• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Prezident: "Azərbaycanda heç vaxt dini, milli zəmində qarşıdurma olmayıb"

  • Nida.az
  • 2 Oktyabr 2014 11:50
  • 725 Baxış
Prezident: "Azərbaycanda heç vaxt dini, milli zəmində qarşıdurma olmayıb"

"Bu gün Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayıb. Forumun bütün iştirakçılarını səmimiyyətlə salamlayıram. Forumda 60-dan çox ölkədən 500-ə yaxın qonaq iştirak edir. Forumun keçirilməsi çox əlamətdar hadisədir. Artıq bu, gözəl ənənəyə cevrilib. Dördüncü dəfədir ki, forum keçirilir. Bu, əslində onu göstərir ki, belə müzakirələrə böyük ehtiyac var". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində çıxışı zamanı deyib.


Dövlət başçısı əminliklə bildirib ki, forum çərçivəsində aparılacaq diskussiyalar, fikir mübadiləsi humanitar əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək: "Biz Azərbaycanda bu sahəyə çox böyük diqqət göstəririk. Təsadüfi deyil ki, bu forum da məhz Azərbaycanda keçirilir. Deyə bilərəm ki, hazırda dünyada humanitar məsələlərin müzakirəsi üçün, təhlilin aparılması üçün bu forumun müstəsna rolu var. Buna görə foruma maraq durmadan artır. Bu, artıq beynəlxalq aləmdə önəmli bir formata çevrilib. Biz isə Azərbaycanda ölkələr arasındakı əlaqələrin inkişafı üçün humanitar aspektlərə dair böyük diqqət göstərmişik, cünki bizim tarixi keçmişimiz, mədəniyytimiz bunu diqtə edir".


Prezident İlham Əliyev qeyd edib ki, əsrlər boyu Azərbaycanda çoxkonfessiyalı, çoxmillətli cəmiyyət formalaşıb, mövcuddur və müstəqillik dövründə bu müsbət meyillər daha da gücləndi: "Azərbaycanda yaşayan bütün xalqlar dostluq, mehribanlıq şəraitində yaşayır, bir ailə kimi yaşayır. Azərbaycanda heç vaxt dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmamışdır və bu, bizim böyük sərvətimizdir. Çünki hər bir ölkənin gücünü, əlbəttə ki, bir neçə faktor müəyyən edir - siyasi imkanlar, iqtisadi güc və eyni zamanda, cəmiyyətdə mövcud olan ab-hava, iqlim və həmrəylik duyğuları. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın təcrübəsi çox müsbətdir və biz öz işimizlə dünyada gedən proseslərə öz müsbət töhfəmizi veririk".

İlham Əliyev çıxışında vurğulayıb ki, Azərbaycanda multikulturalizm həyat tərzidir: "Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud idi və xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə öz müsbət təsirimizi göstərək. Təsadüfi deyil ki, Azərbaycan tərəfindən irəli sürülmüş bir neçə təşəbbüs artıq həyatda öz yerini tapıb və bu təşəbbüslər ətrafında yeni imkanlar yaranıb. Misal üçün, qeyd etməliyəm ki, 2008-ci ildə Bakıda keçirilən Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etdik və birgə toplantı keçirdik. Bu, tarixdə ilk dəfə baş vermişdi. Azərbaycan həm Avropa Şurasına, həm İslam Əməkdaşlıq Təşkilatına üzv olduğu üçün bu təşəbbüsü öz üzərinə götürmüşdü. 2009-cu ildə artıq Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz Avropa Şurasından mədəniyyət nazirlərini dəvət etmişdik. Yəni, bu prosesə "Bakı təşəbbüsü" adı verilmişdi. Bu gün "Bakı prosesi" yaşayır və inkişaf edir".

Dövlət başçısı bildirib ki, Bakıda sivilizasiyalararası dialoq forumları keçirilib: "Bizim təşəbbüsümüzlə bir neçə il bundan əvvəl dünya dini liderlərinin zirvə görüşü keçirilmişdi. Bakı Beynəlxalq Humanitar Forumunun da mahiyyəti məhz bundadır. Forumda iştirak edən görkəmli ictimai, dövlət xadimləri, alimlər, mütəxəssislər, ekspertlər, əminəm ki, gələcək günlər ərzində öz maraqlı fikirlərini bizimlə bölüşəcəklər. Və beləliklə, biz birgə səylərlə humanitar sahəyə öz töhfəmizi vermiş olacağıq. Biz gələcəkdə də humanitar əməkdaşlığın dərinləşməsi üçün öz səylərimizi göstərəcəyik".

İlham Əliyevin fikrincə, bu, sirr deyil ki, bu forum artıq hər il keçiriləcək və beləliklə, bu format yaşayacaq. Dövlət başçısı qeyd edib ki, Azərbaycan humanitar əməkdaşlığa, humanitar məsələlərin həllinə həmişə böyük diqqət göstərib.

Azərbaycan Prezidenti deyib ki, ölkəmiz son illərdə humanitar sahədə böyük uğurlara imza atıb. Humanitar sahə Azərbaycan hökuməti üçün prioritet sahələrdən biridir və investisiyalar bu sahəyə qoyulur. Eyni zamanda, Azərbaycanda humanitar məsələlər uğurla öz həllini tapır.

İlham Əliyev qeyd edib ki, təhsilə böyük diqqət göstərilir. Son 10 il ərzində 3000-ə yaxın yeni məktəb tikilib, təhsilin keyfiyyətinin artırılması üçün islahatlar aparılıb: "Hesab edirəm ki, yaxın gələcəkdə biz bu islahatların gözəl nəticələrini görəcəyik. Eyni zamanda, Azərbaycan gəncləri dövlət xətti ilə, dövlətin vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərinə oxumağa göndərilir. Onlar gələcəkdə ölkəmizin inkişafında öz sözlərini deyəcəklər".

Dövlət başçısı hesab edir ki, səhiyyə sisteminin təkmilləşdirilməsi məsələsi çox aktualdır: "Nəzərə alsaq ki, müstəqilliyimizin ilk illərində səhiyyə sistemimizin maddi-texniki bazası tamamilə yararsız vəziyyətə düşmüşdü, biz böyük investisiyalar qoymaqla müasir səhiyyə infrastrukturunu yaratmışıq. Son 10 ildə 500-dən çox səhiyyə ocağı tikilib, təmir edilib və bu gün onların bir çoxu ən yüksək standartlara cavab verir. Mədəniyyətlə bağlı bizim təşəbbüslərimiz öz nəticəsini verir. Azərbaycanda mütəmadi qaydada beynəlxalq tədbirlər, festivallar, konkurslar keçirilir. Bizim tarixi abidələrimiz bərpa edilir. Xüsusi proqram icra edilibdir. Azərbaycanda çoxlu qədim tarixi abidələr var. Onlar bizim milli sərvətimizdir. O cümlədən bizim dini abidələrimiz dövlət tərəfindən bərpa edilir və yeniləri tikilir. Onların arasında, qeyd etməliyəm ki, dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi əsaslı şəkildə bərpa edilibdir".

Prezident xatırladıb ki, bu məscid 743-cü ildə tikilib və müsəlman aləmində ən qədim məscidlərdən biridir.

Dövlət başçısı onu da qeyd edib ki, Şəki rayonunun Kiş kəndində Qafqazın ən qədim kilsəsi yerləşir: "O kilsə də bərpa edilib və bu, bizim milli sərvətimizdir. Azərbaycanda provaslav, katolik kilsələri, sinaqoqlar dövlət tərəfindən, dövlətin dəstəyi ilə əsaslı şəkildə təmir edilib. Bu, bizim böyük sərvətimizdir və bir də demək istəyirəm ki, multimədəniyyətli cəmiyyət, dinlərarası dialoq, xalqlar arasındakı dostluq və qardaşlıq bizim dövlətimizi gücləndirir. Çünki bu, cəmiyyətdə çox gözəl ab-hava yaradır və bir də demək istəyirəm ki, bu, həm dövlət siyasətidir, eyni zamanda, cəmiyyətin sifarişidir. Bu istiqamətdə, hesab edirəm ki, biz uğurla inkişaf edəcəyik. Onu da qeyd etməliyəm ki, bu sahədə əldə edilmiş təcrübə başqa ölkələr üçün də maraqlı ola bilər".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR