“Əbülfəz Elçibəyin adının tez-tez hallanması yanlışdır” - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

“Əbülfəz Elçibəyin adının tez-tez hallanması yanlışdır” - MÜSAHİBƏ

O zaman bu təşkilatın bölgədə hər hansı sülhməramlı missiyanı yerinə yetirmək imkanı olmayacaq. Bu ən azı düşündürücüdür. Azərbaycan da bu faktdan istifadə etməyi bacarmalıdır və ATƏT-in yüksək tribunasından bu məsələni gündəmə gətirməlidir

Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafanın Publika.Az-a müsahibəsi:

-Ötən gün ATƏT nümayəndəsi cəbhə xəttində monitorinq keçirərkən Ermənistan hərbçilərinin atəşinə məruz qaldı. Bu məsələyə sizin münasibətiniz necədir?

-Artıq ATƏT-in Dağlıq Qarabağ məsələsinin həllində prinsipial mövqe tutması vacibdir. Əgər ATƏT öz nümayəndəsini qorumaq iqtidarında deyilsə, o zaman bu təşkilatın bölgədə hər hansı sülhməramlı missiyanı yerinə yetirmək imkanı olmayacaq. Bu ən azı düşündürücüdür. Azərbaycan da bu faktdan istifadə etməyi bacarmalıdır və ATƏT-in yüksək tribunasından bu məsələni gündəmə gətirməlidir.

Digər tərəfdən isə ermənilər atəşkəsi təkcə son günlər deyil, istənilən vaxtı pozurlar. Cəbhə xəttində atəşkəs istənilən vaxtı pozula bilər. Odur ki, tam zəmanət almaq üçün torpaqların işğaldan azad olunması üçün konkret addımlar atılmalıdır. Əgər bu addımlar atılmayacaqsa, o zaman Azərbaycan hər zaman tətikdə gözləyəcək. Ona görə də son günlər baş verən intensiv atəşkəsin pozulması faktı gözləniləndir. Burada hər hansı yeni situasiyanın yaranmasına ümidim yoxdur.

-Azərbaycanın təmas xəttində irəliləməsi ilə bağlı da məlumatlar yayılır. İndiki məqamda bu nə qədər realdır?

-Ola bilər ki, bir-iki post irəliləmə olsun. Bu realdır. Çünki mən də cəbhə xəttində hərbidə olmuşam və bilirəm ki, müəyyən ərazilərdə irəliləmə imkanları var. Yəni ermənilərin daha çox yüksəklikləri tutması faktı nəzərə alınsa, aşağı hissələrdə bu? mümkündür. Ancaq bu bizim üçün yalnız təsəllidir. Çünki insan yaşamayan ərazilərdə irəliləyişin heç bir effekti yoxdur.

-Son günlər cəbhə xəttində baş verən atəşkəsin intensiv pozulması faktının yaxın vaxtlarda keçirilməsi gözlənilən prezidentlərin görüşü ilə əlaqəsi ola bilərmi?

-Düşünürəm ki, bunun prezidentlərin görüşünə heç bir aidiyyatı yoxdur. Atəşkəsi pozan işin arxasında daha çox Rusiya elementi dayanır. Rusiya hər zaman öz varlığını göstərmək üçün atəşkəs məsələsində püaritet söz sahibi olduğunu xatırladır. Əslində, məsələnin kökünü burada axtarmaq lazımdır.

-Milli Şura daxilində baş verən prosesləri necə qiymətləndirirsiz?

-Çox mənasız proseslər gedir. Çünki Azərbaycanın ictimai-siyasi həyatına Milli Şuranın təsir imkanları artıq ortadan qalxıb. İdeyası olmayan çoxluğun hər hansı formada bir araya gəlməsi hələ güc demək deyil. Hər şey ideyanın üzərində qurulur. Əgər ideya güclüdürsə, o zaman bir nəfər belə çox işlər görə bilər. Ona görə də əsas ideyanı götürəndə, o zaman siyasətdə də görürsən ki. 100 nəfərin mexaniki birləşərək bir araya gəlməsi, onun gücə çevrilməsi mənasına gəlmir. Necə ki, Milli Şurada da bu mümkün olmadı. Çünki yeni ideya, düşüncə və yanaşma yoxdursa, o zaman bunun yaxşı nəticəsi də olmayacaq.

Rəhmətlik Əbülfəz Elçibəyin adının tez-tez hallanması ilə bağlı da metodoloji yanaşma yanlışdır. Əvvəla bu işdə onun adının hallanması doğru deyil. Digər tərəfdən isə onun kiməsə və hansısa situasiyada göstərdiyi münasibətə görə adamları qiymətləndirmək olmaz. Siyasət konkret fəaliyyət sahəsidir. Bu sahədə də kiminsə yanlışı və doğrusu varsa, onun təhlil olunması daha məntiqlidir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm