Xədicə İsmayılın “dalındakı” adamlar - Yeni faktlar- FOTOLAR
Bizi izləyin

Nida.az

Xədicə İsmayılın “dalındakı” adamlar - Yeni faktlar- FOTOLAR

Jurnalist Xədicə İsmayılın Azərbaycan hökumətinə qarşı apardığı kampaniyaya dəstək verən əsas adamın kimliyi bəlli olub.


Publika.az-a vaxtilə X. İsmayılın ətrafında olmuş şəxslərdən birinin verdiyi məlumata görə, bu şəxs Norveç İnsan Hüquqları Evinin rəhbəri Mariya Dahledir. Belə ki, X. İsmayılın Avropa əlaqələrini bu xanım təşkil edir, həmçinin, avrotəşkilatlardan xanım jurnalistə verilən qrantlar da onun tərəfindən təmin edilir.

Məlumata görə, X. İsmayılın arxalandığı bu xanım bəzi məsələlərdə onu təlimatlandırır da.


“Hökumətlə bağlı araşdırma adı altında yayılan informasiyaların bir çoxu xanım Dahlenin əli ilə Xədicə İsmayıla ötürülüb”, - deyə mənbə bildirir.

Qeyd edək ki, İnsan Hüquqları Evi Şəbəkəsi (İHEŞ) Qərbi Balkanlarda, Şərqi Avropa və Cənubi Qafqazda, Afrikanın Şərqində və Buynuzunda və Qərbi Avropada yerləşən 13 ölkədən olan 18 müstəqil İnsan Hüquqları Evlərində 90 insan hüquqları QHT-lərinin birləşmiş qüvvələrini özündə cəmləşdirir. İHEŞ-in məqsədi yerli insan hüquqları təşkilatlarını gücləndirmək və dəstəkləmək və onları İnsan Hüquqları Evlərinin beynəlxalq şəbəkəsində birləşdirməkdir.

Azərbaycan İnsan Hüquqları Evi İHEŞ-in üzvlərindən biridir və müstəqil görüş yeri, resurs mərkəzi və Azərbaycanda insan hüquqları təşkilatları üçün koordinator kimi xidmət göstəribdir. Ev Ədliyyə Nazirliyinin 10 mart 2011-ci il tarixli əmri ilə fəaliyyətlərini dayandırıbdır.


Osloda (Norveç) yerləşən, Cenevrədə (İsveçrə) də ofisi olan İnsan Hüquqları Evi Fondu (İHEF), İHEŞ-in katibliyidir. İHEŞ İnsan Hüquqları Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsinin və İnsan Hüquqları Müdafiəçilərinin Balkan Şəbəkəsinin tərəfdaşıdır.

İHEF Birləşmiş Millətlər Təşkilatı ilə məsləhətçi statusa, İHEŞ isə Avropa Şurası ilə iştirakçı statusa malikdir.


Onun Azərbaycan nümayəndəliyinin bağlanmasında əsas səbəb insan haqları adı altında ölkənin daxili işlərinə qarışmaq olub.


Ən maraqlısı isə, bu təşkilatın ona əks-fikir göstərənlərə qarşı sərt mövqe tutmasıdır. Evin Azərbaycan nümayəndəliyinin dağılmasında əsas səbəblərdən biri də bu olub. Belə ki, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov bildirir ki, xanım Maria Dahle Bakıda olanda onları konstruktiv mövqedə günahlandıraraq Evi dağıdıb: “Hətta iş o yerə çatıb ki, bizim tənqidlərimizə dözməyən evin norveçli iki xanımı bizi beynəlxalq tədbirlərdə görüb danışdırmırlar”.


Eyni aqibəti Sankt-Peterburq və Serbiyada olan insan haqları evləri də yaşayıb. Məlumatlara görə, onların mövqeyini tənqid edən insan haqları evlərinin hamısını intriqalar yolu ilə dağıdıblar.


Xanım Maria Dahle daim Azərbaycana qarşı sərt tənqidləri ilə yadda qalır. Misal üçün, o, sonuncu məqaləsində Azərbaycanı repressiyalar ölkəsi adlandırır. Dövlətə xəyanət və maliyyə gizlinləri ilə bağlı həbs edilən Leyla və Arif Yunusları, eləcə də digər QHT rəhbərlərini müdafiə edərək beynəlxalq təşkilatlara Azərbaycana təzyiq etmələri üçün çağırış edir.


“Azərbaycanın hakimiyyət orqanları bir-birinin ardınca ölkə rəhbərliyinin əsas tənqidçilərinə qarşı misli görünməmiş təzyiqlər həyata keçirir. Onlarla QHT-nin bank hesabları bağlanıb və ofislərində axtarışlar aparılır.

Beynəlxalq cəmiyyət hədəf alınmış və həbs edilmiş insan hüquqları müdafiəçilərini qorumaq üçün təcili tədbirlər görməlidir. Azərbaycan hal-hazırda Avropa Şurasının sədridir və beynəlxalq standartlara uyğun hərəkət etmək, təqib və repressiyalara son qoymaq və bütün həbs edilmiş insan hüquqları müdafiəçilərini azad etmək üçün daha böyük öhdəliyə sahibdir”, - deyə o, öz məqaləsində vurğulayır.


Fikir versək görərik ki, X. İsmayılla xanım Dahlenin ritorikası olduqca yaxınlıq təşkil edir. Hər ikisinin leksikonunda daim istifadə etdiyi sözlər, demək olar ki, eynidir.


Mənbə qeyd edir ki, xanım Dahlenin Bakıda xüsusi seminarları keçirilirmiş: “Bu seminarlarda həmişə hökumətə qarşı kampaniyanı necə aparmaq müzakirə olunurdu. Seminarların əsas iştirakçısı X. İsmayıl idi, sonradan onun əvəzinə bir neçə dəfə seminara rəhbərlik də edib”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm