İsa Qəmbərə ittiham: “Məni Arif Hacılıya görə müşavirlikdən azad etdi”
Bizi izləyin

Nida.az

İsa Qəmbərə ittiham: “Məni Arif Hacılıya görə müşavirlikdən azad etdi”

Müsavatın keçmiş başqanı İsa Qəmbərin keçmiş müşaviri Hüseyn Məlik Arif Hacılının başqan seçildiyi VIII qurultaydan öncəki proseslərlə bağlı maraqlı məqamlar açıqlayıb.

“Mənim müşavirlikdən azad edilməyim başqan seçkilərinə hesablanmış addım idi”

Publika.az xəbər verir ki, H. Məlik özünün müşavirlikdən uzaqlaşdırılmasında Arif Hacılının barmağının olduğundan şübhələnir: “Müsavat Partiyasının VIII qurultayına 35 gün qalmış başqan İsa Qəmbərin məni müşavirlik vəzifəsindən sərəncamla azad etməsi başqan seçkilərinə hesablanmış addım idi. Mən Qubad İbadoğlunun aktiv təbliğatçısı idim. Sərəncamdan Arif Hacılı və onun tərəfdarları başqanın mövqeyinin Qubad bəy olmadığını təbliğatda istifadə etdilər. Bu, həqiqətən belə idi”.

“İsa Qəmbərin Arif Hacılının təbliğatçısına çevrilməsi açıq hiss olunurdu”

Onun sözlərinə görə, bu sərəncama qədər İsa Qəmbərin mövqeyi aydın idi.

“Mənim haqqımda verilən sərəncama qədər də başqanın mövqeyi ortada idi. Qubad bəyin aktiv təbliğatçısı MGT-nın sədr müavini Elçin Cərullaya Divanda verilən töhmət, Qadın Birliyinin sədri Ellada xanımın Məclisdə başqan tərəfindən kəskin tənqidi, Qadın Birliyinin təşkil etdiyi iftar məclisində qərargahda olduğu halda iştirak etməməsi və sairə. Başqanın Arif Hacılının təbliğatçısına çevrilməsi açıq hiss olunurdu”, - deyə keçmiş müşavir qeyd edib.

“Mənim haqqımda əlavələr Arif bəyin İsa bəyə çatdırmaq istədiyi sözlər olub”

H. Məlik bildirib ki, o, A. Hacılı haqqında düşündüyünü demişdi: “Bu gün də elə düşünürəm. Eyni şeyi Arif bəy məndən əvvəl mənim haqqımda demişdi. Bildiyimə görə, o da fikrini mənim haqqımda dəyişməyib. Mən cəzalandım. Mən dediyim sözə əlavələr edilmişdi. Bu gün düşünürəm ki, əlavələri Arif bəyin özünün İsa bəyə çatdırmaq istədiyi sözlər olub. Sadəcə, mənim adımdan istifadə edildi”, - deyə keçmiş müşavir qeyd edib.


O, son olaraq “Zöhrab bəy dəhlizdə hər gün qışqırır ki, Hüseyn bəyi partiyadan qovmaq lazımdır” deyə əlavə edib.


Hər kəsin adını çəkdiyi “Zöhrab bəy” kimdir?


Qeyd edək ki, H. Məlikin “Zöhrab bəy” dediyi şəxs Məclis üzvü Zöhrab Məhərrəmlidir. Vaxtilə A. Hacılının komandalığı altında Təşkilat Departamentinin müdiri olub. Bu departament qurultaya bütün hazırlığı yerinə yetirirdi. Z. Məhərrəmli bu qurultayda da departamentdə təmsil olunurdu.

Başqanlığa keçmiş namizəd Səxavət Əlisoy Publika.az-a açıqlamasında (http://publika.az/p/45960) iddia edib ki, seçki saxtalaşdırılıb və bu prosesdə Z. Məhərrəmli əsas iştirakçılardan olub.


“Seçki günü Arif Hacılının dəstəsinə başçılıq edən Zöhrab Məhərrəmli birbaşa müdaxilə edirdi. Qurultayın başlanmasına yarım saat qalmışdı. Zöhrab nümayəndələrin yanına gələrək, “İsa bəy Arif Hacılını dəstəkləyir” deyə təbliğat aparırdı. Mən müdaxilə edərək irad tutdum ki, nə üçün belə edirsən. İsa Qəmbər mövqeyini açıqlamayıb, niyə onun adından istifadə edirsən. Gülə-gülə dedi ki, “Bəy, hər şey bitib, başqan onsuz da Arif Hacılıdır”. Bizim aramızda olan bu söhbəti o dana bilməz”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm