Tural Abbaslı: “Partiya daxilində fraksiya yarada bilərik” – Arif Hacılıya qarşı birlik
Bizi izləyin

Nida.az

Tural Abbaslı: “Partiya daxilində fraksiya yarada bilərik” – Arif Hacılıya qarşı birlik

Müsavat Partiyasında Arif Hacılıya qarşı fraksiya yaradılır.


Başqanlığa keçmiş namizəd Tural Abbaslı Publika.az-a açıqlamasında bununla bağlı partiya daxilində müzakirələr getdiyini deyib. O, nizamnaməyə zidd addım atmadıqlarını düşünür: “Fraksiyanın yaradılması təklifləri var. Hazırda bu məsələ ilə bağlı məsləhətləşmələr aparılır. Partiya daxilində demokratiyanın və balansın təmin olunması, hər tərəfin sözünün eşidilməsi üçün addımlar atacağıq. Seçkilərdən bəlli müddət keçib, təəssüf ki, yeni rəhbərlikdə hər tərəfin iştirakı ilə partiyanın fəaliyyətini qurmaq arzularını görmədim. Fraksiya barədə öz üzvlərimiz, həm keçmiş funksionerlər, həm də indiki Məclis üzvləri arasında danışıqlar gedir. Bunu narazı tərəfin addımı kimi qələmə verməyin tərəfdarı deyiləm. Qurultaydakı seçkilərin ədalətindən narazı deyiləm. Sadəcə olaraq İsa Qəmbər başqanlıqdan gedəndən sonra partiyada yeni siyasi situasiya yaranıb. Bu durumun da tələb etdiyi bəzi şərtlər var. Düşünürəm ki, partiya daxili fraksiyanın yaradılması da bunun tərkib hissəsidir”.


T. Abbaslı seçkidən sonra barışdırıcı mövqe tutduğunu bildirib. O, hər kəsi konsensusa dəvət etməyə çalışdığını, lakin bunun alınmadığını deyib:

“Yeni başqan “hər şey bir şəxsən asılıdır”, “ancaq öz ətrafımla işləyəcəm” kimi fikirlər ifadə etməməlidir. Bir ay ərzində göstərilən münasibət partiyanı heç də uğura aparmır. Biz də ona görə də addımlar atırıq və yaradılacaq fraksiya da bu addımlardan ilkidir. İlkin siyasi razılaşma əldə olunandan sonra detallar qısa vaxt aparacaq. Əsas partiyanı indiki düşdüyü vəziyyətdən çıxarmaq və 2015-ci parlament seçkilərinə daha güclü vəziyyətdə getməkdir. Daxili çəkişmələrə vaxt ayırmaq seçkilərdə qalib gəlmək şansımızı azaldır. Bütün problemlər masa üzərinə qoyulmalı, çatışmazlıqlar müzakirə olunmalıdır. Bundan sonra səmimi həmrəylikdən söhbət gedə bilər. Nisbi stabillik partiya daxilindəki gərginliyi azaltmayacaq”.

Fraksiya tərəfdarlarından olan Müsavat Qadınlar Birliyinin (MQB) sədri Ellada Məmmədli Publika.az-a açıqlamasında partiyadan istefa vermək fikrində olmadıqlarını deyib: “Mübarizəmizi partiya daxilində sona qədər aparacağıq. MNTK-dan cavab gözləyirik. Lakin cavabdan öncə yeni tərkibli Məclis tərəfindən belə bir bəyanatın səsləndirilməsi bizə qapını göstərmələri deməkdir. Bundan öncə Osman Kazımovun dilindən “partiya təmizlənməli və bir çoxları, həqarət deyənlər çıxıb getməlidir” kimi hədələr səsləndi. 25 il siyasətdə olmuş adamlara qapı göstərmək siyasəti kimə lazımdır? Qurultayda Arif Hacılını dəstəkləməyən Məhəbbət Muradov onların xoşları gəlmir deyə, özü dəvət olunmadan partiyadan qovulub. Cəmiyyətdə azad fikir və söz demək yeri olmayacaqsa, o partiya nəyə lazımdır? Onda özəl cəmiyyətdir, partiya da deyil. Səsləndirilən bəyanat mötəbər şəxsin adına olan Müsavata yaraşmır”.


MQB sədri fraksiya təklifini dəstəklədiyini açıqlayıb. O, gənclərin namizədi Tural Abbaslı ilə eyni fikirdə olduqlarını deyib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm