Türkiyə səfiri: “Azərbaycan bunu edəcək”
Bizi izləyin

Nida.az

Türkiyə səfiri: “Azərbaycan bunu edəcək”

“TANAP layihəsi plana uyğun olaraq addım-addım irəliləyir. Bu istiqamətdə lazımi addımlar atılır. Türkiyədə də lazımi işlər görülür”.

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyə Cümhuriyyətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqun deyib: “Boru işləri tamamlanıb. Hazırda çatdırılma ilə bağlı müəyyən fəaliyyət göstərilir”.

Səfir Türkiyənin “Şahdəniz-2” layihəsinə də xüsusi önəm verdiyini bildirib: ”Türkiyə olaraq “Şahdəniz-2” layihəsinin gerçəkləşdirilməsi ilə paralel olaraq, TANAP layihəsinin reallaşması istiqamətində də ortaqlarımızla birgə iş aparırıq. Bu, asan məsələ deyil. Müəyyən zaman lazımdır. Amma biz bu işləri uğurla həyata keçiririk. Zamanında Bakı-Tiflis-Ceyhan layihəsi də bir xəyal idi. Ancaq bu layihə reallaşdı. Eyni şeyi TANAP layihəsi üçün də söyləyə bilərik. Tam əminəm ki, biz bu layihəni də uğurla başa çatdıracağıq”.

Bakı-Tiflis-Qars dəmiryolu xətti layihəsi barədə danışan səfir deyib ki, bu, çox böyük layihədir: “Zaman-zaman, müəyyən vaxtlarda, hər hansı səbəblə əlaqədar hər hansı gecikmələr ola bilər. Ancaq Türkiyə, Gürcüstan və Azərbaycanda dəmiryol xəttinin həyata keçirilməsi üçün güclü iradə mövcuddur. Bununla bağlı bizim gücümüz, maliyyəmiz var. Gecikmələrin olması ilə əlaqədar ortalığa bəzi fikirlər çıxıb. Ancaq tam əminliklə deyirəm ki, hər hansı gecikmələr olsa belə, bu layihələr həyata keçiriləcək. Fikrimcə, bu, daha perspektivli və gəlirli layihədir. Bu layihənin əsasında Azərbaycan dayanır. Bu layihə Azərbaycan iqtisadiyyatını daha da zənginləşdirmək və bir sıra bölgələrdə mərkəz olmaq imkanlarını yaradır. Hazırda Türkiyədə bu istiqamətdə işlər davam etdirilir. Həmin işlər yaxın vaxtlarda tamamlanacaq”.

Səfir jurnalistlərin Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşündə heç bir hüquqi sənədin imzalanmaması ilə bağlı suallarını da cavablandırıb. İsmayıl Alpər Coşqun bildirib ki, bu görüşlə bağlı o da jurnalistlərin əldə etdiyi məlumatlara malikdir: “Mən də sizin bildiklərinizi bilirəm. Həmin görüşlə bağlı mətbuata açıqlama verilib. Açıqlamaya görə iki ölkə başçısının görüşündə niyyət protokolu imzalanıb. Bunun üzərində müzakirələr aparılacaq. Hər iki dövlətin bundan böyük fayda görəcəyi nəticəsi ortaya çıxır. Ümumiyyətlə həmin işlər bu prosedurla həyata keçirilir - əvvəlcə niyyət protokolu imzalanır. Daha sonra lazımi addımlar atılır. Bunun iqtisadi faydalarının olub-olmaması məsələsi araşdırılır. Daha sonra həyata keçirilir. Mətbuatda bu məsələylə bağlı bir sıra spekulyasiyalar olur. O, TANAP-la qarşı-qarşıya qoyulur. Türkiyənin TANAP-ın yubanması ilə bağlı hər hansı addım atma ehtimalı qeyri-mümkündür. TANAP layihəsi həyata keçirildikdən sonra bunların hamısı bir-birlərini tamamlayan layihələr olacaq”.

Rusiyadan qaz endirimi ilə bağlı məsələdən danışan səfir Azərbaycandan da belə bir endirimin olub-olmaması sualı cavablandırıb: “Aramızdakı razılaşmalara uyğun olaraq qiymətlərlə bağlı məsələ hər zaman gündəmə gələ bilər. Ancaq hazırda Türkiyənin Azərbaycandan belə bir tələbinin olub-olmamasından məlumatım yoxdur. Buna da şübhə yoxdur ki, Azərbaycan Türkiyəni qazla ən uyğun qiymətlərlə təchiz edir. Bizim tələbimiz olsa da, olmasa da, Azərbaycan özü bunu edəcək. Buna heç kəsin şübhəsi olmasın”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm