Qubad İbadoğlu seçkilərin təxirə salınmasını istəyir
Bizi izləyin

Nida.az

Qubad İbadoğlu seçkilərin təxirə salınmasını istəyir

Müsavat Partiyasında qurultaydan sonra qarşılıqlı ittihamlar davam edir.

Oktyabrın 6-da Qubad İbadoğlunun rəhbərliyi ilə keçirilən tədbirdə partiya rəhbərliyinin ünvanına bir sıra tənqidlər səsləndirilib. Bəzi iddialara görə, təhqirlər də olub.


Publika.az xəbər verir ki, Q. İbadoğlu bunu yanlış iddia adlandırır və bildirir ki, bu, bəzi şəxslərin uydurmalarıdır: “Bəzi şəxslər bu açıq və konstruktiv müzakirələrə töhfə vermək əvəzinə, həmin tədbirdə guya İsa bəyin ünvanına təhqir səsləndiyini iddia edir, heç bir istinad göstərmədən diqqəti bu məsələyə yönəltməklə dünən 150-dən çox müsavatçının iştirak etdiyi tədbirin əhəmiyyətini azaltmağa çalışırlar. Bir daha bəyan edirəm ki, mənim idarə və iştirak etdiyim tədbirdə nəinki İsa Qəmbərin və hətta sıravi müsavatçıların ünvanına təhqir səsləndirilməyib, əgər səsləndirilərdisə, ilk növbədə, cavablarını məndən alardılar, mən buna əsla yol vermərəm”.


Q. İbadoğlu Müsavatın yenidən qurulması və fəaliyyətinin gücləndirilməsinə dair təkliflərini də ictimaiyyətlə bölüşüb.

“1) Partiya üzvlərinin yenidən siyahıya alınmasına başlanılsın. Onların cins, yaş tərkibi, sosial statusuna görə qruplaşdırılması həyata keçirilsin.

2) Partiyanın Məclisinin işi təkmilləşdirilsin və aşağıdakı istiqamətlər üzrə yenidən qurulsun:

2.1. Məclisin nəzdində analitik mərkəz yaradılsın. Analitik mərkəz tərəfindən Müsavat partiyasının 2015-2018-ci illər üçün strateji inkişaf planı hazırlansın və məclisin bu ilin sonuna planlaşdırılan növbəti iclasından əvvəl həmin sənəd partiya strukturlarında müzakirəyə çıxarılaraq Məclisdə qəbul edilsin.

2.2. Məclisin nəzdində “Müsavat irsi” ideoloji məktəb yaradılsın. Məktəbin Müsavatçılıq ideologiyasına həsr olunan aylıq tematik seminarları təşkil olunsun. Məktəbin tam kursunu bitirən məzunlara sertifikatlar və ideoloji sahədə təbliğatçı statusu verilsin, onların cəmiyyətdəkı fəaliyyəti stimullaşdırılsın.

2.3. Məclisin Qarabağ münaqişəsi, gənclərlə iş, regionlarla iş, təhlükəsizlik məsələləri, avro-inteqrasiya siyasəti, insan haqları və azadlıqlar, iqtisadi siyasət, sosial siyasət, təhsil siyasəti, səhiyyə siyasəti, mədəniyyət siyasəti və s. üzrə komissiyaları formlaşadırılsın. Komissiyaların 2015-ci il üçün iş planı Məclisin bu ilin sonuna planlaşdırılan növbəti iclasında qəbul edilsin.

2.4. Müsavat partiyasının 2015-2018-ci illər üçün strateji inkişaf planı və komissiyaların iş planları əsasında Məclisin 2015-ci il üçün fəaliyyət proqramı qəbul edilsin.

3) İcra strukturlarının işi təkmilləşdirilsin və aşağıdakı istiqamətlər üzrə hesabatlılığı artırılsın:

3.1. İcra aparatın müvafiq şöbələrinin (təşkilatı və maliyyə istisna olmaqla) Məclis qarşısında illik hesabatlılığı təmin edilsin.
3.2. Partiyanın icra aparatının təşkilat və maliyyə şöbələrinin Məclis qarşısında rüblük hesabatlılığı təmin edilsin.
3.3. Maliyyə mənbələri, gəlirlər və xərclərə dair aylıq hesabatlar hazırlansın və həmin hesabata Məclis üzvlərinin çıxışı təmin edilsin.

4) Xaricdən yayımlanan telekanalların birində Partiyanın idarəçiliyində olan və dövri olaraq fəaliyyət göstərən efir vaxtının alınmasına nail olunsun.

5) Partiya Məclisinə seçkilər oktyabrın 18-nə təxirə salınsın.

Bu təkliflərin həyata keçirilməsi üçün 2015-ci il yanvarın 1-dək müddət ayrılsın”, - deyə Qubad İbadoğlu təkliflərini irəli sürüb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm