Nida.az
Hasan Kanpolat: “İrəvan sülh danışıqları gündəmə gələndə təxribatlara start verir” – Müsahibə
Ortadoğu Strateji Araşdırmalar Mərkəzinin direktoru, türkiyəli analitik Hasan Kanpolat Publika.az-a müsahibəsində Ermənistan helikopterinin Azərbaycan səmasına müdaxiləsi və vurulmasının səbəblərdən danışıb.
- Hasan bəy, bir neçə gün öncə Ermənistana məxsus
helikopter Azərbaycan hava məkanını pozduğu üçün vuruldu. Sülh
danışıqlarının getdiyi bir vaxtda Ermənistanın təmas xəttində
helikopterlərini havaya qaldırması sizcə nə ilə bağlı
idi?
- Helikopter olayında Azərbaycan sona qədər haqlıdır. Çünki Dağlıq
Qarabağ və işğal edilmiş ətraf rayonlar Azərbaycan torpaqlarıdır və
bura daxil olan hava məkanı da sizin sərhədlərinizdir. Ermənistan
helikopterinin Azərbaycan torpaqlarında olması doğru deyil. Amma
İrəvan bu torpaqlarda hərbi təlimlər keçirir. Azərbaycan da haqlı
olaraq özünü qorumaq məcburiyyətindədir. Bu baxımdan, helikopterin
vurulması təbiidir. Burda diqqət çəkən xüsusi bir məqam da var.
Ermənistan Dağlıq Qarabağla bağlı sülh danışıqları nə vaxt
irəliləsə, o vaxt bu tipli təxribatlara əl atır. Bunu əvvəlki
illərdə də görmüşük. Çünki sülh istəyən tərəf Bakıdır. İrəvan isə
mövcud status-kvonun saxlanılmasında maraqlıdır. Belə təxribatların
törədilməsində məqsəd də sülhü olmaması və status-kvonun
dəyişməməsidir.
- Helikopterin vurulmasından narahatlığını dilə gətirən
Minsk qrupu və beynəlxalq tərəflərin Azərbaycanın hava məkanının
pozulması haqda heç nə deməmələri maraqlıdır.
- Bu ikili standartlardan irəli gələn məsələdir. Belə yanaşma
əvvəllər də olub, bu gün də var və gələcəkdə də olmayacağını demək
çətindir. Halbuki, Azərbaycanın işğal edilmiş ərazilərində hərbi
təlimlərin keçirilməsinin özü böyük təxribat idi. Minsk qrupu və
beynəlxalq güclər əvvəldən bu təlimlərə qarşı çıxsaydılar, bu olay
da baş verməzdi.
- Minsk qrupunun 20 ildən artıq bir müddət münaqişənin
həllində heç bir irəliləyişə nail olmaması, əvəzində bu cür
hadisələrdə yanlış mövqelər sərgiləməsi bu formatın dəyişməsini
gündəmə gətirmirmi?
- Razıyam. Minsk qrupunun formatının dəyişməsi lazımdır. Əsas
məsələ sülhdür, amma bu əldə edilmir. Format dəyişsə, ən azından
sülh danışıqlarına yeni nəfəs gələ və müəyyən ümidlər yarana
bilər.
- Format dəyişərsə, Türkiyə münaqişənin həllində daha yaxın
formada təmsil oluna bilərmi? Bakıda belə arzular var.
- Türkiyənin münaqişənin həllində daha yaxından iştirakı müsbət
olar. Amma bunun üçün yeni formatlara ehtiyac var. Misal üçün,
2008-ci ildə Gürcüstan savaşında Qafqaz birliyi platforması var
idi. O vaxt Türkiyə Cənubi Qafqazda müharibənin bitməsi üçün
fəaliyyət göstərib. Bu nümunə Dağlıq Qarabağ münaqişəsində də
tətbiq edilə bilər. Türkiyə, Rusiya və münaqişə tərəfləri birgə
həll yollarını axtara və daha təsirli nəticələr əldə edə bilər.
Amma dediyim kimi bunun üçün formatın dəyişməsi lazımdır.
- Helikopter olayında Azərbaycanda təəssüflə qarşılanan bir
hadisə də oldu. Türkiyənin böyük media orqanı helikopterin qondarma
“Dağlıq Qarabağ Respublikasına” aid olduğunu bildirdilər. Bu
Türkiyədə bəzilərinin erməni sevgisindən irəli gəlir,
yoxsa...?
- Mən burdakı yanlışlığın başqa səbəblərinin olduğunu düşünürəm.
Türkiyədə bəzilərinin erməni sevgisi məlumdur. Amma bu sırf xəbər
situasiyası idi. Türkiyədə böyük media orqanları xəbərləri Amerika
mediasından alır. Çox vaxt da bu xəbərlərin üzərində dəyişiklik
edilmir, olduğu kimi təqdim olunur. Bu zaman biz bəzi xəbərlərin
yanlış şəkildə təqdim edildiyi ilə qarşılaşırıq. Media çox vaxt
belə xəbərləri düşünmədən yayır.
- Amma bunun olmaması daha yaxşıdır.
- Təbii ki, bunun olmaması yaxşı olardı. Çünki bunlar həssas
məsələlərdir. Bəzən adi bir informasiya böyük siyasi təsirlərə
malik ola bilər. Ermənistan helikopterinin “DQR”-ə aid olduğu
xəbəri də belədir. Ermənistan da daxil olmaqla bu qondarma
“respublikanı” dünyada heç kim tanımayıb. Türk jurnalistlərinin,
xüsusilə böyük media orqanlarında çalışanların belə təqdimatı
təəssüfedicidir. Onlar bununla böyük siyasi səhv etdiyini
anlamalıdırlar. Bu həm də Azərbaycan və Türkiyə ictimaiyyətinin
bir-birinə qarşı etibarının zədələnməsi deməkdir.
Asif Nərimanlı
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO