Emin Hüseynov ABŞ səfirliyini İsveçrə səfirliyinə niyə dəyişərdi? – ÜÇ SƏBƏB
Bizi izləyin

Nida.az

Emin Hüseynov ABŞ səfirliyini İsveçrə səfirliyinə niyə dəyişərdi? – ÜÇ SƏBƏB

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynovun ABŞ səfirliyindən İsveçrə səfirliyinə aparıldığı xəbəri yayılıb.

Publika.az xəbər verir ki, iddialara görə, onun ABŞ səfirliyində gizləndiyi haqda informasiyalar səfirlik tərəfindən təkzib ediləndən sonra başqa səfirliyə köçürülməsi qərara alınıb.

Bunun üçün isə ən unikal yer olaraq İsveçrə səfirliyi seçilib. Gecə ilə E.Hüseynovun İsveçrə səfirliyinə aparıldığı deyilir. Səfirlik məsələ ilə bağlı heç bir açıqlama vermir.

Təsdiqlənməmiş məlumat olsa da, E.Hüseynovun ABŞ səfirliyini İsveçrə səfirliyinə dəyişməsi haqda iddialar bir sıra ehtimalları gündəmə gətirir. Onun ABŞ səfirliyində gizləndiyi haqda xəbərlərin doğru olması səfirliyi pis vəziyyətdə qoya bilərdi. Hərçənd, səfirlik bunu təkzib etmişdi. Lakin ABŞ və Azərbaycan arasındakı münasibətlər, xüsusilə bölgədə Qərb-Rusiya rəqabəti Vaşinqtonu Bakıya həssas yanaşmağı tələb edir. Bundan başqa, mətbuatda “ARQO” əməliyyatı barədə məqalələrin yayımlanması bir işarə ola bilərdi.

Lakin ABŞ ona sığınmış birisini istər siyasi maraq, istərsə də diplomatik etiket naminə geri qaytara bilməzdi. Belə olanda, E.Hüseynovun başqa səfirliyə aparılması zərurəti yaranır. Bu ən az ehtimal olunan, eləcə də hər şey ortaya çıxanda itkilərin az ola biləcəyi yer olmalı idi və İsveçrə səfirliyi seçilir.

Nə üçün İsveçrə?

1. İsveçrə Avropanın “siyasi dişi küt olan” ölkəsidir. E.Hüseynova görə rəsmi Bakı ilə Bern arasında münasibətlərin pozulması Qərb üçün daha az itki deməkdir. Halbuki eyni proses Vaşinqtonla Bakı arasında baş versə, bu, ABŞ üçün bir xal geriyə düşməkdir. Çünki ortada Rusiya faktoru var. Rəsmi Bakının əsas xarici strategiyası olan Dağlıq Qarabağ münaqişəsinin həllində Moskva hazırki duruma görə Qərbdən bir addım öndədir. Ümumi geriləmə Qərbin Cənubi Qafqaz regiondakı təsir imkanları çevrəsində yaşana bilər.

2. İsveçrə bu ilin yanvarından etibarən ATƏT-ə sədrliyə başladı. Sədrlik dönəmi başlayan kimi bu ölkənin “xalq diplomatiyasının genişlənməsi üçün Azərbaycan və Ermənistan ictimaiyyətinə lazımi dəstək verəcəyik” açıqlaması, ardınca bu iş üzrə layihələrin maliyyələşdirilməsinə başlaması diqqət çəkirdi. E.Hüseynovun gizlənməsinin bununla paralel olması təbii ki, sual doğura bilər. Lakin unutmaq lazım deyil ki, başlanan proses “xalq diplomatiyası” adı altında azərbaycanlı QHT rəhbərlərinin erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığı iddiaları üzərində aparılır. Hansı ki, jurnalist Mirqədirovun işi, ardınca “xalq diplomatiyası”nın əsas qəhrəmanları Leyla Yunus və Arif Yunusun işi məhz bu məsələ üzərindədir. E.Hüseynov da “xalq diplomatiyası” çevrəsinin əsas simalarındandır. Bu baxımdan, “xalq diplomatiyası”na dəstək verən və bunun üçün qrant layihələri elan edən İsveçrənin E.Hüseynovu öz səfirliyində gizlətməsindən daha təbii bir şey ola bilməz.

3. Nəhayət, sonuncu və praktiki məsələ. ABŞ səfirliyi paytaxtın ən gur və insan axının sıx olduğu yerlərdən birində yerləşir. Burada hər şey diqqəti tez cəlb edə bilər, o cümlədən E. Hüseynovun bir dəfə eyvana çıxması. İsveçrə səfirliyi isə İçərişəhərdə yerləşir. Məlumdur ki, bura tarixi məkandır və insanların çox az olduğu yerlərdəndir. Həmçinin olduqca sakitlikdir. Ehtimal ki, burada məkan amili da öz rolunu oynayıb.

Təbii ki, bütün bunlar ehtimallardır. Lakin E.Hüseynovdan heç bir xəbər çıxmaması, yaxınlarının isə heç bir şey olmamış kimi “xəbərimiz yoxdur” deməsi burada sirli bir oyunun olduğunu deməyə əsas verir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm