Azərbaycanda yeni Yaşıllar Partiyası yarana bilər: “Mən onlara kömək etməyə hazıram”
Bizi izləyin

Nida.az

Azərbaycanda yeni Yaşıllar Partiyası yarana bilər: “Mən onlara kömək etməyə hazıram”

Azərbaycanda Yaşıllar hərəkatının zəif olduğunu əsas gətirən Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, sabiq millət vəkili Əliməmməd Nuriyev bir müddət öncə Yaşıl platformalı partiya yaratmaq niyyətini açıqladı.
Lakin ölkədə Yaşıllar Partiyasının fəaliyyət göstərməsi burda suallar doğurur.


“Yaşıl platformanı ciddi fəaliyyət növünə çevirmək üçün siyasi partiya yaratmağa ehtiyac var”


Ə. Nuriyev Publika.az-a açıqlamasında yaxın ətrafı ilə bu məsələləri müzakirə etdiklərini və belə bir mövqeyə gəldiklərini deyib: “Dostlarla müxtəlif mövzuları müzakirə edəndə dünyada dəyişən iqlim problemi, eləcə də bunun Azərbaycana təsiri, Azərbaycanda ekoloji problemlər, həmçinin paytaxtın çirklənən ekologiyasını müzakirə etdik. Yaşıl platformanın yetərincə inkişaf etdirilmədiyi, bu sahədə boşluqların olduğu qənaətinə gəldik. Bu sahəyə diqqəti artırmaq, müvafiq qərarların qəbul edilməsi, hansısa siyasi partiyanın prioritet məqsədi olmasına ehtiyac var və belə bir partiya yaratmaq olar. Bu hazırda partiya yaratdığımız demək deyil. Sadəcə olaraq, fikir kimi ortadadır. Azərbaycanda yaşıl platformanı ciddi fəaliyyət növünə çevirmək üçün bəlkə də siyasi partiya yaratmağa ehtiyac var. Amma burda dərhal uzağa gedən nəticələr olmaz. Düşünürəm ki, gələcəkdə bu sahə boş qalmayacaq. Çünki təbiət problemi dünyanın hər yerində aktualdır, o cümlədən Azərbaycanda”.

Onun sözlərinə görə, Azərbaycanda bu istiqamətdə ictimai təşəbbüslər var, bunu siyasi təşəbbüsə çevirmək mümkündür.

“Bir neçə il öncə dövlət başçısı tərəfindən “Ekologiya ili” elan edildi. Bundan başqa Leyla Əliyevanın bu istiqamətdə ciddi fəaliyyət var. Eləcə də ümumi olaraq ictimai fəaliyyət səviyyəsində bu sahə işlənilir. Yəni ictimai rəy var, sadəcə olaraq formatı dəyişmək lazımdır” - deyə Ə. Nuriyev qeyd edib.


“Yaşıllar Partiyasının ciddi fəaliyyəti gözə dəymir”


Azərbaycanda Yaşıllar Partiyasının fəaliyyət göstərməsinə gəlincə, Ə. Nuriyev bu partiyanın ciddi fəaliyyətinin gözə dəymədiyini bildirib: “Həmçinin, hansısa partiyanın olması bu sahədə digər qurumların yaranmasına maneçilik yarada bilməz. Ölkədə sağ və sol meylli kifayət qədər partiya var. Yaşıl platformanın yaradılması hər kəsin marağında olan məsələdir. O baxımdan, bu sahədə tək bir qurumun iş görməsi yetərli deyil. O partiyanın fəaliyyətini mən izləmirəm, amma mətbuatda da o qədər fəal görünmürlər”.


"Yaşıllar" zəif fəaliyyəti bir neçə səbəblə əlaqələndirir


Yaşıllar Partiyasının sədri Mayis Güləliyev isə zəif siyasi fəaliyyətin səbəbini açıqlayıb. Partiya sədri Publika.az-a bildirib ki, rəhbərlik etdiyi təşkilat 2006-cı il dekabr ayının 16-da Bakıda 196 nəfərin iştirakı ilə keçirilən qurultayda təsis olunub. Onun sözlərinə görə, qurultayın işində Avropa Yaşıllar partiyasının komitə üzvləri və Gürcüstan Yaşıllar Partiyasının nümayəndə heyəti də iştirak edib: “Qurultaydan sonra sənədlər “Siyasi partiyalar” haqqında qanuna müvafiq olaraq bir ay müddətində qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim edilib. Lakin bu günə qədər Yaşıllar Partiyasının dövlət qeydiyyatına alınması reallaşmayıb. Bu haqda dəfələrlə Ədliyyə Nazirliyinə müraciət edilib. 2008-ci ildə Azərbaycan Yaşıllar Partiyası Avropa Yaşıllar Partiyasına üzvlüyə namizəd kimi qəbul edilib və indiyə qədər Avropa Yaşıllar Partiyasının demək olar bütün tədbirlərində iştirak edir. Azərbaycan siyasi səhnəsində də Yaşıllar Partiyası var. Partiyanın Ədalət və İslam partiyaları ilə yaratdığı “Vətən” bloku seçkilərdə fəal iştirak edir. Yaşıllar Partiyası 2008-ci ildə prezident seçkilərində təkbaşına, 2010-cu ildə isə parlament seçkilərində “İnsan naminə” bloku ilə, 2013-cü il prezident seçkilərində isə “Vətən” bloku ilə seçkilərə qatıldı. Nə qədər mümkünsə, siyasi proseslərdə iştirak etməyə cəhd edirik. Lakin bir neçə səbəbdən daha aktiv olmaq imkanı yoxdur. Birincisi, partiya dövlət qeydiyyatından keçməyib. İkincisi, Azərbaycanın ictimai-siyasi və iqtisadi vəziyyəti aktiv siyasi fəaliyyətə imkan vermir. Üçüncü səbəb isə yaşıllar ideologiyasının mahiyyəti ilə bağlıdır. Bu ideologiya ilk baxışda nə qədər cəzbedici olsa da əhalinin böyük əksəriyyəti daha çox istehlakçı olmağa can atdığından, sürətlə yayıla bilməz”.


“Əliməmməd bəyə partiya yaratmaqda kömək edə bilərəm”



M. Güləliyev “Yaşıllar” adlı yeni partiyanın yaranmasını dəstəklədiyini deyib.

“Azərbaycanda nə qədər yeni “Yaşıllar” yaranarsa, bir o qədər yaxşı olar. Mən Əliməmməd bəyə və onun tərəfdarlarına müvəffəqiyyət arzulayıram. Əgər o mənə kömək ilə bağlı müraciət edərsə, hətta kömək etməyə hazıram. Mənim məqsədim hər hansı adı monopoliyaya almaq deyil və olmayacaq! Mən yaşıllar ideyasının yayılmasına çalışıram. Əgər Əliməmməd bəyin şəxsində heç olmazsa, bir nəfər “Yaşıl” yetişərsə, deməli, mənim zəhmətim hədər getməyib”, - deyə o vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm