• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Bakıda beynəlxalq konfrans keçirildi

  • Nida.az
  • 18 İyun 2014 20:10
  • 702 Baxış
Bakıda beynəlxalq konfrans keçirildi

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində Bakıda Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin rəhbər orqanı olan Büronun iclası keçirilib. Həmin iclasda iştirak etmək üçün Konqresin rəhbərliyinin, o cümlədən prezidentinin, Büro üzvlərinin, eləcə də yerli özünüidarəetmə sahəsində müxtəlif dövlətlərin məsul şəxslərinin və nüfuzlu ekspertlərinin ölkəmizə səfəri nəzərə alınaraq, Azərbaycanın sədrliyi çərçivəsində iyunun 18-də Konqreslə birgə Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə "Yerli demokratiya və gənclər" mövzusunda beynəlxalq konfrans keçirilib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, konfransda Böyük Britaniya, Avstriya, İsveç, Belçika, Rusiya və Ukraynanın regional qanunverici və yerliözünüidarə orqanlarının rəhbərləri və yüksək ixtisaslı mütəxəssisləri, respublikamızın Ədliyyə Nazirliyinin rəhbərliyi, Milli Məclisin, Prezident Administrasiyasının, müxtəlif dövlət orqanlarının məsul şəxsləri, bələdiyyə assosiasiyalarının sədrləri, vətəndaş cəmiyyətinin təmsilçiləri, gənclər təşkilatlarının nümayəndələri, gənc bələdiyyə sədrləri və üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Vilayət Zahirov ölkəmizdə milli insan hüquqları gününə təsadüf edən belə bir mötəbər konfransın keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, Azərbaycan gəncliyinin hərtərəfli inkişafına yönələn qanunvericilik və institusional tədbirləri qeyd edib, demokratik cəmiyyətin inkişafında, gənclərin ictimai-siyasi həyatda fəal iştirakı, öz potensialından səmərəli istifadə etmələri üçün əlverişli şəraitin yaradıldığını bildirib.

V.Zahirov Konqreslə səmərəli əməkdaşlığı vurğulayaraq yerli özünüidarəetmənin inkişafı, gənclərin demokratiyaya cəlb olunması sahəsində mütərəqqi təcrübənin öyrənilməsində Konfransın əhəmiyyətini qeyd edib.

Konqresin prezidenti Herviq Van Staa təmsil etdiyi qurumun builki prioritetlərindən birinin məhz gənclər siyasəti ilə bağlı olduğunu vurğulayıb, yerli demokratiyanın gücləndirilməsində gənclərinin rolunun artırılmasının vacibliyini önə çəkib, bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.

Açılışda, həmçinin Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Prezident Administrasiyası Regional və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi Bələdiyyələrlə iş sektorunun müdiri Kamran Bayramov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova giriş nitqi ilə çıxış ediblər.

Sonra konfransda "Fundamental sosial hüquqlara gənclərin çıxış imkanlarının yaxşılaşdırılması: təhsil və təlim - məşğulluq - səhiyyə - yaşayış" və "İctimai həyatda gənclərin iştirakı: demokratiyaya gənclərin cəlb olunması" mövzusunda müzakirələr keçirilib.

Müxtəlif dövlətlərdən olan ekspertlər, ölkəmizin gənclər təşkilatlarının nümayəndələri, gənc bələdiyyə sədrləri tədbirdə çıxış edərək yerli özünüidarəetmənin təşkili və fəaliyyəti, gənclərin bu sahədə iştirakı ilə bağlı milli təcrübələr barədə məlumatlar verib, faydalı fikir mübadiləsi aparıblar.

Tədbirdə gənclərin ictimai həyatda, yerli və regional səviyyələrdə iştirakı və s. məsələlərlə bağlı beynəlxalq sənədlərə və şərhlərə dair broşürlər iştirakçılara təqdim olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR