Qərb Azərbaycan müxalifətinin qələməni qırır - Təhlil
Bizi izləyin

Nida.az

Qərb Azərbaycan müxalifətinin qələməni qırır - Təhlil

Avropa Şurası Parlament Assambleyasının prezidenti Anne Brassör Bakıya səfər çərçivəsində yüksək səviyyəli görüşlər keçirdi. Dövlət başçısı tərəfindən qəbul edilən AŞPA prezidenti bir sıra nazirlikdə oldu, həmçinin Milli Məclisdə qanunverici orqanın rəhbərliyi ilə də görüşdü. Xanım Brassör parlamentdə təmsil olunan siyasi partiya rəhbərləri ilə bir masa arxasına toplaşdı, müxtəlif müzakirələr aparıldı.


Xanım Brassörün Bakı səfəri bəlli olandan sonra çoxları kimi parlamentdə təmsil olunmayan müxalifət partiyaları da düşünürdü ki, AŞPA rəhbəri onlara da vaxt ayıracaq. Lakin avropalı qonaq bu gözləntiləri puça çıxardı. Səfər prosedurunun sıxlığını nəzərə alsaq, bu, o qədər də təəccüblü görünmür. Amma xanım Brassörün REAL təmsilçisi Natiq Cəfərliyə vaxt ayırması diqqətlərdən yayınmadı.

N. Cəfərlinin yaydığı məlumatına görə, xanım Brassörlə 3 saata yaxın ikitərəfli görüş keçirib, ölkədəki vəziyyəti müzakirə ediblər.

Məhz bu görüş bəzi suallar yaratdı, hansı ki bu suallar ehtimalları da gücləndirir.


Xanım Bröserin sıx səfər proqramında müxalifətə yer ayrılmaması Cəfərli ilə görüşə qədər sıradan hadisə hesab oluna bilərdi. Lakin AŞPA rəhbərinin 20 illik müxalifətlə deyil də, yeni yaranmış, 20 illik müxalifətin də dediyi kimi, iqtidara qarşı olan gənc siyasətçilərə vaxt ayırması Qərbin qarşıdakı proqramında ənənəvi müxalifətə yerin olmadığı, yaxud çox az yer ayrıldığı mənzərəsini göz önünə gətirir. Hansı ki, bu günə qədər zaman-zaman Qərbin Azərbaycan müxalifətini gəncləşdirmək cəhdləri haqqında informasiyalar yayılmışdı və buna əsas yaradan bir sıra məqamlar da olmamış deyildi. Buna paralel olaraq, Qərbin REAL-a diqqəti və bunun fonunda ənənəvi müxalifətə diqqətsizliyi də birinci dəfə deyil.

Əslində, siyasi müxalifətin illərə uyğun fəaliyyət xəttini analiz etdikdə səbəblər üzərində analiz aparmaq mümkündür.

“20 ildə nəsə dəyişməzmi?” ictimai baryeri ilə qarşı-qarşıya qalan müxalifət həqiqətən də irəliyə doğru addım atmaq istəyində görünmür, lakin buna rəğmən, eyni postların “zəbt edilməsi” də davam edir. Bu baxımdan, Qərbin öz “stavka”sını nəticəsiz işlərə yatırmaqdan usandığı ehtimalı güclü versiya olaraq peyda olur. Sual oluna bilər ki, hansısa müstəqil bir ölkənin siyasi hakimiyyətə iddialı qüvvələrini nədən başqa bir kənar qüvvə formalaşdıra, yarada və istədiyi anda üstündən xətt çəkə bilər?

Bu sual nə qədər haqlı olsa da, siyasi reallıq baxımından mövcud durumla uzlaşmır. Etiraf olunmalıdır ki, geosiyasi sistemdə oyunçular fiqurların yerdəyişməsində xüsusi rol alırlar. Adətən, dünya gücləri nisbətən kiçik və idarəolunan ölkələrdə müxalifətə siyasi balans üçün dəstək verir, lazımi formada maliyyə və digər dəstəyini əsirgəmir. Bu həm də cəmiyyətdə elektoratların bölünməsi, iqtidarların güclənməsinin qarşısına tramplinlərin düzülməsinə də xidmət edir. Diqqət yetirsək görərik ki, sözügedən oyunçularla hesablaşmayan siyasi partiyalar olduqca zəif durumla qarşılaşır, bunun əksinə olanlarsa maliyyə, təsir və resurs olaraq güclü tərəfə çevrilir. Həmçinin, iqtidardan narazı elektoratı daha çox öz ətraflarına toplaya bilirlər ki, bu da lazımi məqamlarda hökumətlərə təzyiq vasitəsi olaraq dövriyyəyə buraxılır.

Bütün hallarda dünyada belə mexanizmlərin olduğu və daima işlədiyi ortadadır. Amma nədən Azərbaycan müxalifəti əvəzlənmə ilə üz-üzə qala bilər?

Azərbaycanda müxalifət düşərgəsindəki qüvvələrin əksəriyyəti Qərblə əməkdaşlığı aydındır. Lazımi məqamlarda Qərbin maraqlarından irəli gələn məsələlərin müdafiə olunması da bəlli məsələdir. Qarşı tərəfin də onlara maddi və siyasi dəstəyi nəticəsində bu gün Qərbin burda təsiri özünü kifayət qədər biruzə verir. Təsadüfi deyil ki, Rusiyayönümlü siyasət kursunu götürmüş hansısa müxalifət partiyasının son 10 ildə ciddi bir qüvvə ilə ortaya çıxması görünməyib. Buna rəğmən siyasi müxalifət fiqurlarının üzərindən xətt çəkmək nədən zərurətə çevrilib?

Ötən il mediaya sızıdırılmış məlumatda olduqca ilginc detallar ortaya çıxdı. Belə ki, Qərb ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Bakı bürosu vasitəsilə müxalifəti potensial qərbçi gənclərlə əvəzləmək istəyində olduğu deyilirdi. Bu məqsədlə də xaricdə təhsil alan azərbaycanlı gənclərin siyahısı tam hazırlanıb, onların CV-sində maraq dairələrindən tutmuş dünyagörüşlərinədək bütün məlumatlar əks edilib. Bu prosesin reallaşması üçün USAİD-in Bakı ofisinə 20 milyon maliyyə yardımı da ayrılıb. Məlumata görə, hər şey 2015-ci ilin parlament seçkilərinə hesablanıb. Söhbət USAİD-dən - Azərbaycanda iqtidara qarşı savaş cəbhəsində dayanan təşkilatdan gedir. Hərçənd baş tutmasa da bu günlərdə mediaya dəstək adı altında yeni ssenarilər işə düşmüşdü.

Müxalifətin əvəzlənməsi prosesinin ilk konturları 2007-ci ildə üzə çıxmağa başladı. Həmin vaxt ABŞ dövlət katibinin müavini Daniel Frid Azərbaycana səfəri zamanı “ABŞ azərbaycanlı gənclərdən ibarət yeni müxalifətin formalaşmasını görmək istəyir” deyərək mesajı Bakıda qoyub getmişdi.
Həmin vaxtdan 3 il sonra ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun 2010-cu ildə Azərbaycana səfəri zamanı müxalifətlə görüşməməsi, əksinə, bir qrup gəncə vaxt ayırması da bu ehtimalı gücləndirdi.

Müxalifətin əvəzlənmə planının işə düşməsini zəruri edən səbəblərdən biri, bəlkə də birincisi, yatırılan “stavkalar”ın boşa getməsi, cəmiyyətdə lazımi gücə sahib ola bilməməsi, daha çox öz qınına çəkilərək daxili intriqalara yol açmasıdırsa, burda digər səbəblər də olmamış deyil.

Düzdür, hər şeydən öncə dəstəyin doğrultmaması önə çıxır. Yəni Qərb təkcə bəyanatlarla qane olmaq istəmir. Ona real iş lazımdır. Müxalif düşərgəsinin isə işindən çox, şikayətinin olduğu da ortadadır. Bəlkə də, buna qədər düşərgənin “iqtidar göz açmağa aman vermir” kimi əsasları inandırıcı görünürdü. Son bir neçə ildə isə bu əsasların öz qüvvəsini itirdiyi müşahidə olunur. Amma buna qədər Qərb gözləmə mövqeyində dayanırdı. Dözümlülük o vaxta qədər qorundu ki, qərbçi müxalifətin siyasi istiqamətindən “sapmalar” üzə çıxmağa başladı.


Son iki ili düşərgənin Rusiyaya istiqamət aldığı dövr hesab etmək olar. Kremlin “Milyarderlər ittifaqı” adı ilə hazırladığı ssenarilərdə nə qədər gözlənilməz olsa da, qərbçi müxalifət də yer aldı. Ssenariyə uyğun olaraq Rüstəm İbrahimbəyov ortaya çıxdı, Milli Şura layihəsi meydana gəldi və reallaşdı. Müxalifət 20 ildir Qərbdən istədiyi və gözlədiyi siyasi hakimiyyət dəyişikliyini bu dəfə Kremldən istəməyə başladı. Milli Şuranın nizamnaməsində “avrointerqrasiya böhranı” da layihənin Kremlə bağlı olduğunun təsdiqi idi. Düzdür, Müsavat bunu sona qədər müdafiə etməyi bacarmışdı. Lakin “Rusiya layihəsində bir punktla keçən “Avrointeqrasiya” Qərbi qane edirdimi?” sualına cavab da uzaqda deyildi. Milli Şuranın Avropa səfərlərində “sıcaq qarşılanmamaları” müxalifətin “qələminin qırmaq istəyini” göstərirdi. Bu, Kremlin yanında
olmağın cəzası idi.


Alternativlər də gizli deyil. Bunlar Qərb təhsili almış, bp, Amoko kimi korporasiyaların “Qafqaz canişinlyində” çalışanlar, Qərb donorları ilə fəaliyyət göstərən təşkilatlarda təmsil olunanlardır. Bu ehtimal onların fəaliyyətlərində də özünü göstərir. Müxalifət üçün ən alternativ variant isə REAL hesab oluna bilər. Xanım Bröserin Natiq Cəfərliyə 3 saatlıq vaxt ayırması da təsadüfi deyil. Bu həm də ona görə inandırıcıdır ki, REAL hərəkat olaraq formalaşıb, artıq partiya yaratmaq istiqamətində çalışmalara başlayıb.

İ. Məmmədovun həbsinin də bu qədər populyarlaşdırılması sadəcə “demokratiya gedişi” deyildi. Onun CV-nə nəzər saldıqda daha çox Qərb təşkilatları ilə çalışdığı aydın olur. Belə ki, REAL sədri AMİP-dəki müavin postundan getdikdən sonra 2004-cü ildə ABŞ səfirliyinin əməkdaşı olub. 2005-ci ildə Beynəlxalq Böhran Qrupunun Azərbaycanda təmsilçisi, 2006-2010-cu illərdə isə Açıq Cəmiyyət İnstitutunun (SOROS) Azərbaycandakı ofisində İdarə Heyətinin üzvü olub. Həmçinin bir sıra Qərb təşkilatlarının Azərbaycan təmsilçiliyində çalışıb ki, bu da onun əlaqələrindən xəbər verir.



Azərbaycan iqtidarını düşmən gözündə görən, daha çox şikayətlər və istəklər papkası ilə Qərbin qapısını döyən müxalifətə AŞPA rəhbərinin diqqətsizliyi müəyyən mənada bölgədəki geosiyasi durumla da bağlıdır. Qərb Bakını heç bir xırda məsələdə belə narazı salmaq istəmir, hansı ki, Ukraynadan sonra Moskvaya qarşı açılan cəbhədə bu vacib amildir. Bu həm də onu göstərir ki, Qərb Bakı iqtidarı ilə bundan sonra da işləməkdə maraqlıdır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm