Elçibəyə Qarabağ tələbi qoyan, Xomeyninin otağına silahla girən azərbaycanlı
Bizi izləyin

Nida.az

Elçibəyə Qarabağ tələbi qoyan, Xomeyninin otağına silahla girən azərbaycanlı

İran məmurlarının, ayətullahların içərisindəki azərbaycanlı olanlarda azərbaycançılıq hissələrini az görmüşəm. Olanlar da bunu gizlədiblər

Qərbi Azərbaycan vilayətinin (ostan) mərkəzi olan Urmiya şəhərinə kürdlərin köçürülməsi ilə bağlı yeni xəbərlər gündəmə gəlir . Türkiyənin PKK ilə əldə etdiyi anlaşmadan sonra ortaya çıxan Kürdüstan xəritələrində də bu vilayət məhz kürdlərin quracağı dövlət olaraq göstərilir. İranın prezidenti Həsən Ruhaninin ölkəyə rəhbərlik etməsindən sonra bu prosesin daha da sürətləndiyi haqqında informasiyalar yayılır. Bunları fonunda Urmiyada İran hökumətini9n yeni təyinatı da diqqətlərdən yayınmadı.

Söhbət Urmiya şəhərinin İmam cüməsi Höccətulİslam Qulamrza Həsənidən gedir. İran mediası yazır ki, Həsəni bölgədə kürd terrorizmi ilə mübarizədə qəhrəman adı qazanıb. Onun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı ölkə İmam Cümələri işləri üzrə şuranın rəisi deyib ki, Qərbi Azərbaycanda Vəliye- Fəqihin nümayəndəsi və Urmiyanın yeni İmam cüməsi bu həftə təqdim olunacaq: “Həftə içində Vəliye- Fəqihin Qərbi Azərbaycan üzrə nümayəndəsi və Urmiyanin İmam Cüməsi dəyişəcək. Biz bir çox şəxs barəsində düşündük, ancaq bu nəticəyə çatdıq ki, Seyid Mehdi Qureyşi bu posta təyin edilsin. Lakin hələlik onun hökmü təsdiqlənməyib”.
Seyidrza Təqəvi bu dəyişikliyi Höccətu-l-İslam Həsəninin xəstəliyi ilə əlaqələndirib və ona fəaliyyətinə görə təşəkkür də edib.

Qulamrza Həsəni: İran qəhrəmanı, yoxsa pantürkçülük təbliğatçısı

Son proseslərdə Həsəninin vəzifəsindən uzaqlaşdırılması nə dərəcədə xəstəliklə bağlıdır, bu müəmmalı məsələyə bənzəyir. Amma ümumiyyətlə Q. Həsəni kimdir sualı azərbaycanlılar üçün maraq doğurmaya bilmir.
Onun haqqında bir-birinə təzad informasiyalar var, amma azərbaycançı mövqeyindən çıxış etdiyini, xüsusilə bölgədə kürdləşdirmə prosesini dayandırdığını və kürd terrorizmi ilə mübarizə ad çıxartdığı haqqında danışılır. Misal üçün, Həsəni 3 il öncə-2010-cu ildə deyirdi: “Pankürdçülüyün qarşısında ancaq pantürkçülük dayana bilər. Kürd terrorçuluğuna qarşı güclü milli düşüncə gərəkdir”.

Bununla yanaşı onun İran hakimiyyətinin bölgədə millətləri qarşı-qarşıya qoymaq siyasətinin əsas aparıcısı olduğu da deyilir.İran mənbələrinə görə, Qulamrza Həsəni İranda “Molla Həsəni” kimi məşhurdur. İslam inqilabının ilk illərində kürdlərin Azərbaycana, xüsusilə Sulduz bölgəsinə silahlı hücumlarının qarşısında dayananlardan sayılır. O zaman Molla Həsəni və silahdaşlarının mücadiləsi nəticəsində islam inqilabına qarşı çıxan kürd terrorçuları geri çəkilsə də, o illərdə xeyli Azərbaycan türkü qətlə yetirilib.

Həsəni həmin olaylarla bağlı “Sulduz həmasəsi (qırğını-red)” adlı bir kitab da yazıb. O, kitabında yaraqlı kürdlərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən söz açaraq “Vəhşilik o həddə olub ki, bunu yazmaqla bitməz” deyə bildirib.

Q. Həsəninin vaxtilə mərhum prezident Elçibəyə çağırış etdiyini, qarşısında “kənara çəkil gəlib biz vuruşaq” tələbini qoyduğu deyilir. O, Qarabağ döyüşləri zamanı tez-tez ermənilərə qarşı qoşun çıxara biləcəyindən də danışırmış.

Oğlunu edam etdirib, sonra da...

Q. Həsəninin şəxsi həyatı da diqqət çəkəndir. İran mənbələrinə görə, o öz oğlunu məxfi polisə təslim edib və edamına şərait yaradıb. Belə ki,onun oğlu Rəşid Həsəni 1981-ci ildə İranda kommunist ideologiyasının daşıyıcılarından biri, Xalq Fədailəri Təşkilatının üzvü olub. Atası axtarışda olan oğlunun gizləndiyi yeri o vaxt yenicə yaranmış inqilab komitəsinə şəxsən xəbər verib. Nəticədə Rəşid Həsəni tutulub və az sonra bir neçə dəqiqəlik məhkəmə prosesinin qərarı ilə edam edilib. Hökm dərhal yerinə yetirilib.

Q. Həsəni isə sonradan bu əməlindən peşman olub. Mediaya açıqlamasında bildirib ki, oğlu cinayətkar deyildi, kommunizmə aludə olmuşdu, ona ömürlük həbs cəzası da verilə bilərdi.Q. Həsəninin üzərində həmişə tapança gəzdirdiyi deyilir. Onun İranın ali rəhbəri Əli Xamneyi ilə də isti münasibətləri var.

“Həsəni yeganə şəxs olub ki, Xomeyninin yanına silahlı girə bilirmiş”

Q. Həsəni ilə bir neçə dəfə görüşmüş Naxçıvan Muxtar Respublikasının Culfa rayonu icra hakimiyyətinin keçmiş başçısı Ramiz Tağıyev onu olduqca qoçaq adam kimi xarakterizə edib. Publika.Az –a danışan R. Tağıyev bildirib ki, Həsəni yeganə şəxs olub ki, Xomeyninin yanına silahlı girə bilirmiş: “O vaxt görüşdən özü də bu barədə danışırdı. Onun belə bir icazəsi var idi. Çox sərt, qoçaq, əqidəsi uğrunda dönməz bir insandır”.
Lakin R. Tağızadə Həsəninin azərbaycançılıq ideyalarına xidmət etməsi fikrini inkar edir. Onun sözlərinə görə, Həsəni İranda islam hakimiyyətinin əsas qəhrəmanlarındandır: “O əqidəsi, qanı, canı ilə İrana bağlıdır. O islam hakimiyyətinin yaşaması üçün hətta oğlundan belə keçib. Mən onu öz oğlunun ölüm hökmünə qol çəkmiş insn kiimi tanımışam. Mən onun Azərbaycanda qəhramanlaşdırlmasına qarşıyam”.

Həsəni Qarabağa qoşun çıxarmaq istəyirmiş, lakin bu...

R. Mehdiyev bildirib ki, Həsəni Azərbaycanla bağlı qeyri-adi çağırışlar verirmiş: “Azərbaycanda milli azadlıq mübarizəsi gedəndə o Naxçıvan televiziyasında çıxış edib. Bizim televiziyaya müsahibəsində rəqibləri, hətta kommunistlərə qarşı amansız olmağa, gözlərini çıxarmağa, əllərini kəsməyə çağırışlar edirdi. Mən açıq deyim ki, onun Azərbaycana sevgisini görməmişəm. Mən Culfada tutduğum vəzifəyə əsasən İrana tez-tez səfərlər edərdim. Həmin regionda Türkiyə ilə İranın müştərək qurduğu bazarın fəaliyyətini öyrənirdik. Həsəni ermənilərə qarşı da çağırışlar edirdi, Azərbaycan rəhbərliyinə kömək təklifləri olurdu, amma bu sözdən o tərəfə keçmirdi. Onu niyə bizim üçün qəhrəmana çevirmək istəyirlər bilmirəm. Ümumiyyətlə, İran məmurlarının, ayətullahların içərisindəki azərbaycanlı olanlarda azərbaycançılıq hissələrini az görmüşəm. Olanlar da bunu gizlədiblər. Bunu göstərməkdə çətinlik çəkiblər. Həsəni də Naxçıvanda olanda Azərbaycanla bağlı bir neçə fikir söylədi ki, bu sonradan rezonans doğurmuşdu. Amma o vaxt Naxçıvana səfər edən İran rəhbərlərinin əksəriyyəti belə çıxışlar edirdi. Hamısı pafoslu danışıqlar idi. İslamda mərz, yəni sərhəd yoxdur deyirdilər. Amma o tərəfdə ermənilərlə sərhədləri açmışdılar, ermənilər də rahat gəlib gedə bilirdilər. Bizimkilərsə İrana gedib nəsə gətirmək istəyəndə, yaxud aparanda o qədər sədlər qoyurdular ki. Halbuki sərhədlərdə işləyənlərin əksəriyyəti də farslaşmış azərbaycanlılardır”.

Onun sözlərinə görə, Qarabağ müharibəsində də İrandan kimsə gəlib bizim üçün savaşmayıb. Cənubi Azərbaycandan vuruşmaq istəyənlər olsa da, hakimiyyətin qorxusundan bunu etməyiblər.

“İran hərbçiləri gecələr şəhərlərə çıxa bilmir”

R. Tağıyev qeyd edib ki, ümumiyyətlə, sözügedən bölgədə kürdlərlə azərbaycanlıların arasında hansısa qarşıdurma yoxdur.“Urmiya şəhərinin özündə azərbaycanlılar çoxluq təşkil edir. Kürdlər daha çox ətraf kəndlərdə məskunlaşıblar. Mən açıq söyləyim ki, bunun şişirdilməsinin qətiyyən tərəfdarı deyiləm. Orada kürd söhbəti salmaq İranın hakim rejiminin xeyrinə işləyən bir məsələdir. Çünki İranda həm kürdlər, həm türklər rejimin əleyhinədirlər. Onların arasında da ciddi nifaq şahidi olmamışam, bu gün də düşünmürəm ki, bu olsun. Hesab edirəm ki, bunun ortaya atılması İran hakimiyyətinin kürdləri idarə edə bilməməsindən irəli gəlir. Çünki onların hərbçiləri gecələr şəhərlərə çıxa bilmir, nəzarət edə bilmirlər. İran kürdlərin qarşısında aciz qalıb. İki xalq arasında nifaq salmaqla idarəçiliyi əllərinə keçirmək istəyirlər”-deyə R. Tağıyev diqqətə çatdırıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm