Arif Hacılıya qarşı çıxanlar yeni qurum yaratdı - Şok
Bizi izləyin

Nida.az

Arif Hacılıya qarşı çıxanlar yeni qurum yaratdı - Şok

Müsavatın hazırkı başqanı Arif Hacılının əleyhdarları olan Səxavət Əlisoy və Müsavat Məclisinin keçmiş üzvü Adil Qeybulla yeni qurum yaradıb.


Publika.az xəbər verir ki, hər iki müsavatçının yaydığı bəyanatda deyilir ki, Azərbaycanda siyasi dialoq mədəniyyətinin inkişafı, ölkədə vətəndaş həmrəyliyinin yaradılması, ictimai-siyasi stabilliyin qorunması naminə Azərbaycan Konstitusiyasının, Mülki Məcəllələrinin, Qanunlarının və qanunverici aktlarının çərçivəsində ictimai-siyasi fəaliyyət göstərmək üçün Siyasi Dialoq və İslahatlar Mərkəzi (SDİM) yaratdığımızı bəyan edirik: “SDİM ictimai-siyasi yönümlü qeyri-hökumət təşkilatıdır. Siyasi dialoq cəmiyyətdə vətəndaş razılığına, sosial gərginliyin aradan qaldırılmasına, taktiki hədəf olaraq ölkənin yaxın dövr üçün təhlükəsizliyinin təminatına, strateji planda isə demokratik dəyərlərin və təsisatların bərqərar olmasına yönəlik siyasi prosesdir.

Bu gün qloballaşan dünyada gedən proseslərin təhlili göstərir ki, fundamental prinsiplərin bazasında və beynəlxalq hüquqa söykənən standart parametrlər çərçivəsində dinamik reformasiya, ölkələrin qarşılıqlı faydalı inteqrasiya prosesləri, insan rifahının yüksəlməsinə yönəlik iqtisadi siyasət qəbul edilmiş alternativsiz yoldur. Təşkilatın məqsədi siyasi partiyalar, siyasi bloklar, qeyri-hökumət təşkilatları arasında dialoqun konseptual əsaslarının hazırlanmasında, dialoqun təşkilində fəal iştirak etmək, siyasi dialoq nəticəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsinə yardımçı olmaq və bu prosesə ictimai nəzarəti təşkil etmək, eyni zamanda, siyasi-iqtisadi və ictimai həyatın müxtəlif sahələrində islahatlarla bağlı təkliflər hazırlamaq, ictimai rəyi öyrənmək üçün sorğular keçirməkdən ibarətdir. Torpaqlarımızın 20 faizinin düşmən işğalında olduğunu, məlum xarici qüvvələrin dövlətçiliyimiz üçün təhlükə mənbəyi olaraq qaldığını əsas götürərək, ölkədə vətəndaş həmrəyliyinin güclənməsi naminə iqtidar-müxalifət dialoquna nail olmaq üçün fəaliyyət göstərəcəyimizi xüsusi olaraq bəyan edirik”.


Qeyd edək ki, Adil Qeybulla seçkidə məğlub olan Qubad İbadoğlunun tərəfdarı idi. S. Əlisoy da seçki günü son anda namizədliyini onu xeyrinə geri götürmüşdü. S. Əlisoy yeni başqan Arif Hacılıya qarşı sərt çıxışları ilə seçilir. O hətta yeni başqanı tanımayacağını açıqlayaraq, partiyadan istefa verməyi də istisna etməmişdi.
S. Əlisoy qurultaydan iki gün sonra Publika.az-a müsahibəsində belə demişdi: “Mən bu barədə düşünürəm. Mənimlə yanaşı, islahatçı qrup da düşünür. Mən partiyanın qanuni, hüquqi müstəvində fəaliyyətinin tərəfdarıyam. Amma bu dəstə meydanlara çıxmaq, icazəsiz aksiyalar istəyir. 90-cı illərdə də belə idi. Ondan qabaq Kommunist Partiyasında da hamı alqışlayır, lakin insanlar pis gündə yaşayırdı. İndi də eyni vəziyyətdədir. Partiyanın bərbad günə qalmış strukturlarının vəziyyətinə görə Arif Hacılı günahkardır. Populist, şüarçılarla islahatçıların eyni komandada işləməsi düşündürücü haldır. Bəzi dostlarımız mənə müraciət ediblər, bəziləri məsləhət istəyirlər. Amma gələcək fəaliyyət fərdi olaraq verilən qərardır. Mən ömrümü şüarçılığa, populizmə həsr etmək istəmirəm. Gələcək fəaliyyətim haqqında yaxın günlərdə açıqlama verəcəm”.

Bu qurumun yaranması Müsavat daxilində yeni fraksiyanın ayrılmasını göstərir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm