Səfir: “Azərbaycan Türkiyənin qardaşı və güclü tərəfdaşıdır”
Bizi izləyin

Nida.az

Səfir: “Azərbaycan Türkiyənin qardaşı və güclü tərəfdaşıdır”

Bakıda Türkiyənin Anadolu Dövlət Universitetinə qəbul olan azərbaycanlı tələbələrlə görüş keçirilib.

Publika.az-ın məlumatına görə, görüşdə Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, Anadolu Dövlət Universitetinin rektoru, professor Naci Gündoğan, Anadolu Dövlət Universitetinin Azərbaycan üzrə koordinatoru Azər Hətəmov, Azərbaycan-Türkiyə İşadamları Birliyinin (ATİB) sədri Camal Yanğın, səfirlik müşavirləri, ayrı-ayrı tanınmış türk şirkətlərinin rəhbərləri və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Anadolu Dövlət Universitetinin Azərbaycan üzrə koordinatoru Azər Hətəmov söyləyib ki, 5 ildir fəaliyyət göstərən Anadolu Universiteti Açıköyrətim Sisteminin Azərbaycan Proqramında hazırda 500 min şagird təhsil alır.

Tədbirdə çıxış edən Anadolu Dövlət Universitetinin "Azərbaycan Proqramları" koordinatoru Azər Hətəmov bildirib ki, Anadolu Universitetinin artıq 5 ildir ki, Azərbaycanda da distant formada təhsil alan minlərlə tələbəsi var.

Rektor Naci Gündoğan tələbə adını qazanmış gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

O qeyd edib ki, Anadolu Universiteti təkcə Türkiyədə deyil, həm də dünyada nüfuzlu ali təhsil müəssisələrindən biri hesab olunur: “Universitetimizdə dünyanın hər yerindən tələbələr təhsil alırlar. Ancaq onların arasında Azərbaycandan olan tələbələri görmək bizi daha artıq sevindirir. Biz Türkiyənin ayrı-ayrı dövlət orqanları ilə bir yerdə sizlərin xidmətinizdəyik. Sizdən tək tələbimiz var, o da mükəmməl biliklərə yiyələnməyinizdir. Bizə aid nə sualınız olarsa, hər zaman qapımız sizin üzünüzə açıqdır. Əsas hədəfimiz budur. Harada bir türk varsa, biz oradayıq. Artıq beş ildir ki, biz Azərbaycandayıq. Bundan sonra da buradakı fəaliyyətimizi inkişaf etdirərək davam etdirəcəyik”.

Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun deyib ki, hər zaman Anadolu Universitetinin adının olduğu yerdə Türkiyə dövlətinin adı var: “Anadolu Universitetinin Azərbaycan üzrə proqramına yalnız universitet deyil, həm də Türkiyə dövləti sahibdir. Tələbələrə də arzu və tövsiyyəm odur ki, Azərbaycanın gələcəyi üçün yaxşı yetişsinlər, təhsillərini daha da artırsınlar”.

Səfir onu da qeyd edib ki, Azərbaycan Türkiyənin qardaşı və güclü tərəfdaşıdır: “Prezident İlham Əliyevin neft sərmayəsini insan sərmayəsinə çevirmək kimi bir hədəfi var. Bunun da mübtədası sizlərsiniz. Biz də Türkiyə olaraq lazımı infrastruktur quraraq bu hədəfə dəstək veririk”.

ATİB sədri Camal Yanğın isə rəhbəri olduğu təşkilatın könüllü olaraq bu layihənin koordinatorluğunu üzərinə götürdüyünü və məqsədlərinin Azərbaycan üçün yaxşı təhsilli insan yetişdirmək olduğunu söyləyib.

Daha sonra tələbələrə tələbə biletləri təqdim olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm