Müsavatda gizli razılaşma: əsas ssenari sona saxlanılır- Özəl
Bizi izləyin

Nida.az

Müsavatda gizli razılaşma: əsas ssenari sona saxlanılır- Özəl

Müsavatda başqanlıq seçkiləri ilə bağlı gizli razılaşma əldə olunub.


Publika.az-a partiya fəallarından birinin verdiyi məlumata görə, başqanlığa namizədlər Qubad İbadoğlu və Səxavət Əlisoy arasında razılaşma var. Razılaşmaya görə, seçkilər ikinci tura qalacağı təqdirdə tərəflərdən biri digərinə güzəştə gedəcək.

Mənbə bildirib ki, bu, Arif Hacılının gücünə qarşı birləşməkdir. Çünki A. Hacılını partiyanın bütün rayon təşkilatları dəstəkləyir. Qurultay nümayəndələrinin əksəriyyətinin rayon təşkilatlarından seçildiyini nəzərə alsaq, onun şansları yüksəkdir.


“Arif Hacılı Qubad bəylə ayrıca görüşərək qurultaydan sonrakı prosesləri müzakirə edib. Əsas müzakirə məsələsi qurultaydan sonra partiyanın parçalanmamasıdır. Belə bir görüş Tural Abbaslı ilə də keçirilib”, - deyə mənbə bildirib.


Qeyd edək ki, A. Hacılı musavat.com-a müsahibəsində bu məlumatı təsdiqləyib. O, “Platformamın maddələrinin birində qeyd olunur ki, qurultayda seçkilərin nəticələrinin nə cür olmasından asılı olmayaraq mən Müsavat Partiyasında qalacağam. Keçirdiyim görüşlərdə bildirirəm ki, seçkilərdən sonra nəticələrdən asılı olmayaraq, bütün opponentlərimlə qucaqlaşmağa, nəinki onlarla birlikdə fəaliyyət göstərməyə, eyni zamanda onların komandasında olan, hətta bəzi hallarda etik qaydaları pozaraq müəyyən yolverilməz üsullardan istifadə edib mənə qarşı kampaniya aparan insanlarla da işləməyə hazır olduğumu bəyan edirəm. Bildirirəm ki, əgər o şəxslər desələr ki, bütün bunlar seçki kampaniyası kontekstində baş verən hadisələrdir, o kontekstdə ifadə edilən fikirlərdir, mən təbii ki, hər şeyi unutmağa və Müsavat Partiyasının hər üzvü ilə birlikdə fəaliyyət göstərməyə hazıram. Eyni zamanda bu mövzuda seçkilərdən əvvəl opponentlərimlə görüşüm olub. Konkret olaraq, Qubad İbadoğlu ilə, Tural Abbaslı ilə söhbət etmişəm. Mənim təşəbbüsümlə Qubad İbadoğlu ilə aramızda keçirilən bir saatdan artıq görüşdə biz bütün bu məsələləri ətraflı şəkildə müzakirə etmişik”, - deyə bildirib.


Lakin mənbə bildirib ki, A. Hacılının Səxavət Əlisoyla görüşməməsi qarşı tərəfdə qıcıq yaradıb. Məhz buna görə də, Əlisoy son anda A. Hacılının məğlub olması üçün Qubad İbadoğlunun xeyrinə namizədliyini geri götürə bilər.


“Qubad bəy bundan razıdır. Çünki o da bilir ki, təklikdə Arif bəyə məğlub olacaq. Ola bilsin ki, bu gün Qubad bəyi müsavatın intellektual kəsimi dəstəkləyir, amma qurultayda əsas üstünlük saylarda olacaq ki, bu da Arif Hacılının xeyrinədir”, - deyə mənbə bildirib.


Məsələ ilə bağlı Publika.az-a danışan Səxavət Əlisoy razılaşmanın olduğunu təsdiqləyib.


“Ekspertlər də vurğulayır, biz də ciddi təhlil etdikdə görünür ki, namizədlərin heç birinin səsi 1-ci turda qələbəni təmin etmir. Belə bir durumda, adətən, platforması, siyasi xətti, proseslərə baxışı yaxın olan namizədlər razılaşma barədə düşünür. Bu çox normal prosesdir və belə bir addımın qurultay zamanı reallaşacağı istisna deyil”, - deyə o qeyd edib.


Tural Abbaslı isə məsələyə fərqli yanaşır. O, Publika.az-a açıqlamasında bildirib ki, seçkilər ikinci tura qalacaqsa, iki nəfər başqanlıq yarışından uzaqlaşacaq.


“Əgər biz ikinci tura çıxmayacağıqsa, istər-istəməz digər namizədə səs veriləcək”, - deyə o da razılığın olacağını istisna etməyib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm