• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Elmar Məmmədyarov ən bacarıqsız nazirdir”

  • Nida.az
  • 19 İyul 2014 12:19
  • 634 Baxış
“Elmar Məmmədyarov ən bacarıqsız nazirdir”

“Mən prezident seçkilərində də söyləmişdim, təəssüf ki, xarici işlər naziri bu hökumətin tərkibində ən bacarıqsız nazirlərdən biridir. Bu gün də bunu bir daha təkrar edirəm ki, onun davranışından tutmuş verdiyi açıqlamalara və səfirlikləri idarəetmə qabiliyyətinə qədər heç nə yerində deyil”.

Bunu Moderator.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev bildirib.

“Məsələn, o, erməni həmkarı Nalbandyanla yan-yana duranda düşmən ölkə diplomatı çox ciddi görkəm alır, elə poza verir ki, sanki Ermənistanın torpaqları işğal altındadır, amma bizim nazir gülür və səbəbsiz yerə çiyinlərini yellədir. Hər halda onun davranışları qıraqdan müşahidə edən heç kimə yaxşı görsənmir. Yəni bu adamın sifətinin ifadəsindən tutmuş açıqlamalarınadək heç nə yerində deyil. Bu, ölkənin xarici siyasət idarəsinin başında duran şəxslə bağlı mənim mövqeyimdir və şəxsi mənada da onunla heç bir problemim yoxdur. Sadəcə olaraq, söyləmək istəyirəm ki, onu Bakıda başqa bir işə keçirmək olar. Amma bu sahədə hökumətin ən uğursuz nazirlərindən biri kimi o əvəzlənməlidir”, - Qüdrət Həsənquliyev deyib.

BAXCP sədri Azərbaycanın xarici ölkədəki səfirlərinin də ünvanına ittihamlar səsləndirib: “Müəyyən istisnalarla bizim çox bacarıqlı səfirlərimiz var. Amma səfirlərimizin də böyük bir qismi elə nazirin özü kimi yerində olmayan adamlardı. Həm ATƏT Parlament Assambleyasında, həm AvroNest çərçivəsində xaricə çoxsaylı səfərlərim olur, mən bunu görürəm və bir çox səfirlər sanki səfirliklərin binalarını öz bizneslərini qurmaq istiqamətində kommersiya məqsədləri üçün istifadə edirlər. Hətta onların bir çoxu Azərbaycan haqqında kiçik bir həqiqəti fəaliyyət göstərdikləri ölkənin heç aparıcı mediasında demirəm, orta səviyyəli mətbu orqanında dərc etdirmək imkanlarına malik deyillər. Amma biz burda Amerika və digər xarici ölkə səfirlərinin fəaliyyətlərini izləyirik və görürük ki, onlar mütəmadi olaraq mətbuatla, aparıcı jurnalistlərlə, vətəndaş cəmiyyəti təmsilçiləriylə, siyasi partiya rəhbərləriylə görüşə can atırlar. Amma bizim səfirlər əgər Bakıdan xüsusi bir tapşırıq olmasa onların faktiki fəaliyyəti sıfıra bərabər olur, yalnız ildə bir dəfə Respublika Gününü müəyyən adamları çağırıb qeyd etməkdən başqa əllərindən bir iş gəlmir, əksəriyyətinin işi də bununla məhdudlaşır. Bunlar nəinki fəaliyyət göstərdikləri ölkə ilə, heç öz diasporlarımızla normal əlaqə qura bilmirlər. Baxın, əksər diaspor təşkilatlarıyla səfirliklərimizin münasibətləri münaqişə həddindədir. Ona görə də düşünürəm ki, bu sahədə doğrudan da ciddi işlər görmək, təmizləmə aparmaq lazımdır. Düşünürəm ki, diplomatiyamıza cavabdeh olan adamların seçilməsi istiqamətində ciddi islahatlar aparmağa ehtiyac var. Buna ilk növbədə kadr islahatlarından başlanılmalıdır və bu iş yenidən qurulmalıdır”

Xəbər lenti

DAHA ÇOX XƏBƏR