Bakıdakı maraqlarını Vaşinqton üzərindən təmin edənlər kimlərdir?
Bizi izləyin

Nida.az

Bakıdakı maraqlarını Vaşinqton üzərindən təmin edənlər kimlərdir?

Dünən Vaşinqtonda Azərbaycanla bağlı dinləmələr keçirilib.

“Freedom House” və Açıq Cəmiyyət İnstitutunun təşkilatçılığı ilə keçirilən “Azərbaycanda insan hüquqlarının pozulmasının nəticələri” adlı dinləmələrdə Azərbaycanda yerli və xarici QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması, təzyiqlərin olması iddia olunub. Hökumətin repressiv siyasət apardığı iddia olunan tədbirdə QHT rəhbərlərinin siyasi motivlərlə həbs olunduğu deyilib.


Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Publika.az-a açıqlamasında bu dinləmələri qərəzli adlandırıb. Onun sözlərinə görə, belə müzakirələrə maraqlı tərəfdən heç kimin dəvət olunmaması onun nə dərəcədə obyektiv olduğunun əlamətidir: “Orda kimlər iştirak edib, informasiya mənbələri kimlərdir, maraqlı tərəflər niyə dəvət olunmayıb? Bu suallar həmin dinləmələri kölgə altına qoyur. Onlar, adətən, özləri informasiyanı yayır, sonra da həmin informasiya əsasında dinləmələr keçirdirlər. “Freedom House” təşkilatının Azərbaycana qərəzli mövqeyi bəllidir. Bu təşkilatın informasiya mənbələri də eyni şəxslərdir. Ona görə də belə informasiya mənbələrinə söykənərək dinləmələr keçirmək obyektiv ola bilməz”.


Ə. Nuriyev belə dinləmələrin arxasında xüsusi maraqların gizləndiyini bildirib: “Bu adətən təzyiq xarakteri daşıyır. Biz Azərbaycanda ciddi siyasi, iqtisadi, maliyyə maraqları olan qüvvələrin olduğunu bilirik. Bu qüvvələr belə vasitələrdən istifadə edərək, öz maraqlarını təmin etmək istəyirlər. Digər tərəfdən, belə dinləmələr keçirən təşkilatlar əlavə maliyyə mənbələri axtarır, yaxud yeni layihələrinin maliyyələşməsi məqsədinə xidmət edirlər. Hesab edirəm ki, bu dinləmələrdən narahat olmağa dəyməz. Biz ölkədə müəyyən problemlərin olduğunu bilirik və dövlətlə birgə QHT sektoru bu problemlərin həlli istiqamətində işləyir. Əgər bu işlər aparılmasaydı, o zaman narahat ola bilərdilər”.


QHT rəhbəri Azərbaycanda bir milyon qaçqın və məcburi köçkünün fundamental hüquqlarının pozulduğuna diqqət çəkib: “Nə üçün belə dinləmələr hüquq pozulan bu qədər insan üçün keçirilmir? Məhz buna görə də belə dinləmələr həm ölkə, həm də beynəlxalq ictimaiyyət tərəfindən dəstək tapmır. Əvvəlcə bir milyonun hüququnun bərpası baş versin, ondan sonra fərdlər üzərində qayıtmaq olar”.


Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov da Publika.az-a açıqlamasında “Freedom House” təşkilatının qərəzli olduğunu deyib: “Belə dinləmələr çox yerlərdə keçirilir. Bəzən qərəzli yanaşmalar da olur. Lakin Azərbaycanda QHT sektorundakı problemlərin həlli istiqamətində heç bir iş görülmədiyini demək absurddur. Ölkədə bu müstəvidə dialoq platformaları var. Misal üçün, QHT-lərə Dövlət Dəstəyi Şurasının yanında Monitorinq qrupu fəaliyyət göstərir. Bundan başqa, Azərbaycan Prezidenti və Avropa Şurasının rəhbərinin birgə qərarı ilə İşçi Qrupunun fəaliyyəti bərpa edildi. Bu qrup onların iddia etdikləri problemlərlə məşğuldur. Artıq konkret nəticələr də var”.

S. Məmmədov QHT sektorundakı bir insan kimi ciddi problemlərlə üzləşmədiyini deyib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm