Azərbaycan Avrasiya İttifaqına qoşulmağa favorit ölkədir? - İDDİA
Bizi izləyin

Nida.az

Azərbaycan Avrasiya İttifaqına qoşulmağa favorit ölkədir? - İDDİA

Dünən Milli Məclis Azərbaycan və Rusiya hökumətləri arasında “İnvestisiyaların qarşılıqlı müdafiəsi və dəstəyi haqqında” Sazişi təsdiq etdi.

Məlumatlara görə, ötən il Azərbaycan Rusiyaya 250 milyon, qarşı tərəf isə Azərbaycana 200 milyon investisiya yatırıb. Son illər Rusiyanın Azərbaycana kapital qoyuluşu 1,8 milyard dollar həcmində qiymətləndirilir. Son 10 ildə Azərbaycanın Rusiya iqtisadiyyatına yatırdığı investisiya isə 1 milyard dollar dəyərindədir.


İki ölkə arasındakı tarixi münasibətlərlə yanaşı, son dövrlər Qərb-Rusiya qarşıdurması fonunda qarşılıqlı yaxınlaşma diqqət çəkir. Rəsmi Bakı öz böyük qonşusu ilə milli maraqları çərçivəsində münasibətlər qurur, Moskva da Azərbaycanın bölgədəki dəyərinə qiymət verir.

Publika.az xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB və Avrasiyaya inteqrasiyası məsələləri üzrə komitəsinin rəhbəri Leonid Slutskiy iki ölkə arasındakı münasibətləri partnyorluq kontekstində qiymətləndirir: “Azərbaycanla bizim həmişə iqtisadi partnyorluğumuz var idi, bundan sonra da olacaq. Həm parlamentlərarası münasibətlərdə, həm də digər sahələr üzrə qarşılıqlı əməkdaşlıq genişlənir. Bakı Moskva üçün xüsusi məna kəsb edir. Buna görə də biz Bakıyla sıx bağlıyıq”.


Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkən komitə sədri bunun təkcə Azərbaycan üçün yox, dünya ictimaiyyəti üçün də xüsusi problem olduğunu dilə gətirib: “Bu gün Azərbaycan və Ermənistan, eləcə də bütün dünya üçün Qarabağ probleminin nizama salınması vacibdir. Münaqişənin həlli istiqamətində Minsk qrupunun həmsədrləri, XİN başçıları işləyir. Lakin daim qaynayan münaqişə artıq adi vətəndaşlara və bu vətəndaşların seçdiyi parlamentlərə də toxunur. Bu olduqca incə və həssas materiyadır”.


Regional problemlər üzrə institutun direktoru Dmitri Juravlyov Azərbaycanın beynəlxalq münasibətlərdə müstəqil hərəkət etməsi faktoruna diqqət çəkib. Onun sözlərinə görə, başqa ölkələrlə münasibətdə Bakı bir neçə amilə diqqət yetirir: “Birincisi, enerji faktoruna əsaslanan iqtisadi inkişaf, ikincisi post-sovet ölkələrində yaxşı əlaqələrə malik olmasıdır. Heydər Əliyev təkcə Azərbaycanın rəhbəri olmayıb. O, SSRİ-nin rəhbərlərindən biri idi. Onun sovetlər vaxtı, ondan sonrakı dövrlərdə də rolu böyük idi. Azərbaycan bundan həmişə istifadə etmək imkanına malikdir. Digər tərəfdən, Azərbaycan-Ermənistan münaqişəsi fonunda Bakı İrəvana dəstək verən Moskva ilə münasibətlərini pozmadı. Bu da diqqətçəkən amildir”.


Onun sözlərinə görə, Azərbaycan Avrasiya İttifaqına qoşulmağa favorit ölkələrdəndir: “Lakin qərarı Bakı özü verəcək. Ola bilsin ki, bu, yaxın müddətdə baş verməyəcək. Ola bilsin çox gec baş verəcək, yaxud ümumiyyətlə olmayacaq. Amma Azərbaycan iqtisadi əməkdaşlığa xüsusi önəm verir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm