
Bakıda İran və ABŞ arasında diplomatik əlaqələrin yaradılmasına
dair müzakirələrin aparılması barədə məlumat rəsmən təkzib
edilib.
Müzakirələrdə iştirak edəcəyi iddia edilən Tehranın Beynəlxalq
Ticarət Palatasının rəhbəri Məhəmmədrza Səbzəlipur Trend-ə “The
Times” qəzetində Bakıda İran və ABŞ arasında diplomatik əlaqələrin
yaradılmasına dair müzakirələrin aparılması ilə bağlı yayılan
məlumatı şərh edərkən bildirib ki, o, İranda heç bir ABŞ ticarət
ofisinin açılmasında vasitəçilik etmir və ümumiyyətlə, Azərbaycanda
müzakirələr üçün nümayəndə heyətinə başçılıq etmir.
M.Səbzəlipur deyib ki, o, Bakıda yaxın vaxtlarda səfərdə olmayıb və İran nümayəndə heyətinin tərkibində də deyil.
ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə yayılan məlumatı
təkzib ediblər və bildiriblər ki, nəşrin yaydığı məlumatda da ABŞ
tərəfinin təkzibi qeyd olunub.
Qeyd edək ki, “The Times” xəbər verir ki, tərəflər nüvə anlaşmasına
yaxındır və bu səbəbdən ABŞ və İran rəsmiləri nüvə anlaşmasının
əldə olunmasının ardınca ikitərəfli diplomatik münasibətlərin
bərpası məsələsini müzakirə edilir.
Mənbə bildirib ki, Bakı danışıqlarında mövzu ABŞ-ın Tehranda
ticarət nümayəndəliyinin açılması barədədir. Adının açıqlanmasını
istəməyən İran rəsmiləri qəzetə bildiriblər ki, danışıqların
növbəti raundu bu həftə yenidən Bakıda keçiriləcək. Tehranı həmin
danışıqlarda M.Səbzəlipur təmsil edəcək.