“İstəyirlər, onların qoltuğunun altına girək”- YAP-dan “Freedom House”-a sərt reaksiya
Bizi izləyin

Nida.az

“İstəyirlər, onların qoltuğunun altına girək”- YAP-dan “Freedom House”-a sərt reaksiya

“Azərbaycanı müxtəlif qruplara qoşmaq, müxtəlif dövlətlərı qarşı qoymaq istəyirlər. Hesab edirlər ki, Azərbaycan onların diktəsi ilə hərəkət etməli, düşünürlər ki, hər bir müstəqil dövlət onların qoltuğunun altına girməlidir. Həmişə öz qərəzi ilə gündəmə gələn “Freedom House” təşkilatının Azərbaycana qarşı sanksiyası çağırışı da burdan qaynaqlanır”.


Bu barədə Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Freedom House”un rəhbəri Devid Kramerin Azərbaycana qarşı sanksiya çağırışına münasibət bildirərkən deyib.

“Xalqın maraqlarını "Freedom House”a danos yazanların maraqlarına qurban verə bilmərik”


S. Novruzov bildirib ki, Azərbaycan müstəqil siyasət aparır və bu siyasət xalqın, dövlətin maraqlarına xidmət edir: “Azərbaycan 1993-cü ildə ümummilli lider hakimiyyətə gələndən sonra balanslaşdırılmış siyasət aparır, hər bir dövlətlə bərabər şəkildə əməkdaşlığını qurur. Bu müstəqil siyasətdir və bir çox dairələri qıcıqlandırır”.


YAP rəsmisi əlavə edib ki, “Freedom House” adi bir QHT-dir və bir QHT-nin hansısa dövlətə qarşı sanksiya çağırışı etməsi onun daxili işlərinə qarışmaqdır: “Bu isə qeyri-qanuni addımdır. Bu təşkilatın İdarə Heyətində bir neçə erməni var. Məhz erməni lobbisindən aldığı maliyyə hesabına Azərbaycan haqqında müxtəlif ölkələrdə, qurumlarda qeyri-dəqiq, qərəzli rəy formalaşdırır. Bu təşkilat 20 ildir eyni şey edir və hesab edirəm ki, buna əhəmiyyət vermək lazım deyil. Nə istəyirlər, desinlər. Azərbaycan yenə də öz yolu ilə gedəcək. Bu yol xalqın maraqların xidmət edir. Biz bu maraqları “Freedom House”un, onlara danos yazanların, yaxud onların diktəsi ilə oturub-duranların maraqlarına qurban verə bilmərik”.

“ABŞ-da mitinqlər dağıldı, Almaniya çalxalandı, Ermənistanda gülləbaran oldu...”


S. Novruzov qeyd edib ki, “Freedom House”un hesabatları, çıxışları Leyla Yunus və onun kimi vətən xainlərinin informasiyası əsasında hazırlanır.

“Avropada bu qədər hadisələr baş verir. ABŞ-da bu yaxınlarda bir qaradərilinin ölümü ilə bağlı mitinqlər keçirildi. Həmin mitinqlərə ordu yeridildi, dağıdıldı, həbslər oldu. Almaniyada dəfələrlə belə hallar olub, Yunanıstan xalqı dəhşət içində mitinqlərdə zülmlərə məruz qalırdı. Cənubi Qafqazda da Ermənistanda gülləbaranlar oldu, insanlar öldürüldü, həbslər, antidemokratik addımlar bu gün də davam edir. Eləcə də digər qonşu ölkələrdə də bu tipli hadisələri izləyirik. Amma “Freedom House” bir dəfə də olsun bunlar haqqında danışmayıb. Göründüyü kimi, hər şey Azərbaycana qarşı qərəzdən irəli gəlir. Halbuki, bu təşkilatın Azərbaycanla bağlı verdiyi heç bir məlumat əsaslı deyil. Sadəcə olaraq, Leyla Yunus və ona bənzər vətən xainlərinin informasiyaları hesabına hazırlanır. Hamısı da bir mərkəzdən, erməni lobbisi tərəfindən idarə olunur. Belə təşkilatların nə deməsindən asılı olmayaraq, Azərbaycan öz müstəqil siyasətini aparacaq və hər bir dövlətlər bərabərhüquqlu şəkildə əlaqələrini quracaq”, - deyə hakim partiya rəsmisi vurğulayıb.


Qeyd edək ki, “Freedom House” təşkilatının prezidenti Devid Kramer BBC Azərbaycancaya açıqlamasında Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinin vaxtının çatdığını deyib.

“Bir çoxları Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasını mümkün hesab etmir, ancaq yeganə yol çalışmaqdır. Rusiya ilə bağlı da çoxları düşünürdü ki, sanksiyalar mümkün olmayacaq. Amma sonradan Maqnitski Aktı Rusiyaya da tətbiq olundu. Sözün düzü, düşünürəm ki, Konqres üzvlərinin əksəriyyəti Azərbaycanda baş verənlərə fikir vermir. Məqaləni yazmağımızın səbəblərindən biri də elə bu idi. Amma məncə, ölkədə vəziyyətin pisliyi barədə məlumatlılıq artır”, - deyə o iddia edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm