Adil Qeybulla: “Yeni rəhbərlik “güclüyəm, haqlıyam” prinsipi ilə hərəkət edir”
Bizi izləyin

Nida.az

Adil Qeybulla: “Yeni rəhbərlik “güclüyəm, haqlıyam” prinsipi ilə hərəkət edir”

“İsa Qəmbər 20 ildən artıq bir müddətdə Müsavatda mübarizə aparmış insanlara qapını göstərə bilməz. Bu, doğru yanaşma deyil”.

Bu barədə Publika.az-a açıqlamasında Müsavat Partiyası Divanının keçmiş üzvü, professor Adil Qeybulla deyib.


Onun sözlərinə görə, yeni rəhbərlik konsensus yolunu tapmalıdır: “Biz partiyanın bütövlüyü naminə buna çalışırıq. Bütün müsavatçılar buna məcburdur. Partiyanın bütövlüyünün qorunub saxlanılması, parçalanmaması üçün hər kəs müəyyən addımlar atmalıdır. Biz bu yolda irəliləyirik. Lakin heç kim “demokratiya istəyir” deyə müsavatçılara qapını göstərə bilməz. Bu yanlış yanaşmadır. Biz 20 ildir bir yerdə yol gəldiyimizi unutmamalıyıq. Hər birimiz öz məsuliyyətimizi dərk etməliyik. Bəziləri fikirləşmədən 20 illik mübarizə yolunu heçə sayırlar”.


A. Qeybulla bundan sonra atacaqları addımları situasiyaya görə dəyərləndirəcəklərini bildirib: “Bütün qərarlarımız proseslərin gedişindən asılı olacaq. Biz Müsavatı parçalamaq yox, bütövləşdirmək, gücləndirmək məqsədi daşıyırıq. Buna görə də indiyə qədər konsensus yolunu axtarır, yeni rəhbərliyin daşı ətəyindən tökməsinə ümid edirik. Amma artıq bundan sonrakı addımlarımız proseslərdən asılı olacaq”.


Müsavatçı professor yeni rəhbərliyin “güclüyəm, haqlıyam” prinsipi ilə hərəkət etdiyini deyib. Onun sözlərinə görə, tərəflərdən heç biri güclü, yaxud zəif deyil.


“Ortada iki tərəf var və hər birinin tərəfdarları, aşağı-yuxarı, eynidir. Deməli azlıq, yaxud çoxluq məsələsi yoxdur. Yeganə çıxış yolu hər iki tərəfin bir araya gəlib sağlam başla problemləri həll etməkdir. İsa Qəmbər də buna çalışmalıdır. Çünki Müsavatın daxili problemini heç kim həll etməyəcək, heç kim də bunda maraqlı deyil. Bu proseslərdən də tərəflərin heç biri qazanc əldə etməyəcək”, - deyə o vurğulayıb.


Lakin o, yeni rəhbərliyin konsensusa getmək marağının olmadığını da qeyd edib: “Partiyanın bütün strukturlarını tutublar. Divan, Məclis və digər qurumlar öz tərəfdarları ilə doludur. Amma onların sayı qədər olan digər tərəf kənarda qalıb. Bu ədalətli deyil. Lakin yeni rəhbərlikdən ədalət gözləmək də bir qədər çətindir. Əvvəl gəlin qucaqlaşaq deyirdilər, indi də qapını göstərirlər. Görünür, onlar üçün vacib olan Müsavat yox, vəzifədir”.


A. Qeybulla mübarizəni davam etdirəcəklərini və Müsavatı yaranmış durumdan çıxaracaqlarını bildirib. Onun sözlərinə görə, hər şeyin yoluna düşməsi, ədalətin bərpası üçün bir qədər zaman lazımdır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm