Müsavatla REAL tutaşdı: “Bu cür söhbətlər geylə bağlı məsələdən sonra ortaya çıxıb”
Bizi izləyin

Nida.az

Müsavatla REAL tutaşdı: “Bu cür söhbətlər geylə bağlı məsələdən sonra ortaya çıxıb”

REAL hərəkatının partiyaya çevrilmək qərarına siyasi düşərgədə münasibət birmənalı deyil. Yeni müxalif qüvvə kimi ortaya çıxan REAL ən çox da ənənəvi müxalifətin hədəfinə tuş gəlir. Artıq sosial medianın da gündəm mövzularından bu məsələ yer alıb

REAL hərəkatının partiyaya çevrilmək qərarına siyasi düşərgədə münasibət birmənalı deyil. Yeni müxalif qüvvə kimi ortaya çıxan REAL ən çox da ənənəvi müxalifətin hədəfinə tuş gəlir. Artıq sosial medianın da gündəm mövzularından bu məsələ yer alıb.

Müsavat başqanın müşaviri Səxavət Soltanlı bildirib ki, heç kim Erkin Qədirlini qınamasın, o və dostları partiya yaradıb seçkilərə qatılmaq istəyirlər: “Seçici isə Erkin bəyin daşıdığı dəyərləri qəbul etmir. Seçicini dəyişə bilməyən siyasətçi özü dəyişmək zorundadır. Dəyərlərin siyasətə qurban verilməsi mərhələsi başlayır Sizin qarşınızda indi tamam başqa Erkin Qədirli var”.

Bununla yanaşı, REAL və hazırda İlqar Məmmədovun həbsə olması səbəbindən hərəkata birbaşa rəhbərlik edən Erkin Qədirliyə ünvanlanan bu səpkili fikirlərə kifayət qədər rast gəlmək olur.REAL-ın Məclis sədri Erkin Qədirli Publika.Az –a açıqlamasında mövqeyini bildirib.

O, Müsavat rəsmisinin dediklərini onun şəxsi fikri olduğunu hesab edib. Bildirib ki, bizdə ictimai müzakirələr demək olar ki, yoxdur: “Siyasətçilərimizin də əksəriyyəti danışmır. Sonradan da deyirlər ki, mən bunu demək istəmirdim, siz məni yanlış başa düşdünüz. Hələ bir minnət də qoyurlar. Mən və REAL olaraq biz düşüncələrimizi çoxlarından fərqli olaraq danışırıq. Bu da çox zaman qıcıq yaradır. Bəlkə ona görə ki, əvvəllər bizi belə tanımırdılar. Əvvəllər heç bu haqda danışmırdıq, çünki siyasətdə deyildik. Misal üçün, mən uzun illər müəllim idim. Müəllimin üzərində mənəvi öhdəliklərdən biri də tələbənin üzərindən ideoloji propaqandalar etməməkdir. Mən heç vaxt tələbələrimə deməmişəm ki, sol pisdir, sağ yaxşıdır, cümhuriyyət belədir, o biri elədir. Mən akademik təqdimatlar etmişəm. Soruşulanda mövqeyimi bildirmişəm və hər zaman demişəm ki, bax, bu hissə mənim şəxsi fikrimdir. Amma indi mən müəllim kimi deyil, siyasətçi kimi danışıram. Bu baxımdan öz imicimi daraldıram. Əvvəl mənim geniş, hamı tərəfindən sevilən imicim var idi. Yaxşı müəllim, yaxşı adam, ola bilsin savadlı hüquqşünas. Indi mənim dediyim sözlərə görə ola bilsin ki, əvvəlki simpatiyalar azalır. Çünki solçular gördülər ki, mənim gündəliyim başqadır. Liberallar gözlədikləri kimi olmadığını bildilər”.

REAL rəsmisi qeyd edib ki, bu cür söhbətlər LTBT məsələsindən sonra ortaya çıxıb. Onun sözlərinə görə, çoxları bununla bağlı fikilərindən sonra ona etiraz edib. “Çoxu mənə dedi ki, sizi belə tanımırdıq, siz necə liberal idiniz. Məcbur olub izah edirəm ki, mənim liberal olduğumu hardan bilirsiniz, mən nə zaman demişəm ki, liberalam. Deyirdilər ki, siz axı bizə liberalizmdən mühazirə oxumuşunuz. Mən də deyirəm ki, istəyirsiniz lap marksizmdən mühazirə oxuyum. Bu o demək deyil ki, mən marksistəm. Bu günə qədər sadəcə olaraq müəllim peşəmlə bağlı təəssürat var idi. Lakin bu, siyasi fəaliyyətimlə uzlaşmır. Amma bu o demək deyil ki, mən dəyərlərimdən imtina etmişəm, yaxud başqa Erkinə çevrilmişəm”-deyə o qeyd edib.

E. Qədirli vurğulayıb ki, bilə-bilə belə edir. Onun sözlərinə görə, siyasətdə mövqe tutmaq vacibdir: “Bunu bilə-bilə edirəm, çünki siyasətdə gərək mövqe tutasan. Hamının xoşuna gələ bilməzsən. Bəlli, bir dəyərləri ifadə etməlisən, hamı da sənə ona görə yanaşmalıdır. Başa düşməlidir ki, bu mənim tipajım deyil, yaxud gözləntilərimi ifadə etmir. Yoxsa köhnə müxalifət kimi hamının xoşuna gəlmək olmaz. Müxalifətin əsas səhvi də odur ki, hamının xoşuna gəlmək, bütün narazıları ətraflarında toplamaq istəyirlər. Bir uğursuzluqdan digər uğursuzluğa keçmənin səbəbi də budur”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm