Azərbaycanın qardaşları üzərində qurulan 100 il öncəki plan...
Bizi izləyin

Nida.az

Azərbaycanın qardaşları üzərində qurulan 100 il öncəki plan...

Azərbaycanın qardaşları üzərində qurulan 100 il öncəki plan...

“Kərkükdə baş verənlər 100 il öncə Amerika və ortaqları tərəfindən hazırlanıb, əsas hədəf də Türkiyədir”.

Bu barədə Kərkük türkməni, siyasi şərhçi Özdəmir Hürmüzlü Publika.az-a açıqlamasında bölgədə baş verənləri şərh edərkən deyib. Onun sözlərinə görə, əhalinin say baxımından ölkədə ikinci vilayət olan Mosul şəhəri bir neçə saat içində bir güllə də atmadan təslim edildi: “Halbuki şəhərdə ağır və modern silahlarla silahlanmış 60 min İraq əsgəri var idi. Amma bir güllə də atmadan geri çəkildilər. Üstəlik 500-ə qədər yüksək rütbəli zabitin Mosulun işğal edilməsindən öncə Ərbilə təslim olması da diqqət çəkən idi. Ərbilə təslim olanlar arasında İraq quru qoşunları komandanı ordugeneralı Ali İdan 2003-cü ildə Səddam ordusunda xidmət edərkən paytaxt Bağdadın açarını müharibə aparmadan Amerika əsgərlərinə təslim etmişdi. Bu da təsadüfi sayılmamalıdır”.

Mosulun işğalından bir gün sonra Kərkükdə yaşananlardan danışan Ö. Hürmüzlü qeyd edib ki, bütün şəhər yaxınlaşan fəlakəti hiss edirdi: “Bu da istər-istəməz şəhərdə qorxu yaratdı. Kərkükdə olan İraq ordusuna bağlı 12 hərbi tağımın içindən əldə etdiyim məlumatlara görə, İŞİD-in Kərkükü almaması üçün kürd peşmərgələri şəhərin kənarında səngər qurmaq qərarına gəliblər, lakin Bağdaddan əmr gəlir ki, geri çəkilin. Bağdadın bu qədər təlaşın içində belə əmri verməsi də düşündürücü idi. Ehtimal ki, Kərkük üzərində oyunlar oynanılır. İŞİD şəhərə 20 kilometr qalanda kürd peşmərgələri duyuq düşdülər və İraq ordusuna bağlı 12 tağımın qərargahına girərək əsgərlərdən qərargahı boşaltmağı tələb etdilər”.

Siyasi ekspert hesab edir ki, Kərkük üzərində oynanılan oyunun ilkin səbəbi bölgənin zəngin enerji ehtiyatlarına malik olmasıdır. Onun sözlərinə görə, Kərkük türkmənlərinin indiyə qədər silahlandırılmaması, eləcə də hərbi təlimlər keçməməsi də belə vəziyyətlərdə onların aciz qalmasına hesablanmış addım idi. Ö. Hürmüzlü qeyd edib ki, Kərkükdə baş verən terror aktları da türkmənlərin iradəsini qırmağa hesablanmış oyunlar olub.
“Əslində bölgədə baş verənlər bu gün deyil, 100 il öncə Amerika və ortaqları tərəfindən planlaşdırılmışdı. 2003-cü ildə İraqın işğalı ilə bu plan gündəmə gəldi və əsas hədəf Türkiyədir. İraq mərkəzi hökuməti ilə Türkiyənin tarixi münasibətləri Suriya böhranına görə pozulub. Bunun ardınca İraq mediası Türkiyənin İraqın bölünməsi işində barmağının olduğu xəbərlərini gündəmə gətirdilər. Hətta son günlər baş verənlərin də memarının türkiyə olduğunu yazırlar”,– deyə o bildirib.

Ö. Hürmüzlü bildirib ki, 1926-cı ildə imzalanan Ankara müqaviləsinə görə İraq bölünərsə Türkiyə bölgəyə girə bilər: “Bununla yanaşı, İraq mərkəzi hökuməti türkmənlərin haqqını qorumadığı təqdirdə Türkiyənin buna müdaxilə etmək hüquq var. Bu gün Azərbaycanın Türkiyə ilə olan strateji müttəfiqliyi Kərkük böhranında onun da iştirakını təmin edir. Amma ilk öncə bunu türkiyə etməlidir. Hazırda isə Türkiyənin belə bir addım atacağını düşünmürük, çünki bunu üçün siyasi iradə lazımdır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm