Əli Həsənov: “Növbəti görüşlər üçün zəmin hazırlandı”
Bizi izləyin

Nida.az

Əli Həsənov: “Növbəti görüşlər üçün zəmin hazırlandı”

“Təxminən üç saat davam edən görüşdə vətəndaşları, cəmiyyəti düşündürən iqtisadi, siyasi, sosial və beynəlxalq münasibətlər də daxil olmaqla demək olar ki, bütün məsələlər ətrafında danışıldı”

Publika.az-ın məlumatına görə, bu sözləri Beynəlxalq Mətbuat Mərkəzində keçirilən iqtidar-müxalifət dialoqundan sonra görüşlə bağlı məlumat verən Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Əli Həsənov tədbirin yekunu olaraq bir neçə qənaəti çatdırmaq istədiyini bildirib: “Əvvəla, həm hakimiyyət nümayəndəsi kimi biz, həm də müxalifət bu görüşlərin davam etdirilməsini çox zəruri, gələcəkdə davam etdirilməsi mütləq sayılan bir həqiqət kimi qəbul etdik. Belə qərara gəldik ki, bu görüşlər gələcəkdə mütəmadi olaraq davam etdirilsin. Qərara gəldik ki, bu görüşlərin keçirilməsi vaxtı, müzakirə olunacaq məsələlər, partiyaları düşündürən xarici və daxili siyasət məsələləri daimi olaraq müzakirə olunsun və ortaq nəticələrə gəlinsin. Əlbəttə, bu görüşdə çox məsələləri müzakirə etmək mümkün deyil. Burada həm Azərbaycan hakimiyyətinin səlahiyyətlərinə aid olan, həm partiyaların fəaliyyətinə, həm medianın fəaliyyətinə, həm də bu gün ətrafında ciddi söhbət gedən bəzi həbs olunan insanlarla bağlı məsələlər müzakirə olundu. Bütün məsələlər üzrə də tam və açıq fikir mübadiləsi aparıldı. Hakimiyyəti nümayəndəsi olaraq biz hamını dinlədik, həm cənab prezidentə, həm də müvafiq strukturlara burada gəldiyimiz ortaq nəticələri çatdıracayıq. Görüş ümumilikdə kifayət qədər dinamik bir görüş oldu. Növbəti görüşlər üçün həm zəmin hazırlandı, həm də gələcəkdə müzakirə olunacaq mövzular müəyyən olundu”.

Əli Həsənov həmçinin bildirib ki, gələcəkdə iqtidar-müxalifət görüşlərində bütün siyasi partiyaların iştirakına çalışacaqlar: “Bir məsələni də diqqətə çatdırmaq istəyirəm ki, burada partiyaların əksəriyyəti təmsil olunmur. On yeddi partiya burada təmsil olunur. Onlardan səkkizi görüşlə bağlı təşəbbüskar olaraq çıxış etmişdi. Daha sonra isə görüşün təşkili ilə bağlı informasiyalar mətbuata çıxması ilə digər partiyalar görüşdə iştirak etmək istəyini bildirdilər və onlarında görüşə qatılması təmin olundu. Partiyaların yekdil qərarı ondan ibarətdir ki, gələcəkdə bütün siyasi partiyalar bu görüşlərə dəvət olunsun. Hər bir siyasi partiyanın hadisələrə özünün baxışları var”.

Vazeh Bəhramoğlu

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm