Eldar İbrahimov ovçuluq təsərrüfatlarından DANIŞDI
Bizi izləyin

Nida.az

Eldar İbrahimov ovçuluq təsərrüfatlarından DANIŞDI

Bu gün Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.

Publika.az-ın məlumatına görə, iclasda əvvəlcə komitənin 2014-cü il yaz sessiyasının yekunlarına dair gördüyü işlər və payız sessiyasının qanunvericilik işləri planı barədə məlumat verilib.

İclasda çıxış edən komitə sədri Eldar İbrahimov bildirib ki, 2014-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə komitənin 3 iclası keçirilib.

Onun sözlərinə görə, bu iclaslarda 7 məsələ, o cümlədən 5 qanun layihəsi müzakirə edilib:

“Milli Məclisin digər komitələrindən daxil olmuş qanun layihələrinə aqrar siyasət komitəsi tərəfindən ətraflı rəylər hazırlanıb göndərilib”.

Komitənin payız sessiyasının qanunvericilik işləri planından danışan E.İbrahimov məlumat verib ki, yaxın vaxtlarda “Kənd təsərrüfatı kooperasiyası haqqında” və “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanunların işlənib hazırlanması gözlənilir.

Sonra gündəlikdə duran məsələlər müzakirə edilib. İlk olaraq “Ovçuluq haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsindən danışan E.İbrahimov bildirib ki, yeni düzəlişlər fərdi ovçuluq təsərrüfatlarının genişləndirilməsinə xidmət edəcək:

“Sənədə görə, hüquqi və fiziki şəxslər mülkiyyətlərində və ya icarələrində olan torpaqlarda fərdi ovçuluq təsərrüfatlarını təşkil edə bilərlər. Bu təsərrüfat sahələrində təşkil edilən ov zamanı ovçular həmin təsərrüfatın sərhədlərini tərk etməməlidirlər”.

İclasda müzakirə edilən “Taxıl haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə görə, Dövlət Taxıl Fondu əsasən taxıl birjası vasitəsilə yerli istehsal, taxıl məhsullarına tələbat yerli istehsal hesabına ödənilmədikdə isə idxal hesabına formalaşır. Taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarəti funksiyalarını isə müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

“Yeyinti məhsulları haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsində bildirilir ki, yeyinti məhsullarına verilən uyğunluq sertifikatı həmin məhsulun son yararlılıq müddətinədək verilir. Sertifikatın (şəhadətnamənin) alınmasına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməlidir.

“Baytarlıq haqqında” və “Fitosanitar nəzarəti haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrində isə müəyyən texniki xarakterli düzəlişlər edilib.

Müzakirə olunan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm