• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Sülhəddin Əkbərin tərəfdarları Müsavatdan ACP-yə keçir

  • Nida.az
  • 29 May 2012 15:14
  • 163 Baxış
Sülhəddin Əkbərin tərəfdarları Müsavatdan ACP-yə keçir

Vaxtilə Müsavat Partiyasında müəyyən postlar tutmuş, partiyanı tərk eləmiş və ya sıravi üzvlüyünü qorumuş bir sıra şəxslər Sülhəddin Əkbərin sədr seçildiyi Açıq Cəmiyyət Partiyasına (ACP) üzv olmağa hazırlaşır. Bununla bağlı məlumat Publika.Az-a etibarlı mənbələrdən daxil olub.

İnformasiyada qeyd olunur ki, vaxtilə Müsavat Partiyası daxilində Sülhəddin Əkbərin rəhbərliyi altında fəaliyyət göstərmiş qruplaşma yenidən onunla birlikdə çalışmaq qərarına gəlib.

Bu sırada Müsavat Partiyası Naxçıvan təşkilatının sədri Meydan Babayevin, Qaradağ rayon təşkilatının sabiq sədri Feyruz Mustafayevin, Yasamal rayon təşkilatının sabiq sədri Telman Nüsrətoğlunun, Nərimanov rayon təşkilatının sabiq sədri Səlahəddin Əkbərin, Müsavat Partiyasının Məclis üzvü Səxavət Əlisoyun yer alacağı gözlənilir.

Vaxtilə Müsavat Partiyası Gənclər Təşkilatının rəhbərliyində təmsil olunan onlarla gəncin Sülhəddin Əkbərin rəhbərliyi altında ACP-yə üzv olacağı da söylənilənlər arasındadır.

Müsavat Gənclər Təşkilatının sabiq sədrləri Emin Əlisoyun və Elnur Məmmədlinin, təşkilatın fəallarından Rahid Bəşirov və İmran Ağayevin də analoji addım atacağı qeyd olunur.

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı təmsil etdiyi təşkilatdan ACP-yə transferlərin ola biləcəyi ilə bağlı məlumatı Publika.Az-a şərh edərkən bildirib ki, indiki halda bir neçə nəfərin partiyanı tərk etməsi istisna olunmur:

“Sülhəddin Əkbər vaxtilə gedəndə onunla bərabər bir neçə nəfər partiyanı tərk etdi. İndiki halda da bir neçə nəfərin gedəcəyi mümkündür. Bu, kütləvi hal olmayacaq, bu, mənə dəqiq məlumdur”.

Gülağa Aslanlı qeyd edib ki, özləri müraciət edənədək onların partiyanı tərk etməsi ilə bağlı konkret fikir söyləmək çətindir: “Məsələ Sülhəddin Əkbər partiyadan gedərkən həll olunub. Bundan sonra böyük bir axın olacağı gözlənilmir”.

Bu gün Bakıda Açıq Cəmiyyət Partiyasının (ACP) Ali Məclisinin növbədənkənar sessiyası keçirilib. Sessiyaya telefonla qatılan ACP lideri Rəsul Quliyev Sülhəddin Əkbərin namizədliyini partiya sədrliyinə irəli sürüb. Sülhəddin Əkbər partiya sədri seçilib.

Azər Niftiyev,

Ömər Əmirov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR