• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Dini sahədə vəziyyət gərgindir”

  • Nida.az
  • 7 Fevral 2014 11:36
  • 910 Baxış
“Dini sahədə vəziyyət gərgindir”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, ilahiyyatçı alim Rafiq Əliyev “Media forum” saytının suallarını cavablandırıb.

- Son vaxtlar Azərbaycanda dini radikalizm meyllərinin gücləndiyi hiss olunur. Xüsusən Suriyada döyüşən azərbaycanlı gənclər ətrafında baş verənlər müzakirə mövzusuna çevrilib. Hətta Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası xaricə cihad adı ilə döyüşə gedənlərlə bağlı fətva da qəbul etdi. Sizcə, nə baş verir, ölkədə cərəyan edən bu vəziyyət haqqında nə deyə bilərsiniz?

- Ümumiyyətlə, dini sahədə vəziyyət gərgindir. Gərginləşmənin də səbəbi çoxdur, təkcə kimlərinsə Suriyaya getməsində deyil. Azərbaycana olan təsirlər, buradakı qüvvələr, son dövrlərdə regionda baş verən dəyişikliklər ölkəmizdəki ümumi vəziyyətə təsir göstərir. Amerika ilə İranın arasının düzəlməsi, İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin pisləşməsi, Türkiyə, İran və Rusiyanın birlik ideyası – bütün bunların hamısı ümumi planda Azərbaycanda gedən dini proseslərə mənfi təsir göstərir.

- Milli Məclisdə Suriyaya döyüşə gedənlərin qarşısını almaq üçün qanunvericiliyi sərtləşdirmək, həmin gəncləri qanunsuz silah gəzdirməklə bağlı məsuliyyətə cəlb etmək kimi təkliflər səslənir. Bu metod nə qədər real və təsirli görünür?

- Mənə elə gəlir ki, qanunları sərtləşdirmək çıxış yolu deyil. Onlar Suriyadadırlar, vuruşurlar. Getmək istəyənlər də müəyyən yollarla imkan tapıb gedirlər. Bunu hamı bilir. Üstəlik, qanunu sərtləşdirmək o qədər də asan deyil. Qanun layihəsi Milli Məclisin komitələrindən keçməlidir, parlamentin özündə qəbul olunmalıdır, prezident onu imzalamalıdır. Bu prosedurlardan keçincə bəlkə də Suriyada məsələlər həllini tapacaq.

Azərbaycan vətəndaşlarının xaricə döyüşlərə getməsinin qarşısını almaq üçün qabaqlayıcı, təbliğat xarakterli tədbirlər görülməlidir. Xaricdə döyüşə getməyə meyllənən gənclərin fikirlərini dəyişmək üçün nə etmək lazımdır, onlarla hansı söhbətlər aparılmalıdır? Suriyada döyüşənləri necə geri gətirə bilərik? Bizim bu barədə dəqiq bir proqramımız yoxdur deyə, qanunları sərtləşdirmək düşüncəsi ortaya çıxır. Əgər dəqiq plan olsa, heç qanunların sərtləşdirilməsinə ehtiyac qalmaz.

- Rafiq müəllim, sizcə, azərbaycanlıların Suriyaya getməsi və orada döyüşməsi cihad sayılırmı?

- Yox. Hesab edirəm ki, azərbaycanlıların bu gün Suriya rejiminə qarşı vuruşanların içərisində olması heç cür cihad sayıla bilməz.

- Hadisələrin gedişi nə deyir? Vəhhabilərdən və adları hallanan digər təriqətlərdən Azərbaycana ciddi təhlükə görünürmü?

- Hansı təriqətlərin çətinlik yaradacağını demək istəmirəm. Amma ümumiyyətlə bu halın özü Azərbaycan üçün təhlükə yarada bilər. Yəni Suriyaya gedənlərin bir hissəsi oradan qayıdacaq, tamamilə başqa fikirli şəxslərə çevriləcəklər, artıq adam öldürmüş, qan tökmüş olacaqlar. Yəni onlarla burada mübarizə aparmaq indiki mübarizədən daha gərgin olacaq. Ona görə də dövlət öz işini əvvəldən bilməlidir.

- Radikalizm meyllərinin güclənməsində xarici ölkələrin təsiri varmı bizə?

- Bütün ölkələrə, o cümlədən də bizə xarici təsirlər var. Ölkələrin adını çəkmirəm. Bunu hamı bilir.

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu proseslərdə bir qədər zəif təşəbbüslə çıxış etdiyini deyənlər var. Komitə bu hallarda hansı tədbirləri görməlidir, nə etməlidir?

- Mən şəxsən bilmirəm onlar nə iş görür. Bəlkə elə iş görürlər ki, xəbərimiz yoxdur. Ola bilər, qapı arxasında proses getsin, tədbirlər görülsün və bizim bundan xəbərimiz olmasın, bunu ictimaiyyətə çatdırmağa ehtiyac hiss etməsinlər. Təkcə komitə bu işlərlə məşğul deyil. Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi birlikdə bu tədbirləri hazırlayıb həyata keçirməlidir. Təbliğat aparmaq, insanların şüurunu dəyişmək üçün üsullar axtarılıb tapılmalıdır.

- Milli Məclisin sədri Oqtay Əsədov mərasimlərdə “Quran”ın Azərbaycan dilində oxunmasını təklif edir. Siz nə düşünürsünüz?

- “Quran” bütün dillərdə oxuna bilər, amma indi bu, Azərbaycan üçün vacib məsələ deyil. Onu müzakirəyə çıxarmağa da ehtiyac yoxdur. Azərbaycan üçün bu gün daha vacib məsələlər var. O cümlədən dini sahədə müxtəlif dini icmaların, şiələrin, sünnilərin, nurçuların, sələfilərin arasında olan münasibətləri tənzimləmək vaxtıdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR