• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Transmilli media korporasiyaların müstəmləkə maraqlarından keçən yolu – TƏHLİL

  • Nida.az
  • 2 Sentyabr 2014 16:55
  • 1 574 Baxış
Transmilli media korporasiyaların müstəmləkə maraqlarından keçən yolu – TƏHLİL

Azərbaycanın media məkanında son günlər baş verən informasiya təxribatında əsas iştirakçılar arasında transmilli media korporasiyalarının yerli nümayəndələri də yer alırdı. Bu media qurumları ölkəyə qarşı ciddi “qara piar” kampaniyaları ilə seçilir. Bu baxımdan da onların informasiya təxribatında aldıqları rol təəccüblü deyil. Söhbət “Amerikanın səsi” və “Azadlıq” radiolarından, eləcə də BBC-nin Azərbaycan xidmətindən gedir.

Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev avqustun 29-da dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə çıxışı zamanı transmilli media şəbəkələri barədə danışmışdı: “Azərbaycan dövlətini gözdən salmaq, əldə olunmuş böyük nailiyyətlərə qara yaxmaq, əsassız, uydurma məsələləri qabardaraq Azərbaycan ictimaiyyətini çaşdırmaq “Azadlıq” qəzeti, “Azadlıq” radiosu və digər bir çox müxalifət mediasının fəaliyyətinin başlıca qayəsini təşkil edir. Nə qədər absurd olsa da, onların məntiqindən belə çıxır ki, bu günə kimi Azərbaycanda müasirliyə doğru, demokratiya yolunda heç bir müsbət iş görülməyib. Onların əsas hədəfi Azərbaycanı ölkə və dünya ictimaiyyətinə “dəhşətli obraz”da təqdim etməkdir. Təsadüfi deyil ki, belə media orqanlarının fəaliyyəti hətta tanınmış xarici jurnalistlərin də kəskin etirazı ilə qarşılanır”.

PA rəhbəri BBC-nin Azərbaycan xidmətinin də adını çəkir, həmçinin, “Facebook”, “Twitter” kimi sosial şəbəkələrin də “rolu” vurğulanır.


Transmilli media korporasiyaları

Publika.az transmilli media korporasiyaları haqqında araşdırma aparıb.


Bu gün dünyada informasiya kapitalı bir neçə transmilli media korporasiyalarının əlində cəmlənib. Bu korporasiyalar öz məqsədlərinə uyğun olaraq istədikləri məlumatı istehsal edir, onun ixracını təşkil edir və istədiyi manipulyasiyanı gerçəkləşdirir. Son illər informasiya məkanında insanları daha da yaxınlaşdıran internet vasitələrindən biri olan sosial şəbəkələr meydana çıxdı. Bu şəbəkələrin tarixini onların yayım vasitəsi olan internetdə axtaran zaman məlum olur ki, “sosial şəbəkə” termini elmi leksikona 1954-cü ildə ingilis sosioloq Barns tərəfindən daxil edilib. Sosial şəbəkə sosial obyektlərdən ibarət olan qovşaqları birləşdirən sosial strukturdur. İnternetdə sosial şəbəkə interaktiv, çoxlu istifadəçisi olan saytdır. İlk sosial şəbəkənin yaranması ötən əsrin 90-cı illərinin ortalarına təsadüf edir. Bu “odnoklassniki.ru”nun sələfi hesab edilən “classmates.com” idi. 1999-cu ildə yaradılan “Livejournal”, 2003-cü ildə meydana çıxan “MySpace” də öz növbəsində xeyli populyarlıq qazandı. Hazırda sosial şəbəkələr içərisində ən populyarı 2004-cü ildə yaradılmış “Facebook” hesab edilir. Bu şəbəkənin istifadəçiləri hazırda 620 milyonu ötüb.

“Facebook”a paralel olaraq “Tvitter” şəbəkəsi də fəaliyyət göstərir.

Əslində, hər iki şəbəkənin mənbəyinin başqa olduğu və başqa məqsədlərə xidmət etdiyi barədə deyilənlər tam olaraq sübuta yetməsə də, son zamanlar dünyada baş verənlər bunun haqqında düşünməyə əsas verir. Əvvəlcə, sosial şəbəkənin mövcud fəaliyyətinə nəzər yetirəndə görürük ki, burada “oturan” insanlar, demək olar ki, heç kimə danışmadıqlarını virtual dostları ilə bölüşür. Bölüşdürülən düşüncələr arasında fərdi hisslərlə yanaşı, siyasi görüşlər, yaşadığı ölkənin problemləri, başqalarının bilmədiyi məsələlər də var. Eyni zamanda, burqda yazılan hər sözü hər kəs görməsə də, şəbəkənin moderatoru izləyir. Nəzərə alsaq ki, bu şəbəkələr bütün dünya üzrə fəaliyyət göstərir, deməli istənilən ölkədə baş verənləri həmin ölkənin vətəndaşının dili ilə izləmək olur. Bu isə, bəzən dövlət sirlərinin belə aşkarlanmasına səbəb olur. Elə bu “etiraflar”ın vasitəsi ilə də həmin ölkənin daxili işinə asanlıqla müdaxilə edilir.

Bu “informasiya ötürücülərinin antologiyası” fonunda Azərbaycan xəbər məkanındakı dezinformasiyaları araşdırarkən ölkənin təhlükəsizliyi ilə bağlı xəbərlərin asanlıqla necə əldən-ələ keçdiyini təsəvvür etmək çətin deyil. Təbii ki, düşmən, eləcə də antiazərbaycan mərkəzlər bundan yararlanmamış deyil.


Transmilli media korporasiyaların yerli nümayəndələri olan “BBC-Azərbaycanca” və “Azadlıq” radiolarının xəbər təxribatı burada diqqətdən qaçmır. Misal üçün, cəbhədəki gərginlik anlarında bu media orqanlarında Azərbaycan ordusu ilə bağlı yetərincə mənfi məlumatlar sərgiləndi. Burada amerikalı jurnalist, “The Jerusalem Post” və “Baltimore Jewish Times” qəzetlərinin keçmiş redaktoru, “Netsmart” portalının baş yazarı və redaktoru Maayan Yaffinin (Maayan Jaffe) Konqresin nəşri olan “Roll Call”da dərc etdiyi məqaləsində səsləndirdiyi fikirlər yada düşür və məqsəd aydınlaşır.

M. Yaffi yazır: “Azadlıq” və “Amerikanın səsi” radiostansiyaları üçün xərclənən illik vəsait 750 milyon dollardır. Lakin, bu vəsaitin qarşısında bu media qurumları qeyri-obyektiv informasiya verirlər. Onlar daxili və regional problemlərin obyektiv analizi və müzakirəsi, eləcə də demokratikləşməyə dəstək əvəzinə, bu dəyərləri müdafiə edən dövlətlərə hücumlar edirlər. Misal üçün, Azərbaycanı götürək. Biz bu ölkə haqda nə bilirik. Dözümlü cəmiyyət yaratmaq Azərbaycan siyasətinin prioritetlərindəndir. Bu ölkənin Təhsil Nazirliyi təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində beynəlxalq təşkilatlarla məhsuldar əməkdaşlıq qurur. Qlobal biznesə şəffaflığı gətirmək üçün Ekstrakt Sənayelərin Şəffaflığı proqramına ilk qoşulan ölkələrdən biridir. Buradakı Dövlət Neft Fondu milli gəlirin qorunmasında dünyada ən yaxşı nümunələrdən biri hesab olunur. 11 sentyabr hadisələrində ABŞ-a qeyd-şərtsiz kömək təklif etmiş, Kosovaya, İraqa və Əfqanıstana sülhməramlı göndərmiş, Əfqanıstan əməliyyatlarında Amerikanın sübut olunmuş dostudur. Qərbə açıq ölkədir. Azərbaycanda insanlar bu gün daha yaxşı yaşayırlar, onlar 20 il əvvəl belə yaşamırdılar. Sorğular göstərir ki, bu insanlar sabah bundan da yaxşı yaşayacaqlarına inanırlar. “Azadlıq” radiosu isə bu ölkədəki vəziyyəti tamamilə əks-rakursdan göstərir. Bu ilin 1 iyul-5 avqust tarixində 30-dan artıq məqalə və video dərc olunub. Bu məqalələrin heç birində Azərbaycanın bir dənə də olsun müvəffəqiyyəti göstərilmir. Əvəzində, başlıqlar “Azərilər İran casusları”, həbslər və digər bu kimi başlıqlar göz oxşayır. Lakin plüralizmdən, vətəndaş cəmiyyəti, milli və regional inkişaf, ABŞ və İsraillə müttəfiqlik, bunların heç biri yada düşmür”.

Yaffinin dediklərindən də bəlli olur ki, bu media orqanlarının məqsədi nədir? Buna kifayət qədər əyani misal da çəkmək mümkündür.


Maliyyə maraqları: “Rədd olsun vicdan”


“Azərbaycan Londonda keçirilən olimpiya oyunlarında boks üzrə iki qızıl medal qazanmaq üçün beynəlxalq boks təşkilatı “World Series Boxing”ə 10 milyon rüşvət verib”.

“Azərbaycan dövləti “Avroviziya” müsabiqəsi ilə bağlı geniş tikinti işləri həyata keçirir və burada müəyyən məqsədlər güdür”.


2012-ci ildə bu iki xəbər BBC tərəfindən yayımlanmış, bunun üzərində xeyli müzakirə açaraq Azərbaycan haqqında mənfi rəylər səsləndirilmişdi. Lakin “World Series Boxing” “10 milyon rüşvət” iddiasını təkzib etdi. “Avroviziya” müsabiqəsi də uğurla keçirildi.

Daha sonra bu “informasiya hücumları”nın detalları bəlli oldu. Belə ki, bu xəbərlərin yayılmasından bir müddət öncə BBC-nin rəhbərliyi Bakının mərkəzində nəhəng tikinti layihəsinin həyata keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edir. Layihəyə əsasən, köhnə dəyirmanın yanında (Nizami küçəsi-red) inşa edilmiş “Landmark” tipli binada böyük media mərkəzi, xarici təşkilatların, şirkətlərin ofisləri, BBC-nin bürosu, xarici diplomatik nümayəndəliklər və digər qurumların yerləşməsi nəzərdə tutulur. Lakin BŞİH şəhərin mərkəzində belə böyük yerin olmadığını əsas gətirərək, BBC-nin müraciətinə mənfi cavab verir. Ardınca BBC-nin Azərbaycana qarşı informasiya müharibəsi başlayır.

BBC-nin bu cür fəaliyyəti haqqında faktlar az deyil. Misal üçün, bir neçə il öncə İngiltərənin “İndependent” qəzetinin araşdırması nəticəsində BBC-nin maliyyə fırıldağı ilə məşğul olduğuna dair yeni faktlar üzə çıxıb. Qəzet BBC-nin FBC Media şirkətindən 1 funt sterlinqə sənədli film almağının necə mümkün olduğu ilə bağlı araşdırma apararkən məlum olub ki, bu filmlərin aid olduğu ölkələrin rəhbərliyi öz ölkələri barəsində çəkilən filmin BBC-də nümayişi üçün milyonlarla funt sterlinq xərcləyirmiş. Araşdırmaya görə, belə ölkələrdən biri olan Malayziya hökuməti BBC-də yayımlanan 8 filmi çəkmək üçün FBC-yə 17 milyon funt sterlinq ödəyib. Filmin mövzusu isə Malayziyanın mübahisəli palma yağı sənayesinin müsbət yöndə işıqlandırılmasıdır. Sonradan BBC buna görə tamaşaçılarından üzr də istəyib.

Yaxud “Ərəb baharı”nın vurduğu Hüsnü Mübarəki atəşli şəkildə tənqid edən media qurumunun paralel olaraq onun pulu ilə çəkdiyi sənədli filmləri də nümayiş etdirməsi unudulmayıb.

Göründüyü kimi, transmilli media korporasiyalarının tutduğu yol obyektivlik və vicdanlılıqdan deyil, maliyyə və müstəmləkə maraqlarından keçir.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR