Azərbaycan XXI əsrin iqtisadi möcüzəsinə necə çevrildi? – TƏHLİL
Bizi izləyin

Nida.az

Azərbaycan XXI əsrin iqtisadi möcüzəsinə necə çevrildi? – TƏHLİL

Ümumdünya İqtisadi Forumu (ÜİF) 2014-2015-cü illər üzrə dünya iqtisadiyyatlarının rəqabətə davamlılıq reytinqini açıqlayıb. Reytinqə görə, Azərbaycan dünya iqtisadiyyatının daha rəqabətə davamlı ölkələri sırasına daxil olub və 144 ölkə arasında 38-ci olub.

Hesabata görə, UİF-in makroiqtisadi sabitlik reytinqinin göstəricilərinə görə, Azərbaycan ilk onluğa daxil olaraq 9-cu pillədə qərarlaşıb, həmçinin, əmək bazarının effektivliyinə görə, Azərbaycan 33-cü yerdə mövqe tutur. İnnovasiya potensialının göstəricilərinə görə də Azərbaycan irəliləyərək 72-ci, texnologiya səviyyəsinə görə 56-cı, təsisatların keyfiyyətinə görə isə 60-cı yeri tutur.

Dünya iqtisadi mənzərəsində gənc Azərbaycan dövlətinin bu göstəriciləri ümumi müqayisələrə görə olduqca yüksəkdir. Bunu dünyanın aparıcı reytinq təşkilatları, iqtisadi ekspertləri də etiraf edir. Təsadüfi deyil ki, Avropanın inkişaf etmiş ölkələrində nümunə kimi göstərilən Azərbaycan iqtisadiyyatı öz inkişaf tempi və dayanıqlığı ilə iqtisadi siyasəti təcrübə olaraq öyrənilən ölkələrdəndir. Təbii ki, bu inkişafa və dayanıqlığa səbəb olan amillər var. Müasir dünya iqtisadiyyatında özəlləşdirmə, sahibkarlıq fəaliyyəti əsas funksiya olaraq qəbul edilir. Lakin iqtisadi böhranlar zamanı, bir sıra ölkələrdə sahibkarların iflasa uğraması, həmin dövlətin də iqtisadiyyatına böyük zərər vurub. Dünyanın aparıcı iqtisadi beyin mərkəzləri də məhz bu halların Azərbaycanda niyə yaşanmamasını araşdırır və bunu yüksək qiymətləndirirlər.


Sahibkarlığın inkişafı: dövlətin diqqəti və...


Azərbaycanın nail olduğu iqtisadi dayanıqlığı, ilk növbədə, dövlətin iqtisadi mühitdə yaratdığı şəffaflıq, biznes fəaliyyətinə başlamaq üçün sadəliyin təmin edilməsi və dövlət tərəfindən özəl sektora göstərilən dəstəkdir. Təsadüfi deyil ki, ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədi ilə Prezident İlham Əliyevin “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” 2007-ci il 25 oktyabr tarixli Sərəncamı ilə biznesə başlamaq proseduru kifayət qədər sadələşdirildi. Belə ki, “bir pəncərə” sisteminin tətbiqindən sonra biznesini qeydiyyatdan keçirmək istəyən sahibkar əvvəllər olduğu kimi uzun müddət deyil, 3 gün gözləyir və tələb olunan prosedurların sayı 15-dən 5-ə qədər azaldılıb. Bunun ardınca isə sadələşdirmə prosesinin məntiqi davamı olaraq biznesə başlamaq istəyən şəxsin elektron qeydiyyata alınması üçün həyata keçirilən prosedurların sayı 6-dan 3-ə endirilib. Tələb olunan sənədlər isə 2-yə qədər azaldılıb.

Sahibkarlıq fəaliyyətinə tətbiq olunan vergi dərəcələri də azaldılıb. Belə ki, vergi dərəcələri tədricən 35 faizdən 20 faizə, ƏDV-nin dərəcəsi 28 faizdən 18 faizə endirilib, o cümlədən bir sıra vergilərin ləğv edilməsi, fiziki şəxslərin gəlirlərindən tutulan vergilərin dərəcələrinin maksimum həddinin isə 55 faizdən 35 faizə endirilməsi sahibkarlıq fəaliyyətinin stimullaşdırılması ilə nəticələndi.


Xarici investisiya necə cəlb edildi?


Bununla yanaşı, Azərbaycanda xarici investorların da fəaliyyətinin asanlaşdırılması məqsədilə bir sıra işlər həyata keçirilir. Dövlət başçısının “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” 11 noyabr 2008-ci il tarixli Fərmanına əsasən, bir sıra dəyişikliklərin edilməsi, həmçinin, bir sıra güzəştlərin qəbul edilməsi xarici investisiyanın Azərbaycanın şəffaf iqtisadi mühitində fəaliyyətini genişləndirib. Həmin güzəştlərdən biri də, Hasilatın Pay Bölgüsü haqqında Sazişlərdə (HPBS) və boru kəməri layihələri üzrə sazişlər çərçivəsində fəaliyyət göstərən podratçıların, onların agentlərinin və subpodratçıların idxal rüsumunu ödəmədən və məhdudiyyətsiz neft-qaz sənayesi təyinatlı əmtəələri Azərbaycana idxal və yenidən-ixrac edə bilməsidir. HPBS rejimli idxala ƏDV 0 faiz tətbiq olunması da bu güzəştlər sırasındadır. Eyni zamanda, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi” haqqında qanuna əsasən, neft-qaz sahəsində podratçıların və subpodratçıların ixrac məqsədli fəaliyyətinə 0 faiz dərəcəsi ilə ƏDV tətbiq olunur. Məhz bu işlərin nəticəsində bu gün Azərbaycana yatırılan investisiyaların həcmi milyardlarla ölçülür.


İnsan İnkişafı İndeksi: dünya göstəriciləri iki dəfə qabaqlandı


Son illərin ümumi reytinq cədvəllərində Azərbaycanın yeri ildən-ilə yüksəlir. İlk növbədə ölkədə insan indeksinin inkişafı diqqət çəkir. Belə ki, 2000-ci ildən bu yana Azərbaycan İnsan İnkişafı İndeksinin artımının sürətinə görə dünya göstəricisini iki dəfə qabaqlayaraq planetin “Top-15”liyinə daxil olub.

Tədqiqatlar göstərir ki, heç də iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrin hamısı Azərbaycan kimi insan inkişafı indeksini yaxşılaşdıra bilmir. Məsələn, son illər iqtisadiyyatları sürətlə artan Çin, Braziliya və Türkiyə kimi dövlətlər insan inkişafı indeksinə görə Azərbaycandan xeyli geridə qalırlar. Bu müqayisə Azərbaycan hökumətinin iqtisadi müstəvidə əldə etdiyi nəticələrin uğurla insanların sosial rifah müstəvisinə transformasiya etdiyinin göstəricisidir.

Bununla yanaşı, İnsan İnkişafı hesabatlarında Azərbaycanın uğurlu mövqelərindən biri də Gəlirlər üzrə Cini indeksində (gəlirlərin təmərküzləşmə əmsalı, gəlirin bölgüsündə qeyri-bərabərlik dərəcəsini miqdarca qiymətləndirməyə imkan verən statistik göstəricidir- red) ən aşağı həddə - 16.8-ə bərabər olmasıdır ki, bu da ölkəmizdə gəlirlərin əhali qrupları arasında planetin digər dövlətləri ilə müqayisədə ən ədalətli bölgüsünü ehtiva edir. Belə ki, “qeyri-bərabər bölgü də nəzərə alınmaqla adambaşına düşən gəlir” səviyyəsinə görə Azərbaycan dünyanın 50 ən güclü inkişaf etmiş ölkəsinin sırasına daxil olub. Məlumat üçün deyək ki, İnsan İnkişafı İndeksi – adambaşına gəlir, təhsil və səhiyyə səviyyəsi əsas götürülərək hesablanır.


Beynəlxalq reytinqlərdə Azərbaycan: pillə-pillə irəli


Son 5 ildə Azərbaycan öz reytinqini artırması açıqlanan hesabatlarda əksini tapır. Misal üçün, 2009-2010-cu illər üçün hazırlanmış “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəldi.


“Doing Business-2009” və “Doing Business-2010” hesabatlarında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə olaraq göstərildi. Azərbaycan “Doing Business-2011” hesabatında 69-cu yerdə qərarlaşdı. “Doing Business - 2012” hesabatında ölkəmiz daha 3 pillə irəlilədi.

“Doing Business - 2013”də də bu irəliləyiş davam etdi. Ümumdünya İqtisadi Forumu (ÜİF) bundan əvvəlki reytinq hesabatlarında da pillə-pillə irəliləyən Azərbaycan 2014-2015-cü illər üzrə də deyildiyi kimi, 38-ci yerdə qərarlaşmaqla ötən ilki göstəricisini bir pillə də yaxşılaşdırdı. Azərbaycan bu göstəricini 144 ölkə arasında əldə edib. Bunu da xüsusi vurğulamaq lazımdır.

Beləliklə, Azərbaycan iqtisadiyyatının gələcək inkişafı ilə bağlı beynəlxalq təşkilatların proqnozları nikbindir. Bütün bunlar onu göstərir ki, sürətli inkişaf dövrünü yaşayan Azərbaycan inkişaf etmiş ölkəyə çevrilməyi qarşısına məqsəd qoyub və bu istiqamətdə inamla irəliləyir. Yaxın gələcəkdə dünya Azərbaycanı İnkişaf etmiş ölkələr sırasında gördüyü zaman təəccüblənməyəcək.


“Azərbaycan Avropanın ixracatçısına çevrilə bilər”


İqtisadçı ekspert Vüqar Bayramlı Publika.az-a açıqlamasında Azərbaycanın öz göstəricilərini yaxşılaşdırmasını ağıllı siyasətin aparılması ilə yanaşı, Azərbaycan dövlətinin həssas məqamlarda ehtiyatlı addımlar atması ilə əlaqələndirib. Ekspert qeyd edib ki, bunu beynəlxalq reytinq təşkilatlarının hesabatlarından da görmək olur.
“Azərbaycan qarşısında qoyduğu A zonasına daxil olmağı heç də utopiya deyil. İqtisadi inkişaf Azərbaycanın tezliklə bu zonaya daxil olacağını deməyə əsas verir. Nəzərə alsaq ki, Avropa ölkələrinin bir çoxu böhranın fəsadlarından əziyyət çəkir, belə halda böhranın təsir etmədiyi Azərbaycan üçün yeni imkanlar da artır. Bu imkanlardan biri də ixracatçı ölkəyə çevrilməkdir. Düzdür, bu gün Azərbaycan bir sıra ölkələrə müxtəlif məhsullar ixrac edir. Lakin bunun genişləndirilməsi inkişafa daha müsbət təsir göstər bilər. Bu mənada dünyanın hazırkı iqtisadi vəziyyətini dəyərləndirərək, lazım olan imkanlardan istifadə etmək lazımdır”.
Ekspert diqqətə çatdırıb ki, Azərbaycan Avropanın da ixracatçısına çevrilə bilər ki, bunun üçün ölkənin imkanları genişdir.


Acından ölən Ermənistan: 85-ci yer, yoxsa şişirdilmiş rəqəm?


ÜİF-in hesabatında diqqət çəkən məqam Ermənistanın göstəriciləridir. Hesabata görə, Ermənistan 85-ci yerdə qərarlaşıb. Bu Azərbaycan göstəricilərindən iki dəfədən də artıq geridə qalmaq deməkdir ki, bunu təbii qarşılamaq olar. Çünki Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanın faktiki olaraq rəsmi Bakının sərt təcridetmə siyasəti nəticəsində bölgədəki bütün beynəlxalq layihələrdən kənarda qalıb. Əhalisi acından ölmək səviyyəsinə gələn Ermənistandan hər il yüzminlərlə insan mühacirətə gedir.


Publika.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər üzrə komitəsinin üzvü Fəzail İbrahimli isə hesab edir ki, Ermənistanla bağlı göstəricilər şişirdilib: “Ermənistana çox hörmətlə yanaşıblar. Çünki Ermənistanın hansı iqtisadi inkişafından söhbət gedə bilər. Özünü heç bir inkişafı yoxdur, yalnız kənardan yardımlar alır, erməni diasporunun maliyyəsi hesabına yaşayır. Ermənistanın vəziyyəti “qızıl teştə qan qusmaq” kimidir. Azərbaycanın torpaqlarının işğal edib, lakin acından ölürlər. Regionda heç bir beynəlxalq layihələrdə yer ala bilmir. Azərbaycanla, Türkiyə ilə sərhədləri bağlanıb, yalnız İranla müəyyən münasibətləri var. Amma kənar dövlət başqa dövlətin iqtisadi inkişafını təmin edə bilməz”.
Deputat qeyd edib ki, bu gün Ermənistana kənardan daxil olan pullar yalnız əhalinin acından ölməməsinə sərf edilir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm