• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Şoyqunun Bakı səfərinin daha bir detalı: Kreml “Üçlük ittifaqı”na yaxın olmaq istəyir

  • Nida.az
  • 14 Oktyabr 2014 18:06
  • 611 Baxış
Şoyqunun Bakı səfərinin daha bir detalı: Kreml “Üçlük ittifaqı”na yaxın olmaq istəyir

“Sergey Şoyqunun Bakı səfəri göstərdi ki, Rusiya Azərbaycanla təkcə siyasi və iqtisadi münasibətlərə deyil, hərbi sferadakı əlaqələrə də önəm verir”.


Publika.az xəbər verir ki, bu barədə MDB ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri, ictimai-siyasi tədqiqatlar mərkəzinin direktoru Vladimir Yevseyev deyib.

Onun fikrincə, bu səfər iki ölkə arasındakı hərbi əməkdaşlığı genişləndirəcək.

“Bildiyim qədər birgə təlimlərin keçirilməsi, eyni zamanda Rusiya hərbi təhsil müəssisələrində Azərbaycan zabitlərinin hazırlığı haqqında da müzakirələr aparılıb. Hesab edirəm ki, Şoyqunun Bakı səfəri iki ölkə arasındakı siyasi münasibətlərə də müsbət təsir edə bilər”, -deyə ekspert bildirib.


V. Yevseyev Şoyqunun səfərini Rusiyanın Azərbaycan-Türkiyə-Gürcüstan arasında formalaşan qeyri-rəsmi birliyə dost olmaq istəyi ilə də əlaqələndirib: “Bu il Naxçıvanda Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü oldu. Görüşdə üç ölkə arasında hərbi əməkdaşlıq məsələlərinə baxıldı. Rusiya bu üç ölkə arasındakı qeyri-rəsmi ittifaqa dost olmaq istəyir. Bu məsələdə Moskvaya yalnız Bakı kömək edə bilər. Çünki Türkiyə NATO-nun üzvü olduğu üçün Rusiya bu ölkə ilə hərbi əməkdaşlıq qura bilmir. Məlum səbəblərdən Gürcüstanla da bu mümkün deyil. Hərbi əməkdaşlıq üç ölkədən yalnız Azərbaycanla mümkündür. Rusiya istəyir ki, neft kəmərlərinin mühafizəsi məqsədilə hazırda formalaşdırılan üç ölkə arasındakı hərbi ittifaq ona dost münasibət bəsləsin. Moskva bununla kiməsə nəsə göstərmək, yaxud kiməsə qarşı çıxmaq fikrində deyil, sadəcə normal münasibətlər istəyir. Çünki Moskvanın ideyası ondan ibarət deyil ki, Cənubi Qafqazda bir tərəfdə Türkiyə-Azərbaycan-Gürcüstan hərbi bloku, digər tərəfdə Rusiya-Ermənistan hərbi bloku yaransın. Moskva bu cür blok bölgüsünə qarşıdır. Rusiya bütün Cənubi Qafqazda vahid təhlükəsizliyi dəstəkləyir. Bu məqsədlə Kreml Azərbaycanla münasibətləri yüksək səviyyədə qurur ki, Cənubi Qafqazda istənilən blok qarşıdurmasından qaçmaq mümkün olsun. Çünki hansısa blok kifayət edir ki, regionda təhlükəsizlik pozulsun”.


Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Publika.Az-a açıqlamasında deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında yeni təhlükəsizlik birliyi formalaşır: “Demək olar ki, belə bir birlik var, lakin bunun daha da genişləndirilməsi, strateji layihələr həyata keçirməklə yeni sistem formalaşdırılması vacibdir. Gürcüstan NATO ilə əməkdaşlıq edir. Azərbaycansa NATO üzvü olan Türkiyə ilə təhlükəsizlik sahəsində sazişi var. Bu istiqamətdə üç ölkə arasında ciddi əməkdaşlıq var, yəni dolayısı ilə ortada yeni təhlükəsizlik birliyi mövcuddur”.


İddialar var ki, Bakı-Ankara-Tiflis ittifaqı NATO-nun layihəsidir və bölgədə Rusiyaya qarşı ikinci cəbhə açılır.
Belə ki, Ukrayna böhranı gündəmə gələndən sonra NATO-nun təşəbbüsü ilə Polşa, Baltikyanı ölkələr və Ukrayna arasında birgə hərbi briqadalar yaradıldı. Ukrayna NATO-nun üzvü deyildi, amma ortada Rusiya təhlükəsinin olması Şimal Alyansının nizamnamə çərçivəsindən kənar olsa da Şərqi Avropada belə bir addım atmağa vadar etdi.

Sirr deyildi ki, Kreml Ukraynada itirdiklərinin Qafqazda təkrarlanmağına imkan verməyəcəkdi. Bunun üçün əsas hədəf Azərbaycan olmalı idi. Çünki Ermənistan Moskva üçün de-fakto federasiya statusu daşıyır. Gürcüstan üzünü Avropaya tutub. Hər tərəflə eyni məsafəyə saxlamağa çalışan Azərbaycan Cənubi Qafqazın açarıdır. Hansı ki, Bakını təsir altına almaqla Tiflisi də “zəbt etmək” mümkündür.
Amerikanın nüfuzlu beyin mərkəzi “Stratfor” bir müddət öncə Qafqazla bağlı hazırladığı analizdə bildirir: “Moskva Bakını əldə saxlamaq və Qərbə meyllənməyinin qarşısı kəsmək üçün bütün vasitələri dövriyyəyə çıxarıb”.


Bu baxımdan, Cənubi Qafqazda üçlük ittifaqı iddiaları gerçəyə yaxındır.
Görünür, S. Şoyqunun Bakı səfərində Rusiyanın özünə təhlükə hesab etdiyi bu məsələ masa üzərində sərilib və Kreml bakı vasitəsilə yeni hərbi ittifaqa yaxın olmaq istəyir.


Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov isə Şoyqunun Bakı səfərini daha çox Xəzərin təhlükəsizliyi ilə əlaqələndirir. O, Rusiya-Azərbaycan arasındakı hərbi əməkdaşlığa toxunaraq bildirib ki, Moskva Xəzərdə təhlükəsizlik məsələlərini Bakı ilə müzakirə etməyin vacibliyini anlayır.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR