Vəfa Quluzadə: “Sərkisyan bu dəfə hamama qaçacaq”
Bizi izləyin

Nida.az

Vəfa Quluzadə: “Sərkisyan bu dəfə hamama qaçacaq”

Keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə Publika.az-a müsahibəsində Azərbaycan və Ermənistan prezidentlərinin bu gün baş tutacaq Paris görüşünü şərh edib.


- Paris görüşündən gözləntiləriniz necədir?


- Arzu edirəm ki, Paris görüşündə uğur olsun, münaqişənin həlli istiqamətində irəliləyişə nail olunsun. Qərb münaqişənin həllində təşəbbüsü ciddi surətdə ələ ala bilsin və Ermənistana təzyiq etsin ki, İrəvan öz milli maraqlarından çıxış edərək müstəqil şəkildə sülhə doğru addımlar atsın. Bu həm mənim, həm də bütün normal insanların istəyidir.

Şərait isə hələ də gərgin olaraq qalır. Dünya siyasətində böyük dəyişiklik baş verməyib, hər şey olduğu kimidir. Ermənistan yenə də Rusiyanın forpostudur, Moskva tərəfindən idarə olunur. Sərkisyanın da heç bir şəxsi iradəsi yoxdur, onun rəhbərlik etdiyi bütün strukturlar əslində Kreml tərəfindən idarə olunur. Belə bir şəraitdə Sərkisyan çətin ki sülhə doğru addım ata bilsin.

Məsələ ondadır ki, münaqişənin həlli Ermənistanın mövqeyinə görə əngəllənir. Əslində biz Ermənistanın mövqeyi dedikdə özümüzü və insanları aldadırıq. Bu, Moskvanın mövqeyidir, çünki bu mövqeni Ermənistana Rusiya diktə edir. Buna görə də 20 ildir münaqişə həll olunmur. Ermənistanın marağı isə sülhdən yanadır. Lakin İrəvan bunu ifadə edə bilmir. Onların siyasi elitasının Moskva tərəfindən təyin olunması vəziyyətin bu cür qalmasına səbəb olur. Belə vəziyyətdə onlar hakimiyyətdə qala və pullarını qazana bilirlər. Sadə ermənilərsə acından ölürlər. Burda Azərbaycandan asılı heç nə yoxdur. Rəsmi Bakının mövqeyi konstruktivdir və bunu dəfələrlə nümayiş etdirib. Qərb də bunu gözəl bilir. Mən Paris görüşündən ciddi bir şey gözləmirəm.


- Soçi görüşü oldu, ardınca Uelsdə ABŞ dövlət katibi Con Kerri prezidentlərin görüşünü təşkil etdi. İndi də Paris görüşü. Sanki həmsədr ölkələr münaqişənin həllindən çox münaqişədə kimin söz sahibi olmasını nümayiş etdirmək istəyirlər.


- Bu doğru yanaşmadır. Lakin vəziyyət bir qədər qarışıqdır. Hazırda, demək olar ki, prezidentlərdən heç bir şey asılı deyil. Azərbaycan sülhə hazırdır, Ermənistanı isə sülhə yaxın buraxmırlar. Ermənistanın cilovu Rusiyanın əlindədir. Amerika bu cilovu əlinə almalıdır. Əgər bu baş verəcəksə, onda münaqişə həll olunacaq. Hazırda dünyada Amerika-NATO və Rusiya cəbhələri arasında qlobal qarşıdurma kəskinləşir. Bu kəskinləşmə Rusiyanın geri çəkilməsinə gətirib çıxaracaqsa, onda Qarabağ münaqişəsi həll olunacaq. Yaxud Rusiyada hakimiyyət dəyişsə, rəhbərliyə ipə-sapa yatan qüvvələr gəlsə və imperiya maraqları ilə deyil, ölkənin işi ilə məşğul olsalar, bu da münaqişənin sülhlə həllinə xeyirdir. Yəni mənzərə belədir: ya Rusiyada hakimiyyətə liberallar gəlir, ya da Rusiya sanksiyaların nəticəsində geri çəkilir. Artıq bunu Rusiya KİV-ləri də qeyd edirlər. Bu baş vermədən nə Dağlıq Qarabağ, nə Cənubi Osetiya və Abxaziya, nə Dnestryanı, nə də hazırkı Krım problemi həll olunmayacaq.

Putin düşünür ki, sanksiyalara dözəcək, buna görə də Ukraynada geri çəkilmək istəmir. Qarabağda olduğu kimi orada da müvəqqəti atəşkəs bağlanıb. Luqansk, Donetsk Rusiyaya arxalanaraq müstəqilliklərini bəyan ediblər. Bu qarşıdurmanın nəticələrini gözləməliyik. Bizim marağımız odur ki, Ukrayna xalqı öz arzusuna çatsın, Avropaya inteqrasiya olsun və ərazi bütövlüyünü bərpa edə bilsin. Bunun əksi bizim marağımızda deyil.


- Paris görüşündən sonra Obamanın prezidentləri Vaşinqtona dəvət edəcəyini gözləmək olarmı?


- Bu mümkündür. Yəni Qərb yenə də görüşlər keçirdə bilər. Amma əsas məsələ Ermənistanı müstəqil hərəkət edən ölkəyə çevirməkdir. Qərb Cənubi Qafqazda sülh və əməkdaşlığın tərəfindədir. Əgər regionda bu olsa, Qərb burda iqtisadi əməkdaşlığını gücləndirəcək və faydasını götürəcək. Ona görə də Qərb Dağlıq Qarabağ münaqişənin həllində maraqlıdır.


- Ermənistan prezidenti vaxtilə Parisdə Qarabağ münaqişəsini müzakirə etməmək üçün ayaqyoluna qaçdı. Belə bir şey bu dəfə də ola bilərmi?

- Moskva Sərkisyana heç nəyə razı olmamaqla bağlı göstəriş versə, hər şey ola bilər. Sərkisyanın müstəqil qərar qəbul etmək şansı yoxdur. Buna görə də istənilən anda görüşdən yayınmaq üçün hər şey edə bilər. Yəqin bu dəfə ayaqyoluna yox, hamama qaçacaq.


- Bu gün eyni zamanda Vaşinqtonda Azərbaycanla bağlı dinləmələr keçiriləcək. Bəzi ekspertlər hesab edir ki, Qərb Azərbaycanın Qarabağla bağlı prinsipial mövqeyindən geri çəkilməsini istəyir. Bunun üçün də Azərbaycana təzyiq məqsədilə Paris görüşü ilə eyni gündə belə bir dinləmə keçirir.


- Azərbaycan tərəfindən heç bir güzəştə nail ola bilməzlər. Yəni Azərbaycan nə etməlidir, Dağlıq Qarabağdan imtina etməlidir? Vaxtilə belə bir variant gündəmə gəlmişdi ki, Qarabağı Mehriyə dəyişək. Ermənilər buna razı olmadı. İndi Azərbaycan ağlasığmaz varianta gedə bilməz. Bütün variantlar masa üzərindədir. 7 rayon işğaldan azad edilməli, Qarabağın statusu da gələcəkdə həll olunmalıdır. Bu varianta Azərbaycan da razıdır, bu, Ermənistanın da xeyrinədir. Lakin bu variant nə vaxt masa üzərinə gəlsə, Ermənistanda ya hakimiyyət dəyişikliyi olur, ya parlamenti güllələyirlər.

Bizim Qarabağ məsələsində mövqelərimiz aydındır. Buna görə də bizə təzyiq etməyə dəyməz. Biz Qərbin sülh istəklərinə heç bir maneəçilik törətmirik, çünki özümüz də bunu istəyirik.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm