməz. Ona görə də bu işdə
təkcə Türkiyənin gördüyü işi və digər türkdilli dövlətlərdən
seçilməsi faktorunu vurğulamaq kifayət deyil. Ortaya vahid
koordinasiya olunmuş iş qoyulmasa və digər dövlətlər sözündən
dönmədən bu yolda irəliləməsə, heç bir nəticənin hasil olmayacağı
aydın məsələdir.
İndi Azərbaycan və Türkmənistanın Türkiyənin iştirakı ilə yeni bir
formatda müzakirələr üçün imkan qazanması bu məsələnin də həlli
üçün ümidverici şərait yaradır. Görüşün hər üç dövlət üçün faydalı
hesab olunduğunu nəzərə aldıqda, gələcəkdə bu ölkələrin dövlət
başçılarının da görüşünün baş tutacağı ehtimal olunur. Əgər
hadisələr bu kontekstdə davam edərsə,
Azərbaycan-Türkiyə-Türkmənistan alyansının regionda əsas güclərdən
birinə çevriləcəyi şübhə doğurmur.
Kaspi.az
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR