Ümummilli liderin rəsmi və dövlət səfərləri ilə bağlı kitabın təqdimatı olub
Bizi izləyin

Nida.az

Ümummilli liderin rəsmi və dövlət səfərləri ilə bağlı kitabın təqdimatı olub

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi "30 tarixi səfər" kitabının təqdimat mərasimini keçirib.Publika.Az –ın verdiyi xəbərə görə, “30 tarixi səfər” kitabına ümummilli lider Heydər Əliyevin 1993-2003-cü illərdə xarici ölkələrə etdiyi rəsmi və dövlət səfərləri ilə bağlı materiallar daxil edilib.

Kitabın nəşrində “Heydər Əliyev İrsini Araşdırma Mərkəzi nəşrləri” seriyasının məsləhətçisi akademik Asəf Nadirovun, kitabın elmi redaktoru AVCİYA-nın prezidenti, Azərbaycan Respublikasının Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun, yaradıcı qrupun rəhbəri siyasət elmləri üzrə fəlsəfə doktoru Fuad Babayevin əməyi olub.

Heydər Əliyevin rəsmi səfərlərinin coğrafiyası Azərbaycan Respublikasının beynəlxalq siyasətdə Qərb və Şərq istiqamətlərində maraqlar balansının göstəricisidir. Heydər Əliyev xarici siyasətində əsas prioritet istiqamətlər Azərbaycanın dünya siyasətinin formalaşdırılmasında aparıcı rol oynayan dövlətlərlə, xüsusilə ABŞ və Qərbi Avropa dövlətləri ilə ikitərəfli münasibətlərin qurulması və inkişaf etdirilməsini, qonşularla (Rusiya, İran, Gürcüstan) münasibətlərin yaxşılaşdırılmasını, MDB dövlətləri ilə münasibətləri genişləndirməkdən ibarət idi. Ən mühüm istiqamətlərdən biri isə türkdilli dövlətlərlə əlaqələrin daha da dərinləşdirilməsini nəzərdə tuturdu.

Mövzu ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxış və müsahibələrindən iqtibaslar, Heydər Əliyevin konkret rəsmi və dövlət səfərləri, müasir mərhələdə Azərbaycan Respublikasının xarici siyasəti ilə bağlı tarixi arayışlar, məlumat-soraq materialları, foto-sənədlər də kitabda yer alıb.

Kitab alimlər, tədqiqatçılar, tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Azərbaycan və ingilis dillərində ayrı-ayrı cildlərdə nəşr edilən kitab Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti uğurlu layihəsidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm