İŞİD-in “azərbaycanlı ordusu” haqqında ŞOK FAKTLAR – VİDEO/FOTO
Bizi izləyin

Nida.az

İŞİD-in “azərbaycanlı ordusu” haqqında ŞOK FAKTLAR – VİDEO/FOTO

İngiltərənin “The Telegraph” qəzeti İŞİD tərkibində döyüşən mühacir döyüşçülərin siyahısını yayımlayıb.
Siyahıya görə, İŞİD-in tərkibində Türkiyədən 500, Rusiyadan 423, Serbiyadan 350, Belçikadan 296, Albaniyadan 140, Kosovadan 150 döyüşçü var.

Siyahıda azərbaycanlıların sayı göstərilmir, halbuki Suriyada “Allahu-Əkbər” sədaları altında başlanan “cihad”a Azərbaycandan da yüzlərlə şəxsin qatıldığını bilirik. Lakin onların sayının nə qədər olduğu indiyə qədər dəqiq bilinmir.


Publika.az İŞİD-in tərkibində döyüşən azərbaycanlılarla bağlı araşdırma aparıb.


2011-ci ildə Bəşər Əsədə qarşı Suriya xalqının ayağa qalxması daha sonra dini müstəviyə keçərək “cihad” savaşına çevrildi. O vaxtdan etibarən, Azərbaycandan da Suriyaya yollanaraq “cihada” qoşulanlarla bağlı bir-bir xəbərlər gəlməyə başladı. Hətta ilk azərbaycanlı döyüşçünün kimliyi də bəllidir. Belə ki, vaxtilə Qarabağ Azadlıq Təşkilatının üzvü olmuş, Qarabağ döyüşlərində iştirakçısı Rüstəm Əsgərov Suriya “cihad”ına qoşulan ilk azərbaycanlı, hətta ilk mühacir döyüşçü adını alıb.


Dindarlığı ilə seçilən R. Əsgərov Suriya-Türkiyə-Azərbaycan marşrutu ilə ticarət edib. Daha sonra Türkiyəyə köçərək orda yaşamağa başlayıb, ardınca Suriyaya “cihada” yollanıb.


Onun ardınca onlarla azərbaycanlı Türkiyə xətti ilə Suriyaya yollandı. Məlumatlara görə, azərbaycanlılar Suriyada “Əl-Nüsra” Cəbhəsi, İŞİD və digər qruplaşmalarda döyüşürlər. Ən maraqlısı isə Suriyadakı azərbaycanlıların 60 faizə qədərinin İŞİD tərkibində olması barədə yayılan xəbərlərdir. İraqda “İslam dövləti” yaratdığı elan edən İŞİD “cihadçılar” üçün cazibədarlığını da artırdı və azərbaycanlıların təşkilata axını gücləndi. Sosial şəbəkələrdə yayılan videogörüntülərdən, həmçinin azərbaycanlıların Azərbaycanda yaşayan müsəlmanlara “cihada qoşulun” çağırışlarından soydaşlarımızın qruplaşma tərkibində olduğu aydın olur.


Misal üçün, ötən ay İŞİD-in Abu Musa ləqəbli azərbaycanlı döyüşçüsü Azərbaycan müsəlmanlarını Suriya və İraqda döyüşə dəvətə çağıran müraciət yayıb.

“Sadəcə, təyyarəyə, yaxud da maşına minin və gəlin. Burada sizi qarşılayacağıq, inanın ki, heç bir problem yoxdur. Müsəlmanlar imanın olmadığı ölkələrdə yaşamamalıdır. Ey müsəlmanlar, oyanın! Biz sizin qardaşlarınızıq, Azərbaycandanıq, mücahidlərik. Biz yalanların olduğu torpaqdakı qardaşlara, bacılara, hələ də din üçün əziyyət çəkənlərə təbriklər göndəririk. Allaha səmimi olaraq inanan o qardaş-bacılara demək istəyirik. Kim ki, Azərbaycanda, yaxud başqa ölkələrdə tağut (idarəetmə-red) qaydalarına uyğun yaşayır, onun dini Allahın tələb etdiyi kimi deyil. Çünki biz Allahın istəyi, peyğəmbərin əməl etdiyi kimi dinə tamamilə riayət etməliyik. Biz buradayıq, Allahın dininin olduğu yerdəyik. Allaha inanan və din yolunda əziyyət çəkənlər hicrət etməlidir. Azərbaycandan, eləcə də Rusiyadan sizləri bizə qoşulmağa dəvət edirik”, - müraciətdə deyilirdi.


İki ay öncə Türkiyənin “Cümhuriyyet” qəzetinin yaydığı məlumata görə, İŞİD İstanbul məscidlərini işğal etməklə Azərbaycan vətəndaşlarına bu məscidlərdə təlimat keçir, onları Suriya və İraqa yola salır. Təlimat keçənlər ən çox Azərbaycandan gələn gənclərdir.


Bu ilin 18 iyun tarixində yayılan videogörüntülərdə İŞİD-in azərbaycanlı üzvü divar arxasında qurulmuş postda dayanaraq İraq döyüşlərindən danışır və bildirir:

Azərbaycanda olanda davaya getməyə adamın ürəyi gəlməzdi. Burda isə göydə təyyarə uçur, top, tüfəng, snayper, nə varsa hamısını atırlar, amma biz ürəklə vuruşuruq. İnsanlığa qalsa, heç vaxt belə yerə gəlmərik. Amma bunu rəbbimiz istəyir. Biz istəyimizi rəbbimizin istəyinə qurban veririk. Bizi yaradan deyir – vuruşun, mən kiməm vuruşmayam. İnsanlar əsla vuruşmaq istəməz. Sadəcə istəyər ki, Allahın dininə ibadət etsin. Amma insanlar ibadət etmirlər. İbadət etməyənlər haqda Allaha nə deyir? Hədis surəsində deyir ki, mən kitabı endirdim, peyğəmbərlər göndərdim, sonra dəmiri yaratdım. Dəmiri endirməkdə səbəb Allahın dini üzərində hakim olmaqdır. Kitabı dəmirlə yaymaqdır. Mən kiminsə qapısını döyüb desəm ki, Allahın şəriətini gətirmişəm, mənə gülərlər, hətta istehza edib alçaldarlar da. Ona görə dəmirlə gəlmək lazımdır ki, ya tabe olmalısan, ya da ölməli. Bizim itirəcəyimiz heç nə yoxdur. Biz ölsək, Allah deyir ki, onlara ölü deməyin. Ya şəhid olacağıq, ya da zəfər qazanacağıq”, - deyə azərbaycanlı mücahid bildirir.


Araşdırmamızda ortaya çıxan bir fakt maraqlıdır. Belə ki, İraqda döyüşən İŞİD –in Qafqaz əmirliyi bu bölgədən olan bütün döyüşçüləri, çeçenləri, azərbaycanlıları özündə birləşdirir. Həmçinin, sayları az olsa da müsəlmanlığı qəbul etmiş rusları, eləcə də Rusiya daxilində yaşayan digər xalqların nümayəndələrinin əksəriyyəti bu əmirliyə daxildir. Rusiyadan olan 423 döyüşçü də məhz İŞİD-in tərkibindəki Qafqaz əmirliyinə daxil olanlardır. Qafqaz əmirliyində say baxımından iki böyük camaat var. Azəri və çeçen camaatı. Lakin çeçenlərin sayı yüzlərlədir. Azəri camaatında birləşən azərbaycanlılar çeçenlərdən olduqca azdır. Rusiyadan olan digər döyüşçülər əsasən çeçen camaatında birləşirlər. Burada hər kəs Qafqaz əmirliyin əmiri Ömər Şişaniyə tabedir.

Lakin unutmaq lazım deyil ki, İŞİD-in Suriya qolu da hazırda fəaliyyət göstərir. Məlumatlara görə, İŞİD-in tərkibində döyüşən azərbaycanlıların böyük əksəriyyəti məhz Suriya qolunda təmsil olunurlar. Onlarla İŞİD üzvü olan azərbaycanlının ölüm xəbəri də bunu deməyə əsas verir. Misal üçün, ötən ilin mart ayında İŞİD (o zaman İraqa hücum edilməmişdi-red) 12 azərbaycanlı döyüçünün öldürülməsi haqda məlumat yaymışdı.


İraqdan fərqli olaraq Suriyada döyüşən azərbaycanlı İŞİD-çilər heç bir əmirliyin tərkibinə daxil deyil. Ayrıca “Azəri camaatı” qruplaşması adı altında fəaliyyət göstərirlər. Bu günlərdə “Azəri camaatı” müraciət yayaraq İŞİD-in düz yolda olduğunu açıqladılar. Həmin müraciətdə deyilir: “Biz İslam dövlətinin (İŞİD-red) yanlış yolda olduğunu deyənlərə demək istəyirik ki, gözlərinizi açın. Allah qüdrətli İslam dövləti qurmaq üçün müsəlmanlara şans verib. Həmçinin, Allah bizə tank, təyyarə və digər qənimətlər bəxş etdi. Biz Azərbaycan camaatı İslam Dövlətinin Raqqa şəhərindəyik. Burada şəriət qanunlarının tətbiq edirik, şəriət məhkəməsi yaratmışıq. Allaha sükürlər olsun ki, indi İslam dövləti var və bizə İslam torpaqlarında şəriəti tətbiq etməyə imkan verib. Bizi eşidən qardaş və bacılara müraciətimiz budur ki, imansızlar torpağında qalmayın, İslam torpaqlarına hicrət edin”.


Qurandan ayələr gətirilən müraciətdə qeyd olunur: “İmansızlar ölkəsində yaşayan müsəlmanlar bizdən biri deyildir. Allahın dini şəffafdır. Peyğəmbər deyir: “Mən gecə və gündüz kimi aydın olan dini yaymışam”. Cihad bütün müsəlmanlar üçün vacibdir. Bütün müsəlmanlar müsəlmana kömək etməyə borcludur. Cihadı tənqid edən iltihablaşmış ürəklərə malik olan insanlara demək istəyirik ki, kimlər cihadın olmadığını deyir, onlar şeytanın yolundadır. Cihad buradadır, görmək və qatılmaq istəyənlər gəlsin”.

Bundan əvvəl “Azəri camaatı” ABŞ-ı tənqid və təhdid edən açıqlama da yaymışdı.


Bütün bunlar Yaxın Şərqi qana boyayan İŞİD təşkilatında azərbaycanlıların da olduğunu təsdiq edir. Onların sayına gəldikdə isə ümumi hesablamalara görə, 100-dən artıqdır. Belə ki, Suriya “cihadı”na təxminən 200-dən artıq azərbaycanlının (öldürülən və yeni gedənləri də daxil etdikdə-red) qatıldığı deyilir. Onlardan 60 faizə qədəri də İŞİD-in tərkibindədir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm