Müsavat Məclisi toplandı, yeni seçki keçirilir: İbadoğludan boykot
Bizi izləyin

Nida.az

Müsavat Məclisi toplandı, yeni seçki keçirilir: İbadoğludan boykot

Bu gün Müsavat Partiyasının Məclisinin toplantısı keçirilib. Bu toplantı yeni başqan Arif Hacılının ilk toplantısı hesab olunur. Toplantıda keçmiş başqan İsa Qəmbər də iştirak edir.

Publika.az xəbər verir ki, çıxış edən Arif Hacılı Müsavat Partiyasının 103 yaşının tamam olması münasibəti ilə partiyadaşlarını təbrik edib.

75 Məclis üzvündən 50-si toplantıda iştirak etdiyi üçün yetərsay hesab olunub.

Müsavatın qurultayında seçki komissiyasının sədri olmuş Mirbaba Babayev narazılıqlarla bağlı fikrini bildirib.

“Narazılıqları boğmaq olmaz, onları dinləmək lazımdır. Qurultayda səs vermənin kabinələrdən kənarda aparılması vaxt azlığı ilə bağlı idi. Biz hesabladıq, bir nəfərin səs verməsi üçün 12-15 dəqiqə vaxt lazım idi. Hər kəs kabinetdə səs versəydi, seçki axşam saat 10-da da qurtarmayacaqdı. Buna görə özümüz kabinetdən kənarda bülletenlərin işarələnməsinə razılıq verdik”, -deyə o bildirib.

Narazılardan olan Ellada Məmmədli isə qeyd edib ki, bu hal səsvermənin kabinetlərdən kənarda keçirilməsinə haqq qazandırmır.

M. Babayev narazıların şikayət etmək hüququnun olduğunu deyib. E. Məmmədli bu hallarla bağlı Nəzarət Təftiş Komissiyasına şikayət edəcəklərini açıqlayıb.

Toplantıda Məclisin növbəti toptantısının oktyabrın 25-də keçirilməsi də qərara alınıb. Həmin tarixdə Məclis sədrliyinə və Divan üzvlüyünə və katibliyinə seçki olacaq. Namizədlər üç gün qalmışa qədər irəli sürülə bilər.

Arif Hacılı bildirib ki, Məclis üzvləri boş 38 yerin hamısına, yoxsa bir qədər az yerə seçki keçirilməsini müzakirə edə bilər. Bundan sonra 30, yaxud 38 nəfərin seçilməsi üçün səsvermə keçirilib. İki təklif verilib. A. Hacılı təklif edib ki, 30 yerə seçki keçirilsin və 8 yer sonradan namizəd olmaq istəyənlər üçün keçirilsin. Bu təklifi dəstəkləyənlərin sayı cəmi 35nəfər olub və qəbul olunmayıb.
Mirbaba Babayev isə təklif edib ki, 38 yerin hamısına seçki keçirilsin, ancaq bu təklif də səsvermədə 30 səs toplayıb və qəbul olunmayıb.
Başqan isə “Bəs indi necə olacaq?”,- deyə sual verib.

Keçmiş başqan İsa Qəmbər söz istəyib və təklif edib ki, 32 yerə seçki keçirilsin. Məclis üzvləri bu təklifi yekdilliklə qəbul edib.

Daha sonra MNTK-ya və Məclis üzvlüyünə namizədliyini verən müsavatçıların adları açıqlanıb. Bir neçə nəfər çıxışında gənclərə dəstək olmağı, onları Məclis üzvlüyünə seçməyi təklif edib.

İsa Qəmbər də söz alaraq gənclərə, qadınlara və məhbəs həyatı yaşayan müsavatçılara səs verməyi xahiş edib.

Arif Hacılı Tural Abbaslının Məclis üzvü olması üçün ona səs verməyə çağırış edib.

MNTK-ya 11, Məclisə isə 65 nəfər namizəd olub.

Məclis üzvlüyünə namizədlər arasında Gülağa Aslanlı, Alya Yaqublu, Könül Şamilqızı, Tural Abbaslı, Cavid Hacıbəyli, Rüfət Hacıbəyli, Əhəd Məmmədli, Nemət Kərimli, Razim Əmiraslanlı da var.

A. Hacılı səsvermənin başlandığını və iki saat davam edəcəyini deyib.

Qeyd edək ki, Qubad İbadoğlu tərəfdarlarından əksəriyyəti Məclisin iclasına qatılmayıb. Vurğun Əyyub, Hikmət Hacızadə, Əhliman Abbaslı tədbirdə iştirak etməyib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm