Paris görüşü Azərbaycana nə verdi? – MÖVQE
Bizi izləyin

Nida.az

Paris görüşü Azərbaycana nə verdi? – MÖVQE

Uzun zamandır gözlənilən Paris görüşü, nəhayət, baş tutdu. Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyan oktyabrın 27-də Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə bir araya gəldi. Görüşün sonunda gözlənildiyinin əksinə olaraq ümumi bəyanat verilmədi.

Fransa tərəfinin rəsmi məlumatına görə, prezidentlər Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında Dağlıq Qarabağda müharibə zamanı itkin düşən şəxslər haqqında məlumatların mübadiləsi və münaqişənin həlli istiqamətində dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.


Paris görüşündən gözləntilər yüksək olmasa da, münaqişənin həllində Qərbin təşəbbüsü ələ alacağına və müsbət tendensiyalara ümidlər bəslənilirdi. Yelisey sarayının bağlı qapıları arxasında nələrin müzakirə edildiyi isə detallı şəkildə ictimaiyyətə məlum deyil.


Publika.az siyasi ekspertlərin Paris görüşü haqqında fikirlərini öyrənib.


“Görüşmək görüşməməkdən daha yaxşıdır”


Keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə görüşdə hansısa irəliləyiş olduğunu düşünmür. Onun sözlərinə görə, bəyanatın verilməməsi də bunu göstərir: “Görünür, eyni sözləri təkrar etməmək üçün bəyanat vermək istəmədilər. Əsirlərlə bağlı qərarı müsbət hesab etmək olar. Yadımdadır, Heydər Əliyevin Jak Şirakla apardığı danışıqlar nəticəsində Azərbaycanla Ermənistan arasında böyük siyahı ilə əsirlər dəyişdirildi. Görüşün münaqişənin həlli üçün müsbət nəsə verdiyini demək isə çətindir. Amma görüşmək görüşməməkdən daha yaxşıdır”.


“Münaqişənin həll ediləcəyini düşünmək əvvəlkinə nisbətən qat-qat çətindir”


Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu belə görüşlərlə Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa irəliləyişə nail olunacağını güman etmir. Onun sözlərinə görə, görüşdən əvvəl verilən bədbin proqnozlar özünü doğrultdu: “Bu gün münaqişənin həll ediləcəyini düşünmək əvvəlkinə nisbətən qat-qat çətindir. Çünki bir il öncə Rusiya ilə Qərb arasında müəyyən anlaşmalar, münasibətlər var idi. İndi isə Ukrayna və digər məsələlərə görə qarşıdurma güclənib. Rusiya və Qərbi təmsil edən Fransa ilə ABŞ-ın Minsk qrupunun həmsədr ölkəsi olduğunu nəzərə alsaq, onların bu gün ortaq məxrəcə gələcəyi qeyri-mümkündür. Rusiya münaqişənin həllində maraqlı deyil. Çünki bunun baş verməsi Moskvanın Azərbaycan və Ermənistan üzərində təsir imkanlarının itirilməsi deməkdir. Qərb münaqişənin həllində maraqlıdır, yaxud ən azından, münaqişə tərəflərinə təsir imkanlarını artırmaq istəyir”.


Ə. Oruclu Qərbin istəsə belə münaqişənin həllində real nəticələr əldə edə biləcəyini düşünmür: “Çünki Ermənistan bu gün təkcə MDB və KTMT-də təmsil olunmur, həm də Rusiya ilə hərbi öhdəliklərə malikdir. Bundan başqa, Gömrük İttifaqına daxil olub. Nəhayət, son günlər erməni müxalifətinin Sərkisyan hakimiyyətinə ciddi təzyiqləri var. Belə olan şəraitdə Ermənistanın güzəştə gedəcəyini düşünmək mümkün deyil. Münaqişənin həlli üçünsə Ermənistan ən azı Dağlıq Qarabağ ətrafındakı 7 rayonu qeyd-şərtsiz azad etməlidir”.


Ə. Oruclu əsirlərlə bağlı məsələyə də toxunub: “Bu, müsbət elementdir. Lakin bunun üçün siyasi iradənin olması lazımdır”.


“Görüşdən əvvəl Rusiyadan Sərkisyana ciddi tapşırıqlar verilmişdi”


Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri isə Paris görüşünü daha çox görüntü yaratmaq gedişi kimi qiymətləndirib. Onun sözlərinə görə, bu görüş protokol xətrinə və münaqişənin həllində moderatorluğu Rusiyanın əlindən almaq üçün idi: “Siyasi nəticə etibarilə görüş sıfıra bərabərdir. Strateji baxımdan münaqişənin həllində prinsipial mövqeyin olmasını müşahidə etmədim. Ermənistanın mövqeyində heç bir dəyişiklik yoxdur. Buna görə də yaxın zamanlarda kardinal dəyişikliyin olması gözlənilmir. Digər tərəfdən, Minsk Qrupunun həmsədr dövlətləri olan ABŞ və Fransa işğalçı tərəfə heç bir ciddi təzyiq etmir. Daha çox prosesin yükünü tərəflərin üzərinə qoyurlar”.


Politoloq əsirlərlə bağlı məqamı müsbət hesab edir. Lakin bunun ümumi prosesin içində irəliləyiş elementi kimi sezilmədiyini düşünür: “Münaqişə yenə də donmuş vəziyyətdədir. Sərkisyan yenə də müstəqil siyasi iradəyə malik olmadığını göstərdi. Görüşdən əvvəl ona Rusiyadan ciddi tapşırıqların verildiyi hiss olunurdu. İndiki halda bu tapşırıqlardan kənara addım atmaq iqtidarında deyil. Çünki onun ciddi razılaşmaya doğru hansısa bir addımı öz ölkəsində problemə səbəb olacaqdı. Hazırda Ermənistanda Sərkisyan hakimiyyətini dəyişməyə ciddi güc yaranıb. Erməni müxalifəti Qərb və Rusiyaya öz güclərini göstərirlər. Bu hadisələrin fonunda Sərkisyan heç bir güzəştə gedə bilməzdi. Onu buna vadar edən gücləri də ortada görmədik”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm