Asim Mollazadə: “Aksiya söhbətlərinə son qoymaq olar...” - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Asim Mollazadə: “Aksiya söhbətlərinə son qoymaq olar...” - MÜSAHİBƏ

- Son günlər həm Azərbaycanda, həm də İranda bir-birini ittiham edən bəyanatlar eşidilir, aksiyalar keçirilir. Sizcə, bu gərginlik hansı həddə qədər inkişaf edəcək?

- Azərbaycan həmişə İranla normal qonşuluq siyasəti aparmağa çalışıb. Bu siyasət davam edir. Sadəcə, İran indiyə qədər gizli apardığı işləri pərdələmədən, aşkarca həyata keçirməyə başlayıb və bir sıra sahələrdə xoşagəlməz addımlar atır. Hamı bilir ki, İran Ermənistana həm hərbi, həm də iqtisadi sahədə dəstək verir. Özünü islam təəssübkeşi adlandıran ölkə yüz minlərlə müsəlmanı evindən-eşiyindən didərgin salan Ermənistandan köməyini əsirgəmir.

İranın maskasını çıxararaq Azərbaycana açıq-aşkar təzyiqlər göstərməsi onunla bağlıdır ki, İrana beynəlxalq təzyiqlər artıb, qəbul olunmuş sanksiyalar nəticə verir. Öz gələcəyi ilə bağlı narahatlıq keçirən İran aqressivləşib və öz aqressiyasını Azərbaycana qarşı müxtəlif formalarda ifadə edir.

- İranda Azərbaycan əleyhinə keçirilən aksiyalarda əsas tələblərdən biri “Evrovision” musiqi yarışmasının ləğvi ilə bağlıdır. Müsabiqənin Azərbaycanda keçirilməsi İranı niyə qıcıqlandırır?

- Azərbaycanın Avroatlantik məkana inteqrasiyası, Avropa ideyalarından bəhrələnməsi İranı narahat edir. Eyni zamanda Azərbaycana olan təzyiqlər və dünyaya olan münasibəti İran rejiminin mahiyyəti ilə bağlıdır.

- Təbii ki, vəziyyət üzün müddət bu şəkildə davam edə bilməz. Gərginlik necə aradan qaldırılmalıdır?

- Azərbaycan səbirli siyasətində inad eləməlidir. Azərbaycan dəfələrlə bəyan edib ki, İranla normal qonşuluq siyasətini davam etdirməyə hazırdır. Bildirilib ki, ideya baxımından fərqli sistemlərə malik olmasına baxmayaraq normal münasibətlər qurmaq istəyirik. Azərbaycan ərazisindən heç vaxt İrana təhlükə olmayacaq. İran da bunu anlamalı və siyasətində köklü dəyişikliklər etməlidir.

- İranın təhdidlərindən qorunmaq üçün Azərbaycan kimlərə arxalanmalıdır?

- Azərbaycanın İrandan gələn hədə və təhdidləri puç etməyə kifayət qədər dostu və müttəfiqi var. İlk növbədə Türkiyənin adını çəkmək olar.

- Bir neçə gündür ki, İctimai Palata aclıq aksiyasına başlayıb. Etiraz forması olaraq bu aksiyalara münasibətiniz necədir?

- Aclıq aksiyası etiraz forması olaraq çox ağırdır, buna təəssüflənirəm. Eyni zamanda düşünürəm ki, onları da dinləmək lazımdır. Onların da tələblərinə qulaq asmağa ehtiyac var.

- İctimai Palata “Eurovision” musiqi yarışı günlərində aksiyalar keçirməkdə iddialıdır. Hakimiyyət isə bu fikirdədir ki, aksiyalar beynəlxalq tədbir zamanı təxirə salınmalıdır. Sizin münasibətiniz necədir, aksiyaları təxirə salmaq olarmı?

- Hesab edirəm musiqi yarışının siyasiləşməsi yolverilməzdir və bu təəssüf doğurur.

- Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia deyib ki, Azərbaycanda insanların özlərini ifadə etməyə qorxmadığı bir mühitin olmasını istərdi. Sizcə, belə bir mühit yoxdurmu?

- Azadlığı elə formada təmin etmək lazımdır ki, mövcudluğu kimsədə şübhə doğurmasın.

-Azərbaycanla Avropa Birliyinin münasibətləri barədə nə deyə bilərsiniz?

- Avropa Birliyi ilə əməkdaşlıq davam etdirilməlidir. Bu əməkdaşlıq çoxşaxəli xarakter daşıyır. Avropa Birliyinin yaratdığı Şərq Tərəfdaşlığı Proqramının nəzdində “Avronest” Parlament Assambleyası var. Bundan əlavə, Azərbaycanda əməkdaşlığı genişləndirmək üçün müvafiq komissiya yaradılıb. Həm parlamentlər, həm də hökumət müstəvisində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial görürəm.

-Müxalifət aksiyalar üçün yeni yerlərin müəyyənləşdirilməsini tələb edir...

- Elə yerlər ayrılmalıdır ki, istənilən siyasi və ictimai təşkilat tədbir keçirmək imkanına sahib olsun. Həmin ünvanlarda aksiya üçün lazımı şərait yaradılmalıdır. Bununla da bütün söz-söhbətlərə son qoymaq olar. Məsələn, Londonun mərkəzində, Hayd- Parkda nəinki hər hansı təşkilat, hətta ayrıca şəxs də ifadə azadlığını təmin edə, sözünü deyə bilər. Azərbaycan da Avropa ənənələrinə uyğun hərəkət eləməlidir.

- “20-ci sahə”, sizin fikrinizcə, kütləvi aksiya üçün münasib yerdirmi?

- Aksiyalar orada da normal keçirildi. Düşünürəm ki, “20-ci sahə”də aksiyalar keçirmək olar.

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyəti necə dəyərləndirirsiniz? Ekspertlər hesab edir ki, Vladimir Putinin Rusiyada yenidən prezident seçilməsi ilə proses fərqli mərhələyə qədəm qoya bilər.

- Putin Ermənistana təsir imkanlarından istifadə edərək münaqişənin həlli üçün addımlar ata bilər, biz ondan bunu gözləyirik. Rusiya özü də maraqlı olmalıdır ki, Cənubi Qafqazda sülh və sabitlik olsun.

- Yaxın vaxtda ABŞ-da səfərdə olmusuz. Orada Azərbaycana, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə baxış dəyişibmi, ABŞ Konqresi Alt Komitəsinin Dağlıq Qarabağa yardımın artırılması təklifi barədə nə deyərdiz?

- Amerika ictimaiyyətinin münaqişə ilə bağlı məlumatı çox azdır. Hesab edirəm ki, həm Azərbaycan, həm də Türkiyə diasporu bu istiqamətdə xeyli işləməlidir.

Uzun müddət təşkilatlanan erməni diasporu ABŞ-da seçki prosesinə təsir etmək imkanına malikdir. Dağlıq Qarabağa edilən yardımlar da güclü erməni lobbisinin təsiri ilə baş tutur. Digər tərəfdən, Konqresin Alt Komitəsinin yardımın 2,5 dəfə artırılması ilə bağlı təklifi çətin ki, qəbul olunsun.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm