“NATO öz hərbi potensialının 5 faizini Ukraynaya versə…” - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

“NATO öz hərbi potensialının 5 faizini Ukraynaya versə…” - MÜSAHİBƏ

Avqustun 27-də Rusiya və Ukrayna prezidentləri arasında Minskdə keçirilən görüş də Ukraynadakı vəziyyəti normallaşdıra bilmədi. Əksinə, Rusiya hərbi birləşmələrinin görüşdən sonra Azov dənizi sahilində yerləşən Novoazovsk şəhərini ələ keçirdiyi bildirilir.

Publika.az-a müsahibəsində politoloq Qabil Hüseynli Ukraynadakı son vəziyyət və hadisələrin inkişafı ilə bağlı fikirlərini bildirib.

-Pyotr Poroşenko və Vladimir Putin arasında Minskdə keçirilən görüşdən dərhal sonra Rusiyanın çoxsaylı hərbi texnikası və canlı qüvvəsi Ukrayna ərazisinə daxil oldu. Rəsmi Moskvanın bu hərəkəti necə qiymətləndirilə bilər?

-Bu, Rusiyaya, xüsusilə də Vladimir Putinə xas olan bir cəhətdir. Sülhə çağırış adı altında hər hansı görüş keçirilən bir vaxtda Putin öz qoşunlarına da dərhal hərəkətə keçmək barədə əmr verir. Poroşenko və Putinin görüşdüyü və böhranın diplomatik yolla həllinə az da olsa ümidlərin olduğu bir vaxtda Rusiyanın 30-a qədər tankı və digər zirehli texnikası Ukrayna sərhədlərini keçərək bir neçə qəsəbəni zəbt edib. Bütün bunlar isə sözün həqiqi mənasında riyakarlıq və dünyaya meydan oxumaqdır. Çünki bu görüşdə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Belarus prezidenti Aleksandr Lukaşenko da iştirak edirdi. Rus tanklarının Ukrayna sərhədini keçdiyi bir vaxtda Rusiya gözdən pərdə asmaq üçün “sülh danışıqları”na başlayır. Hər bir şeyin, o cümlədən riyakarlığın da bir həddi olur. Bu dərəcədə dünyanı ələ salmaq heç bir yerdə görünməyib, amma bunu hazırda Rusiya prezidenti edir. İstənilən halda bu adam hiyləgərdir və işğalçılıq eşqi ilə alışıb yanır. Ona görə də Ukraynanın müstəqil olmasını istəmir. Zənn edirəm ki, Minsk görüşündən sonra müharibə alovları daha da yüksələcək. Nursultan Nazarbayev əbəs yerə həyəcan təbili çalmırdı. O, yəqin ki, Putinin xasiyyətinə yaxşı bələddir. Düşünürəm ki, artıq Putinin özü də çətin vəziyyətə düşdüyünü anlayır. Ona görə də əlində olan bütün resursları işə salaraq “bundan belə nə olursa olsun” prinsipi ilə hərəkət edir. Rusiya prezidentinin bu hərəkətləri Nazarbayevə və Avropa Birliyinə böyük hörmətsizlikdir.

-Çıxış yolu nədir, təcavüzün qarşısı necə alınmalıdır?

-Avropa Birliyi və ABŞ Rusiyaya qarşı birləşməli, Rusiyanın küncə sıxışdıracaq ciddi addımlar atmalıdır. Rusiya Avropa Birliyi və ABŞ-ın qarşısında nə qədər güclü ola bilər? Rusiya tükənməkdə olan bir dövlətdir. Təəccüblüsü də odur ki, bunlar Rusiyanın nazı ilə oynayırlar? Axı nə üçün Rusiyaya gözdağı verə biləcək addımlar atmaq istəmirlər. Qərb Ukraynaya böyük vədlər verdi, assosiasiya haqqında sazişi imzalatdırdı, indi isə Ukrayna təkbaşına qalıb. Qərb Ukraynaya ən yüksək səviyyədə dəstək verməlidir.

–Sizcə, Qərb Ukraynaya nə üçün lazımı dəstəyi vermir?

-Bəziləri Putinə az da olsa inanırlar. Bəziləri isə elə hesab edir ki, Putinlə əlaqələrin kəsilməsi onların Rusiya ilə ticarət əlaqələrinə böyük ziyan vura bilər. Bütün bu səbəblər ortadadır, amma bunların heç birinə haqq qazandırmaq olmaz. Bu gün Ukraynanı təhdid edən bir dövlət sabah gücənə bilər və digər dövlətləri də təhdid, hətta işğal edə bilər. Bu nöqteyi-nəzərdən mən həqiqətən də təəccüblənirəm ki, nə üçün bütün Avropa və Qərb dövlətləri Rusiyaya qarşı sanksiyalara qoşulmayıb? Təkcə sanksiyalarla da Rusiyanı dayandırmaq mümkün deyil. Ukrayna silahlandırılmalı, lazım gələrsə hərbi dəstələr də göndərilməlidir. Ukraynanın aviasiyasını da gücləndirmək lazımdır. Əgər NATO öz hərbi potensialının 5 faizini Ukraynaya versə, Rusiya bunun qarşısında dayana bilməz. Bir sözlə, Qərb Ukraynaya lazımı dəstəyi vermir və Rusiya da bunu çox yaxşı bilir. Rusiyanın sərbəst şəkildə hərəkət etməsinin səbəbi də budur.

-Qeyd etdiyiniz kimi, Rusiya təcavüzkar hərəkətlərindən əl çəkmək niyyətində deyil, Qərb də Ukraynaya yardım etməyə həvəsli görünmür. Ukraynanın isə vəziyyətdən təkbaşına çıxacağı inandırıcı görünmür. Hadisələrin inkişafını necə proqnozlaşdırırsınız?

-Güman etmirəm ki, Rusiya bu şəkildə at oynatmaqda davam edəcək. Yəqin ki, çox yaxın zamanlarda Rusiyanın qarşısına ciddi əngəllər çıxarılacaq. Əminəm ki, Qərb Ukraynanı Rusiyanın nəzarətinə keçməsinə imkan verməyəcək. Sadəcə olaraq, arada itirilən zaman və digər amillər böyük itkilərin verilməsinə gətirib çıxaracaq. Ona görə də Qərbin bu məsələdə təcili addım atmasının vaxtı çatıb. Qərb ciddi addımlar atmalıdır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm