NATO Azərbaycan sərhədlərində nə axtarır? – TƏHLİL
Bizi izləyin

Nida.az

NATO Azərbaycan sərhədlərində nə axtarır? – TƏHLİL

“Biz NATO təlimləri ilə ittifaqın silahlı qüvvələri və gürcü hərbçilərinin qarşılıqlı əlaqəsini yaxşılaşdırmaq niyyətindəyik. Mümkündür ki, hərbi təlimlər Gürcüstanda təşkil olunsun”.


NATO baş katibi Anders Foq Rasmussenin bu açıqlaması Ukrayna böhranı üzündən gərginləşən Rusiya və Qərb münasibətləri, tərəflərin qarşıdurması və təsir imkanları üzərində başlanan savaş fonunda diqqət çəkir. NATO belə bir addımla Ukraynadan sonra Rusiya sərhədlərinə doğru daha bir addım atmış olur. Lakin söhbət həm də Azərbaycan sərhədlərinə bitişik ərazilərdə NATO qüvvələrinin yerləşdirilməsindən gedir. Bəli, məhz qüvvələrinin. Çünki Rusiya ilə qarşıdurma fonunda NATO təlim adı ilə öz qüvvələrini burada yerləşdirməsi ən doğru yanaşma olardı.

Rusiyaya qarşı yeni cəbhənin açılacağı ehtimal olunan Uels sammiti öncəsi baş katibin bu açıqlaması təsadüfi hesab olunmamalıdır. Hələ ki ortada real addımlar yoxdur, lakin NATO bununla Moskvaya mesajını verir.


Azərbaycana doğru “yürüşü” sürətlənir: Bakının oynadığı kartlar

Bu mesajın Azərbaycana təsirsiz ötüşməyəcəyi ortadadır. Çünki Bakı öz yolunu tutub və heç bir ittifaqda, birlikdə təmsil olunmadan siyasi xəttini yürüdür. Bu, Qərb və Rusiya cəbhəsinə bəzən yarasa da, çox vaxt hər iki tərəf Azərbaycana seçim etməsi üçün mesajlar göndərir. Bakının öz seçimini etməsi ilə Cənubi Qafqazın taleyi həll oluna bilər. Bunu hər iki cəbhə yaxşı bilir. Məhz buna görə də Azərbaycanın ələ alınması üzərində Qərb və Rusiya arasında incə savaş gedir. NATO Moskvaya “sərhədlərinə yaxınlaşıram” mesajını verməklə yanaşı, bunun Azərbaycana daha da yaxınlaşmaq olduğunu da anlayır.

Güman ki, bundan sonra hər iki tərəfin Bakıya doğru “yürüşü” sürətlənəcək və Azərbaycanı yanına çəkmək üçün ola bilsin ki, mümkün təzyiq rıçaqları da işə düşsün. Lakin Bakı öz mövqeyində möhkəm dayanır. Bir tərəfdən Rusiya ilə münasibətləri yüksək səviyyədə saxlayır, digər tərəfdən NATO-nun mühüm proqramlarında yer alır. Bakı öz çıxarının yaxşı bilir və bu kartlarla oynayır. Hansı ki, bundan ağıllı gediş mümkün deyil.

Ən kritik məqam isə hazırda mesajlar şəklində özünü göstərən prosesin gerçəkləşməsidir. O zaman vəziyyətin daha sərt hal alacağı qaçılmaz olacaq.


“Rusiya təhlükəsi olmasaydı, regionun heç bir ölkəsi NATO barəsində düşünməzdi”

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Publika.az-a açıqlamasında NATO-nun bu addımını Gürcüstanın təhlükəsizliyi ilə əlaqələndirir.
“Gürcüstan təhlükədədir. Ukrayna boyda əraziyə hücum oldu. Gürcüstanı işğal etmək çox asandır. Faktiki olaraq Cənubi Osetiya ilə Abxaziyanı işğal edərək Gürcüstanı mühasirəyə alıb. Buna görə də Tiflisin ciddi dəstəyə ehtiyacı var. Əslində Rusiya təhlükəsi olmasaydı regionun heç bir ölkəsi NATO barəsində düşünməzdi. Məhz real təhlükəyə görə NATO region ölkələri üçün aktuallaşır”, - deyə politoloq bildirib.


“Bakı ağıllı gedişlərlə dövlət maraqlarını toxunulmaz saxlayacaq”

V.Quluzadə hesab edir ki, NATO Gürcüstana gəlməklə Rusiya sərhədlərinə daha da yaxınlaşır: “NATO həm də Azərbaycan sərhədlərinə qədər gəlir. Bununla NATO Qafqazda real gücünü formalaşdıracaq və bu, regionun digər ölkələrinə də təsir edəcək. Təbii ki, söhbət Azərbaycandan gedir. Ermənistan onsuz da Moskvaya bağlıdır. Azərbaycan isə öz uğurlu balans siyasətini davam etdirməkdədir. Gələcəkdə tərəflərin hər birinin təsiri arta bilər. Lakin inanıram ki, Bakı hər zaman olduğu kimi ağıllı gedişlərlə dövlət maraqlarını toxunulmaz saxlayacaq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm