"Prezident olduqca yüksək səviyyəli çıxış etdi" - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

"Prezident olduqca yüksək səviyyəli çıxış etdi" - MÜSAHİBƏ

Nizami Cəfərov: "Bizim nə qədər çox düşmənimiz olsa da, dostlarımız da çoxdur"

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili, Atatürk Mərkəzinin rəhbəri, professor Nizami Cəfərov "Gündəlik Teleqraf" a müsahibə verib. Professor əsasən İraqda baş verən proseslər, xüsusilə Kərkük və Mosulda türkmənlərin durumu, onlara verilə biləcək dəstək, bu prosesin sonu haqqında danışıb. Bundan başqa, müsahibimiz həm də dünyada müstəqilliyinə qovuşan türk dövlətləri, onların arasında olan münasibət, bu münasibətlərin inkişafı haqqında fikirlərini açıqlayıb.

- Nizami müəllim, İraqda, xüsusilə Kərkükdə yaşayan türkmənlərdən heç də xoş olmayan xəbərlər gəlir. Siz bu prosesləri izləyirsinizmi?

- İraqda baş verənlər, ələlxüsus türkmənlərlə bağlı məsələyə Azərbaycandan hər zaman münasibət bildirilib. Sözsüz ki, orada gərginlik var. Ümumiyyətlə, İraqda olan münaqişələr bu ölkədə yaşayan Azərbaycan türklərini, türkmənləri də əhatə edir. Bu insanlar bizim soydaşlarımızdır və baş verənlər bizi narahat edir. Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin qurultayı keçirildi. Qurultayda bu məsələ qaldırıldı və münasibət bildirildi. Türkdilli dövlətlərin Parlament Assambleyasının Bakıda keçirilən iclasında bu məsələ müzakirə olundu. Azərbaycan Milli Məclisində də bu məsələyə münasibət bildirilib. Bu baxımdan Azərbaycan çalışır ki, orada stabillik yaransın. Həmvətənlərimizin təhlükəli şəraitdə yaşaması narahatçılıq doğurur və bu, aradan qaldırılmalıdır. Bunun üçün də beynəlxalq səviyyədə Azərbaycan tərəfi öz narazılığını və etirazını ifadə edir. Amma təbii ki, orada dünyanın iri güclərinin də marağında olan böyük proseslər gedir və bu proseslər yeni başlamayıb. İraqda Səddam Hüseyn hakimiyyətdən gedəndən sonra bu gərginlik və proseslər hər zaman olub. Yəni elə o vaxt da müəyyən gərginlikdən danışmaq olardı. Amma Səddamdan sonra münaqişə, müharibə alovlandı və böyük miqyas alıb. Demək istəyirəm ki, bunu həll eləmək dünyanın böyük güclərinin səviyyəsindədir.

- Milli Məclisin sessiyasında Sabir Rüstəmxanlı təklif etdi ki, türkmənlərin məsələsi gündəliyə salınsın və müzakirə olunsun. Siz bu məsələyə necə yanaşırsınız?

- Yox. Hər dəqiqə müzakirə eləmək də bir şey deyil. Hesab edirəm ki, əgər bir məsələ müzakirə edilirsə, onun hökmən nəticələri olmalıdır. Özü də hüquqi nəticəsi. Azərbaycan dövləti və xalqı bu kimi məsələlərdə hər zaman öz münasibətini bildirib. Bir var ki, etirazımızı bildirək. Bu ayrı mərhələdir və biz bunu etmişik. Hər gün etiraz bildirməklə iş başa çatmır. Bu məsələ hətta TÜRK PA-nın Bakı iclasında da müzakirə edildi və rəylər açıqlandı, hətta bu sənədlərə də salındı. Amma bu məsələ beynəlxalq qurumlarda da qaldırılmalıdır. Mənə elə gəlir ki, bu əsas şərtdir. Yəni hansı beynəlxalq təşkilatlarda biz iştirak ediriksə, orada bu məsələ qaldırılmalıdır. Belə də isə bizim bu məsələlərlə bağlı mövqeyimiz son dərəcə aydındır.

- Dünyada bir neçə türk dövləti var-Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və hətta Şimali Kipr Türk Cümhuriyyəti. Bu dövlətlər yığılıb vəziyyətə adekvat addım ata, qərarlar verə bilərmi?

- Bu məsələ hansısa qurumda baş verə bilər. Bir daha qeyd edim ki, əgər bu məsələ TÜRK PA-da müzakirə edilibsə, deməli, bu həm də türk dövlətlərinin parlamentinin birgə mövqeyidir və ifadə olundu. Ayrı-ayrı dövlətlər də bunu edə bilərlər. Və ya birgə məclis olanda da bu haqda danışıla bilər. Əslində bütün bunlar olur. Amma hər dəqiqə toplaşıb bu məsələyə münasibət bildirmək həm də belə məna verə bilər ki, bəli, dünyada müxtəlif yerlərdə hadisələr baş verir və onda gərək hər dəfə buna mövqe ifadə olunsun. Nəzərə alın ki, dünyada ümumi insan haqları məsələsi var və buna uyğun da hərəkət olunmalıdır. Biz də nəyə qadiriksə, onu da edirik.

- Amma xəbərlərə baxanda belə anlaşılır ki, orada insanlar qırılır, məhv edilir...

- Xəbərlərə hər yerdə baxırlar. Bilirik ki, dünyanın bir çox yerlərində insanlar qırılır. Biz də buna etirazımızı bildiririk. İndi "türk dövlətləri bir yerə toplaşıb xüsusi bir qərar qəbul etməlidirlər" məsələsində məntiq yoxdur.

-Təbii ki, bu mümkün deyil.

- Niyə mümkün deyil, axı bu dövlətlər heç Dağlıq Qarabağ münaqişəsinə görə də bir araya gəlib ortaya vahid mövqe qoymurlar? - Elə Dağlıq Qarabağ məsələsini götürək. Türk dövlətlərinin müxtəlif beynəlxalq qurumlarda səlahiyyətləri var. Ayrıca da özlərinin dövlət siyasəti var. Bu kimi məsələlər də uzlaşdırılır. Mən inana bilmərəm ki, hər hansı bir türk dövləti və ya onun başçısı Qarabağ məsələsinə biganə qalsın, Qarabağın Azərbaycan torpağı olduğuna etiraz etsin. Belə bir şey yoxdur və ola da bilməz. Bu, mümkün də deyil. Amma bununla yanaşı, problemin həlli mexanizmi ayrıdır. Yəni bu beynəlxalq səviyyədə həll edilməlidir. Bu məsələdə türk dövlətlərinin bizim üçün həmrəyliyi lazımdır. Biz tələb edə bilmərik ki, türk dövlətləri toplaşıb Dağlıq Qarabağ məsələsini və ya Kərkükdə baş verənləri müzakirə etsin, Krım məsələsi haqda vahid mövqe nümayiş etdirsin. Bunun üçün beynəlxalq qaydalar var. Bir var münasibətlər ayrı-ayrılıqda bildirilsin, bir də var beynəlxalq akt kimi ortaya qoyulsun. Bunlar ayrı-ayrı məsələlərdir.

- Amma biz gözəl bilirik ki, bəzi türk dövlətləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzü olublar və bizə düşmən Ermənistanla müttəfiqdir...

- Bu yaxınlarda biz bu münasibətlərin nə şəkildə olduğunu gördük. - Nəyi nəzərdə tutursunuz? - Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev bəyan etdi ki, Ermənistana münasibətdə şərt qoyulmalıdır. Çünki Ermənistan təhlükəsizlik qaydalarını pozub. Bu münasibət yalnız bu miqyasda və bu şəkildə bildirilə bilər. Həm də nəzərə alın ki, dünyanın öz strategiyası, strateji münasibətləri var. Bir dövlət və xalq üçün nə qədər ağrılı olsa da, bu məsələnin həllindən ötürü heç bir dövlət öz vəziyyətini təhlükə altına qoya, əlavə problemlər çıxara bilməz. Münasibəti bildirməyin yolları var və bu şəkildə də bildirilir.

- Sizcə, İraqda nə baş verir, İŞİD nədən qəfildən ortaya çıxdı, bu kimə bağlıdır, məqsəd nədir?

- Mən bunu bilmirəm, bilsəm, də, deyə bilmərəm. Bu elə məsələdir ki, onu demək olmaz. Deyir mal bir yerə gedir, güman min yerə. Bu, böyük güclərin nəzarəti altında olan prosesdir, enerji məsələləri ilə bağlıdır, dünyanın düzəni ilə əlaqəlidir. Bu kimi məsələlər iqtisadiyyatın hər bir sahəsindən başlayaraq siyasət diplomatiyasının ən mürəkkəb məqamlarına qədər gedib çıxır. Bunu analiz etsək, gərək böyük dastan danışaq. Bizim indiki vəziyyətdə əsas vəzifəmiz ondan ibarətdir ki, orada olan proseslərə nə qədər gücümüz çatırsa, o dərəcədə iştirak edək. Bizim də insan hüquqlarını müdafiə etmək baxımından böyük hüququmuz var ki, İraq türkmənlərini müdafiə edək. Daha kim haradan gəldi, niyə ortaya çıxdı, məqsəd nədir, kimə xidmət edirlər kimi məsələləri analiz edə bilərik, amma onun qarşısını almaq bizim işimiz deyil.

- Bu proseslər başlanan kimi bir çox analitiklər elan etdi ki, Şimali İraqda baş verənlər Türkiyəyə təzyiq məqsədi daşıyır. Siz bu fikirlə razısınızmı?

- Əslində hər şey ola bilər. Bu, Türkiyəyə, elə İrana da təzyiq ola bilər. Bu İraq hökumətinin özünə, bütövlükdə regiona da təzyiq ola bilər. Yəni qəfildən belə qüvvələr ortaya çıxıb insanları aqressiv formada qıra və heç bir məsuliyyət daşımaz. Hətta sonra sabitlik və sülh yarandıqdan sonra bilinməz ki, bu qüvvələrin məqsədi nədən ibarət imiş.

- Baş verənlər bir qədər dramatikləşsə və Türkiyənin əleyhinə yönəlsə, bu ölkədə siyasi böhran yaşana bilərmi?

- İnanmıram. Çünki Türkiyə böyük dövlətdir və böyük siyasəti var. Türkiyə həm də münasibətlərini dünyanın böyük gücləri ilə qurur. Mən belə başa düşürəm ki, bu məsələlər bizə qardaş olan Türkiyədə daha dərindən araşdırılır və ona münasibətin nədən ibarət olduğunu gözəl bilirlər, buna uyğun da hərəkətlərini edirlər.

- Xəbərlər yayılır ki, İran ordusu Şimali İraqa daxil olub, hətta türk ordusunun da bu ərazilərə daxil olacağı proqnozu verilir. Nə qədər realdır?

- Mənə elə gəlir ki, bu, ara söhbətləridir. Çünki orada gedən prosesləri yüz yerə yozmaq olar.

- AŞ PA-nın yay sessiyası keçirildi, Prezident İlham Əliyev də bu tədbirdə iştirak və çıxış etdi. AŞ PA-da aparılan müzakirələri necə qiymətləndirirsiniz?

- Mən bu müzakirələri, Prezidentin çıxışını, suallara verdiyi cavabları çox yüksək qiymətləndirirəm. Hətta deyərdim ki, bu, bizim qələbəmizdir. Azərbaycan prezidenti olduqca yüksək səviyyəli çıxış etdi, ona ünvanlanan suallara dolğunluqla cavab verdi və bir daha sübut elədi ki, Azərbaycan dünya proseslərində iştirak edən dövlətdir, dünyaya harmoniyaya xidmət edən ölkədir. Həm də Azərbaycan dünyada inkişaf edən ölkədir. Qazanılan böyük təcrübəyə əsaslanaraq Azərbaycan Prezidenti öz sözünü dedi və göstərdi ki, Avropa Şurasının Nazirlər Komitəsinə Azərbaycan lazımi səviyyədə rəhbərlik edəcək. Necə ki, bundan əvvəl BMT Təhlükəsizlik Şurasında fəaliyyət yüksək səviyyədə olmuşdu. İndi bizim nə qədər çox düşmənimiz olsa da, dostlarımız da çoxdur. Bu sevindirici haldır ki, Azərbaycan dünyada söz deyir və həm də özünün sözünü deyir. Eyni zamanda sözünü söz xətrinə demir. Odur ki, prezidentin Avropa Şurasının Parlament Assambleyasında çıxışı, verdiyi mesajlar çox mühüm idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm