Mətbuat Şurası Prezident Administrasiyasına müraciət edəcək
Bizi izləyin

Nida.az

Mətbuat Şurası Prezident Administrasiyasına müraciət edəcək

Xəbər verdiyimiz kimi, sentyabrın 24-də Prezident İlham Əliyev “Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncam ımzalayıb.

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov da sözügedən sərəncamı təqdir edib.

MŞ-nin sədri Ə.Amaşov Publika.az-a açıqlamasında deyib ki, Mətbuat Şurası sözügedən sərəncamdan irəli gələn məsələlərin həyata keçirilməsi üçün bir sıra tədbirlər həyata keçirəcək:

“Bu sərəncamın imzalanması çox vacib əhəmiyyət daşıyır. Bu sərəncam Azərbaycan Mətbuat Şurasının da üzərinə bir sıra məsuliyyət qoyur. Jurnalistlər və sosial media istifadəçiləri arasında maarifləndirmə işi aparılmalıdır. Bilirsiniz ki, bu ilin avqustunda cəbhə xəttində yaşanmış gərginliklə bağlı ölkənin bir sıra KİV-də düzgün xəbərlər dərc olunmayıb, əsasən də internet mediasında cəmiyyətə yanlış məlumatlar çatdırılıb. Təmas xəttində baş verən bu hadisələrlə bağlı Azərbaycanın əksər internet jurnalistikası düzgün xəbər siyasəti apara bilməyib, bəzi məqamlarda cəbhə xətti ilə bağlı yayılan xəbərlər uydurulub və bunun nəticəsində isə müəyyən problemlər yaşanıb. Bu problemlər əsasən də cəbhəyanı ərazilərdə yaşayan insanlar tərəfindən də müsbət qarşılanmadı. Çünki həmin uydurma məlumatlar yayılandan sonra düşmənin manipulyasiyasına çevrilib. Təbii ki, bütün bu hallar düşmən tərəfi üçün əlverişli imkanlar yaradıb. Bu baxımdan da cənab Prezidentin imzaladığı bu sərəncam vacib əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu sərəncam Azərbaycanda informasiya təhlükəsizliyinin tam təmin olunması üçün indiyədək həyata keçirilən tədbirlərin daha da sürətləndirilməsinə gətirib çıxaracaq.

Təbii ki, bu sərəncamdan irəli gələn məsələlərin həyata keçirilməsində Mətbuat Şurasının da üzərinə bir sıra öhdəliklər düşür. Biz də çalışacağıq ki, üzərimizə düşən bu missiyanı layiqli şəkildə yerinə yetirək.

Güman edirəm ki, yaxın günlərdə Mətbuat Şurası hərbi sahədə milli təhlükəsizliyimizə xələl gətirə bilən məlumatların KİV-də, internet resurslarda və sosial şəbəkələrdə yayılmasının qarşısının alınması üçün paytaxtda və bölgələrdə müvafiq tədbirlərə başlayacaq. Düşünürəm ki, bu sahədə ayrı-ayrı yerlərdə maarifləndirilmə tədbirlərinin aparılmasına ehtiyac var.

Hesab edirəm ki, ayrı-ayrılıqda həm internet media, həm çap media, həm də sosial şəbəkə istifadəçiləri ilə bu sahədə məsul olan media ekspertlərinin iştirakı ilə konfrans və “dəyirmi masalar” təşkil edilməlidir. Həmin tədbirlərdə də bütün bu məsələləri müzakirə etmək olar.

Ona görə də Azərbaycan Mətbuat Şurası bütün bu məsələlərlə bağlı təkliflərini yaxın günlərdə Prezident Administrasiyasına (PA) təqdim edəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm