İranın iddiası, Azərbaycanın rəsmi cavabı və qocalıb heydən düşmüş mücahidlər...
Bizi izləyin

Nida.az

İranın iddiası, Azərbaycanın rəsmi cavabı və qocalıb heydən düşmüş mücahidlər...

"İranın "Mehrnews" saytında Azərbaycan ərazisində Xalq Mücahidlər Təşkilatı qüvvələrinin yerləşdirilməsi barədə yerləşdirilən məlumat tamamilə cəfəngiyat və əsassızdır".

Bu sözləri Publika.Az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

İranın "Mehrnews" saytı iyunun 27-də Azərbaycan hökumətini İran hakimiyyətinə radikal müxalifətdə olan Xalq Mücahidlər Təşkilatı qüvvələrini ölkə ərazisində yerləşdirməkdə günahlandırıb.

"Mediaforum" saytının məlumatına görə, sayt bildirib ki, İraqdan Azərbaycana köçürülən 800 nəfər mücahid hazırda Mingəçevir və Daşkəsən şəhərlərində yerləşdirilib:

"Münafiqlərin müəyyən bir çərçivə əsasında İraqdan çıxarılmasına başlanıldıqdan sonra Azərbaycan Respublikasının sionist rejimlə yaxşı əlaqələrini nəzərə alaraq Tel-Əviv rəsmiləri ilə danışıqlardan sonra münafiqlər qrupunun nümayəndəsi Azərbaycan Respublikasında yerləşdirildi".

"Mehrnews" iddia edir ki, 2011-ci ildə İraqdan çıxarılan Xalq Mücahidlər Təşkilatı üzvləri avtobuslarla İraqın Kürdüstan muxtariyyəti, Türkiyə və Gürcüstandan keçməklə Azərbaycanın Gəncə şəhərinə gətiriliblər, daha sonra Daşkəsən və Mingəçevirdə yerləşdiriliblər:

"Tel-Əvivin razılığı ilə münafiqlərin ali şurasının üzvü Sənabərq Zahidi 2012-ci il mayın sonunda Bakıya gələrək daha 2 min münafiqin burada yerləşdirilməsi üçün Azərbaycan rəsmiləri ilə danışıqlar aparıb, razılıq əldə edib. Əldə olunmuş razılığa görə, bu iki şəhərdə yerləşdirilmiş münafiqlərə yüksək səviyyədə partizan savaşı, casusluq etmək, bomba qoymaq, kommunikasiya fəaliyyətləri və terrorçu əməliyyatlar keçirmək barədə təlimlər veriləcək ki, lazım olanda İranın daxilinə göndərilsinlər".

Politoloq Rasim Ağayev Publika.Az-a açıqlamasında deyib ki, vaxtilə Rusiya da Azərbaycanı çeçen mücahidlərinə sığınacaq verməkdə, rəsmi Bakını Çeçenistana ciddi köməklik göstərməkdə ittiham edirdi:

"Hətta rus deputatlar Bakının xəstəxanalarını gəzib burada "əməliyyat", "müalicə" olunan çeçen mücahidlərini axtarırdılar. İndi də İran buna bənzər ittihamla çıxış edir. Rəsmi Tehranın qeyri-rəsmi orqanı Azərbaycanı ittiham edir ki, şahın vaxtında didərgin düşmüş hansısa siyasi qüvvə burda məskunlaşıb. Londonda, Parisdə, elə Moskvanın özündə yaşayış binaları var ki, həmin binalarda məxsusi olaraq şah devriləndən sonra İranı tərk edən imkanlı iranlılar yaşayırlar. Ancaq İranın bu barədə indiyədək bir kəlmə də olsun mövqeyinə rast gəlinməyib".

Rasim Ağayev bu məlumatın doğruluğuna şübhə edir. O deyir ki, adətən dövlətlər arasında münasibətlər pisləşəndə bu cür ittihamlar meydana çıxır.

Rasim Ağayev saytın bu işdə İsraili ittiham etməsinə də aydınlıq gətirib:

"İsrailin hər yerdə, elə İranda da əli var. Bu da belə bir dövlətdi, belə bir millətdi. İsrail deyir ki, kim mənə sataşsa onun başına oyun açacam. Dəfələrlə "Hizbullah"a görə Livana hücüm etdi. Faktiki olaraq bütün Livanı işğal etmişdi. Ona görə də bu məlumatın özündən də görünür ki, ortada ciddi fakt yoxdur".

Politoloq onu da bildirib ki, Xalq Mücahidlər Təşkilatı deyildiyi kimi güclü təşkilat deyil və faktiki olaraq yiyəsiz bir qrupdur:

"Çoxdan dağılıb, səpələnib, üzvləri qocalıb. Onları heç kim heç bir yerdə ciddi bir qüvvə kimi qəbul etmir. Kimsə onlardan İranın əleyhinə istifadə etmək istəsə, gərək bu işi ABŞ kimi ölkələrin himayəsi altında görə. Gərək onları bir-bir yığasan, təşkilatlandırasan, silah verəsən. Digər tərəfdən, şahı 1979-cu ildə deviriblər. Artıq 33 il keçib və ikinci nəsil yetişib. Bir sözlə ciddi söhbət deyil".

Xalq Mücahidlər Təşkilatı İranda şahlıq dövründə yaradılıb. Təşkilat 1980-ci illərdə İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra Xalq Mücahidlər Təşkilatının minlərlə üzvü edam edilib, on minlərlə üzvü xarici ölkələrə mühacirət edib.

Təşkilatın silahlı qanadı əsasən İraqdakı "Əşrəf" hərbi qərargahında məskunlaşıb. ABŞ-ın 2003-cü ildə İraqa hərbi müdaxiləsindən sonra bu ölkədəki mücahidlər tamamilə tərksilah edilərək "Əşrəf" qərargahında nəzarət altında saxlanılıb.

Səxavət Həmid

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm