“Arif Hacılı orta səviyyəli kənd tamadasıdır” - Qalmaqal
Bizi izləyin

Nida.az

“Arif Hacılı orta səviyyəli kənd tamadasıdır” - Qalmaqal

“Müsavata xəyanəti saxtakarlıq edənlər etdi. Qurultayın nəticələrindən narazı qalanları xəyanətdə ittiham etmək absurd yanaşmadır”.


Bunu Publika.az-a açıqlamasında Müsavatdan çıxarılan başqanlığa keçmiş namizəd Səxavət Əlisoy dünən partiya qərargahında İsa Qəmbərin iştirakı ilə yeni rəhbərlik və narazıların arasında keçirilən görüşə münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, əsl xəyanət saxta yolla, mənəviyyatsız üsullarla partiyanı ələ keçirməkdir: “Saxtakarlığa qarşı etiraz etmək nə zamandan xəyanət sayılıb? Saxtakarlığa göz yummayan insanlara qarşı aqressiv mövqedə dayanmaq xəyanətdən betərdir. Ömrünün 10 ilini, 20 ilini Müsavata qurban verənləri xəyanətdə suçlamaq hansı məntiqə, hansı mənəviyyata sığır?”


S. Əlisoy Arif Hacılını orta səviyyəli kənd tamadası adlandırıb.


“Orta səviyyəli kənd tamadasına biət etməyənlərə nifrət psixoloji problemin olmasından xəbər verir. Bir silahdaşı, beş silahdaşı xəyanətkar saymaq olar. Onlarla, yüzlərlə silahdaşı xəyanətkar elan etməyin adı daha nə ola bilər? Vicdan gərək cüzdana bağlı olmasın. Yalnız o halda obyektiv fikir söyləmək mümkündür”, - deyə keçmiş müsavatçı bildirib.


Onun fikrincə, partiyanın yeni rəhbərliyi bolşevik metodlardan yararlanır: “Saxtakarlığı dəfn etmək üçün “zəhmətkeş bəyanatları” yayır, fərqli düşünənlərə partiya cəzaları tətbiq edilir, ədalət tələb edənləri “satqın”, “böhtançı” adlandırırlar. Sabah da partiya-təsərrüfat fəalları yığıncağı keçirib süddən çıxmış qaşıq kimi tər-təmiz olduqlarını isbatlamaq istəyəcəklər. Anlamırlar ki, saxtakarlıq da bəzi əxlaqi anormallıqlar kimidir. Onu gizlətmək və ya dezinfeksiya etmək mümkün deyildir. Hacılı bundan sonra bir yox, yüz öküz öldürsə belə, “saxtakar adını üstündən götürə bilməz!”


Qeyd edək ki, A.Hacılı dünən keçirilən toplantıda S.Əlisoyun ona qarşı irəli sürdüyü ittihamlara cavab verib.


“Başqanlığa namizəd olmuş Səxavət Əlisoy mənim saxtakarlıqla seçildiyimi və seçkilərin də saxtakarlıq şəraitində keçirildiyini iddia edib. Nizamnaməyə zidd davranaraq, partiya strukturlarının qərarlarına məhəl qoymayıb. Müsavat Partiyasının qurultayının legitimliyinin şübhə altına almağa heç bir əsas yoxdur. Bu proseslər durdurulmalıdır. Qeyri-müəyyənliyə son qoyulmalıdır”, - deyə yeni başqan bildirib.


S. Əlisoy isə dediyi bütün fikirlərdə haqlı olduğunu və sona qədər arxasında dayandığını qeyd edib: “Mənim mübarizəm saxtakarlığa qarşıdır. Arif Hacılı isə bu saxtakarlıqda əsas fiqurlardan biridir. Ona qarşı heç bir şəxsi qərəzim yoxdur. Lakin hər kəs yalanın ayaq tutsa da yeriyə bilməyəcəyini anlamalıdır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm