• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Əli Həsənov: "Status-kvonun dəyişdirilməsi torpaqların azad edilməsi deməkdir"

  • Nida.az
  • 7 Noyabr 2014 18:21
  • 777 Baxış
Əli Həsənov: "Status-kvonun dəyişdirilməsi torpaqların azad edilməsi deməkdir"

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində noyabrın 7-də ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə növbəti qısamüddətli kurslara yekun vurulub.

Oktyabrın 22-dən noyabrın 7-dək davam edən kursların dinləyiciləri Azərbaycan Dillər Universitetinin tələbələri olublar.

Publika.az AzərTAc-a istinadən məlumat verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov kursların sonuncu günündə tələbələr qarşısında “Münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlar prosesində Azərbaycan dövlətinin mövqeyi” mövzusunda mühazirə ilə çıxış edib.

Professor Ə.Həsənov Ermənistanın təcavüzkar siyasətindən, münaqişənin nizama salınması prosesində qeyri-konstruktiv mövqeyindən danışıb. Prezident Administrasiyasının şöbə müdiri deyib: “Ermənistan çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın və status-kvo dəyişməz olaraq qalsın. Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğal olunmuş torpaqların əslində azad edilməsi deməkdir”.

Azərbaycanın ərazi bütövlüyünün dünya birliyi tərəfindən tanındığını vurğulayan Ə.Həsənov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Şöbə müdiri beynəlxalq təşkilatların qəbul etdiyi müvafiq qərar və qətnamələrdə də hüquqi cəhətdən bizim mövqeyimizin kifayət qədər möhkəm olduğunu bildirib.

Azərbaycanın diplomatik səylərini, son vaxtlar dövlətimizin hücum diplomatiyasına üstünlük verdiyini qeyd edən Ə.Həsənov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev bu işğal, etnik təmizləmə siyasəti və ərazilərimizin müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyini vurğulayıb: "Biz Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yürütdüyü böyük siyasətə dəstək verməliyik. Eyni zamanda, ermənilərin təcavüzkar siyasətinə ağıl və intellektlə yanaşmalı, həm də güclü olmalıyıq".

Professor Ə.Həsənov tələbələrin diqqətinə çatdırıb ki, biz dövlətimizin başçısının Azərbaycan vətəndaşları, ziyalıları, ictimaiyyəti qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı - hücum diplomatiyasını yaddan çıxarmamalı, təcavüzkar Ermənistanın bütün dünyada ifşa edilməsinə nail olmalıyıq.

Kurslarda “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri”, AMEA-nın Tarix İnstitutunun professoru, tarix elmləri doktoru Kərim Şükürov “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, AMEA-nın Tarix İnstitutunun Qarabağ şöbəsinin böyük elmi işçisi Nazim Mustafa “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)”; AMEA-nın Şərqşünaslıq İnstitutunun professoru, tarix elmləri doktoru Solmaz Tohidi-Rüstəmova “Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər); Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları (1918-1923-cü illər)”; tarix elmləri doktoru, professor, Milli Məclisin deputatı Musa Qasımlı “Sovet dövründə Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və onun nəticələri (1945-1985)”; “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin üzvü, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov “Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti. Qaradağlı soyqırımı”; “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov “Ermənistanın Azərbaycana təcavüzünün genişlənməsi. Xocalı soyqırımı” mövzularında mühazirələr oxuyublar.

Sonda dinləyicilərə sertifikatlar verilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR