Mitinq qərarının arxasındakı ilginc məqamlar – Təhlil
Bizi izləyin

Nida.az

Mitinq qərarının arxasındakı ilginc məqamlar – Təhlil

Noyabrın 10 Azərbaycan siyasi arenası üçün növbəti mənzərə ilə yadda qalacaq. Bu mənzərənin forması Milli Şuranın oktyabrın 12-də keçirdiyi mitinqindən sonra müəyyən qədər məlumdur: azsaylı insanlar, populist şüarlar və böyük iddialar...

Milli Şura noyabrın 10-da növbəti mitinqə hazırlaşır. Bu qərarda diqqət çəkən məqam, qurumun mitinq keçirməkdə israrlı olmasıdır. Halbuki, hava şəraiti baxımından mitinq keçirmək əlverişli deyil. Publika.az mitinq qərarının arxasında dayanan məqamları araşdırmağa çalışıb.


İlk növbədə, bu, daha çox müxalifətdaxili proseslərdən irəli gəlir. Əsas şüar kimi QHT rəhbərlərinin həbsini əlində bayraq edən Milli Şuradakı qurumlar əsas rəqib sayılan Müsavatı qabaqlamaq istəyirlər. Məhbus məsələsi gündəmə gələndə Milli Şura və Müsavatın keçmiş başqanı İsa Qəmbər ayrılıqda müdafiə komitələri yaratdı. Əli Kərimlinin komitəsinə qarşı İsa Qəmbər 11 siyasi partiya rəhbərini ətrafına toplayaraq əzələ nümayiş etdirdi.


Məlumatlara görə, İ. Qəmbərin qeyri-rəsmi rəhbərlik etdiyi müdafiə komitəsi Milli Şuradan öncə mitinq keçirmək qərarını veribmiş.


Müsavat Məclisinin üzvü Tural Abbaslı Publika.az-a mitinq niyyətlərinin hələ başqanlıq seçkilərindən öncə olduğunu deyib: “Hətta bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət də hazırlanmışdı. Amma həmin vaxt digər partiyalar da mitinqin təşkilatçılığında iştirak etmək niyyətlərini açıqladı və məsləhətləşmələr aparmaq qərarına gəldik. Məsləhətləşmələr uzun sürdüyü üçün mitinq təxirə salındı. Hazırda bu məsələ müzakirə edilməsə də, mitinqin keçirilməsi gündəmdədir”.


Bu fonda Arif Hacılının qardaşı Mustafa Hacıbəylinin “mitinq təşəbbüsünü ələ alaq” çağırışı da diqqət çəkir.


“Əli Kərimlini müxalifətin birliyi deyil, heç məhbusların azadlığa çıxması uğrunda sanballı mitinq təşkil etmək də deyil, Milli Şurada yeganə qüvvə olduğunu sübut etmək düşündürür. Yəni onu şəxsi ambisiyaları maraqlandırır. Bizim də münasibətimiz adekvat olmalı, özümüz təşəbbüsü ələ alaraq aksiya təşkil etməliyik”, - deyə o bildirib.


Göründüyü kimi, müxalifətdə nüfuz davası gedir. Kim qabağa düşsə, diqqət mərkəzində o olacaq. Bu həm cəmiyyətə, həm də Qərbə “müxalifət bizik” mesajıdır.


Ötən il prezident seçkilərindən sonra cəmi bir dəfə mitinq keçirən Milli Şuranın oktyabr ayında qəfil mitinq qərarları verməsi ikinci əsas məqam olaraq diqqət çəkir. Hərçənd, prezident seçkilərində bu qurum məğlub oldu. O vaxtdan daxili deqradasiyaya uğrayan Milli Şura mitinq keçirə biləcək qədər güclənməyib. O zaman uğursuz mitinq keçirib öz zəifliyini etiraf etmək Milli Şuranın nəyinə lazımdır? Yaxud hansı məsələ Milli Şuranı zəifliyini nümayiş etdirəcək addıma sövq edir?


Avropa Parlamenti sentyabrın 28-də Azərbaycana qarşı qətnamə qəbul etdi. Bu qətnamədə Azərbaycan hökuməti demokratiya, insan azadlığı kimi klassik yanaşmalarla tənqid edildi. Eyni yanaşmanı, ABŞ prezidenti Barak Obama da nümayiş etdirdi. Bu tənqidlərdən sonra Milli Şura 900 nəfərlik iştirakçının olacağı 12 oktyabr mitinqini təyin etdi.

Ardınca Avropadan Azərbaycana qarşı çevrilən tənqidlər öz axarı ilə davam etdi. Oktyabrın 27-də Vaşinqtonda Azərbaycanla bağlı dinləmələr keçirildi. Bunun ardınca Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına maneələrin yaradıldığı, söz azadlığının boğulduğu iddialarını irəli sürdü. Və Milli Şura noyabrın 10-da mitinqə hazırlaşır. Avropalı siyasətçilərlə müxalifətçilərin ritorikası eynidir və güman ki, növbəti mitinqdə də eyni sözlər, şüarlar səsləndiriləcək: “Azərbaycan hökuməti ölkədə azadlıqları boğur”.


“Bu qədər təsadüf olmaz” deyə təəccüblənməyə tələsməyək. Onsuz da heç kim burda təsadüf axtarmır. Hər şey avropalı siyasətçilərlə Azərbaycan müxalifətinin “vəhdətindən” irəli gəlir.


Azərbaycan Demokratik Partiyası (ADP) sədri Sərdar Cəlaloğlu bu “vəhdətin” nə olduğunu açıq şəkildə izah edir. Partiya sədri publika.az-a açıqlamasında Milli Şuranın mitinq qərarını divident qazanmaq cəhdi kimi dəyərləndirir: “Bəzi siyasi liderlər insanların başına gələn faciələrdən divident qazanmaq istəyirlər. Əslində həbs olunmuş istənilən şəxsi müdafiə etmək lazımdır. Bu insanlığa aid olan məsələdir. Əli Kərimli isə Azərbaycanda kimsə həbs olunursa, müdafiəni yalnız onun edə biləcəyini düşünür. Əgər onlara görə “sağ ol” deyiləcəksə, xaricdən yardımlar ayrılacaqsa, “sağ olu” da ona desinlər, yardımları da o alsın. Məqsəd budur. Bu günə qədər müxalifətə ayrılan hər cür yardımı alıb təyinatı üzrə xərcləməyiblər, indi də bunu istəyirlər. Yəni məqsəd müdafiə etmək yox, müdafiə adı altında divident qazanmaqdır”.


Milli Şuranın əsas partiyası olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının 12 oktyabr mitinqindən sonra “Qərbin siyasi məhbuslarla bağlı iqtidara təzyiqlərinin artdığı indiki dönəmdə mitinqlər dünyanın diqqətini daha çox ölkəmizə yönəltməyə, demokratik prosesə daha çox beynəlxalq dəstək verilməsinə zəmin yarada bilər” açıqlaması bu kontekstdə onların özünüifşası hesab edilə bilər.


Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da Milli Şuranın mitinqlərini Avropada müəyyən dairələrdən maliyyə almağa hesablandığını düşünür: “Bu cür aksiyaların keçirilməsi üçün müəyyən qədər vəsait də ayrılıb. Ona görə də, bu aksiyanın keçirilməsində əsas məqsəd hər hansı məhbusun azadlığa çıxması deyil. Məqsəd AXCP və Milli Şuraya daxil olan digər partiyaların maliyyə vəziyyətinin yaxşılaşdırılmasıdır ki, onlar da bu cür aksiya keçirməklə xaricdən vəsait almağı düşünür”.


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli Publika.az-a açıqlamasında ölkədə mitinq üçün əlverişli şəraitin olmadığına, cəmiyyət tərəfindən belə bir sifariş yoxluğuna diqqət çəkib: “Bunu mitinqi keçirənlər də yaxşı bilir, amma yenə də keçirməkdə israrlıdırlar. Sadəcə olaraq, məqsəd Avropada bəzi dairələrin Azərbaycana təzyiqlərindən sonra onlarla həmrəy olduqlarını nümayiş etdirməkdir. Həmçinin, bu həmrəylik nəticəsində onlar Qərbdən maliyyə dəstəyi alırlar. Bu qüvvələr xarici güclərin himayəsinə sığınmağa həmişə hazırdırlar və onları Azərbaycan xalqının dəstəyi yox, bu və ya digər ölkənin dəstəyi maraqlandırır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm